Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Şahtaxtinskilər Muzeyində Behbud ağa Şahtaxtinskinin anım günü qeyd olunub. Kəngərli Rayon Mədəniyyət Şöbəsinin müdiri Məhərrəm Əliyev Azərbaycanda elmin, mədəniyyətin, təhsilin, səhiyyənin, dövlət quruculuğunun və hərb sənətinin inkişafında Şahtaxtinskilərin xidmətlərindən danışıb.
Behbud ağa Şahtaxtinskinin Azərbaycanın dövlətçilik, diplomatiya və ictimai həyatında göstərdiyi xidmətlərdən söz açılarkən bildirilib ki, Behbud ağa Şahtaxtinskinin taleyüklü xidmətlərindən biri də Azərbaycanın ilk milli diplomatı kimi beynəlxalq Moskva və Qars müqavilələrində Naxçıvanın statusu ilə bağlı məsələlərin həllində yaxından iştirakıdır. Məhz onun peşəkar diplomatik fəaliyyəti və siyasi mübarizəsi nəticəsində bu müqavilələrlə muxtariyyət statusu əldə edərək sərhədləri müəyyənləşdirilən Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb və təsbit edilib.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış olub.