Polşa mediası Azərbaycanın turizm potensialından yazıb

A- A A+

Polşanın “Podróże Wprost” portalında Azərbaycanın turizm potensialından bəhs edən “Dağlar, saraylar və ay mənzərələrini xatırladan ərazilər. Polşadan uçuş 4 saat çəkir” sərlövhəli məqalə dərc edilib.

NUHÇIXAN  xəbər verir ki, məqalədə Azərbaycan polyak turistlər üçün yaxın, əlçatan və hələ tam kəşf edilməmiş turizm istiqaməti kimi təqdim edilir. Vurğulanır ki, Varşavadan Azərbaycana birbaşa uçuş təxminən 4 saat çəkir və ölkə Avropa ilə Asiyanın kəsişməsində yerləşən unikal mədəni-təbii məkan kimi xarakterizə olunur.

Müəllif Azərbaycanın turizm potensialını bir neçə əsas istiqamət üzrə təqdim edir: Bakı ölkəyə giriş qapısı kimi göstərilir. Şəhərin qədim İçərişəhəri, UNESCO siyahısına daxil edilmiş tarixi abidələri və müasir memarlığı xüsusi vurğulanır. Şəki Azərbaycanın tarixi-mədəni mərkəzlərindən biri kimi təqdim olunur. Şəki Xan Sarayı və şəbəkə sənəti ön plana çıxarılır. Qobustan qoruğundakı qayaüstü rəsmlər, palçıq vulkanları və qədim irs turistlər üçün cəlbedici məkan kimi qeyd edilir. Xınalıq Böyük Qafqaz dağlarında yerləşən qədim yaşayış məntəqəsi və UNESCO irsi və etno-turizm nümunəsi kimi təqdim olunur. Qarabağ bölgəsi, xüsusilə Şuşa və Ağdam Azərbaycanın tarixi və mədəni irsinin mühüm hissəsi kimi xarakterizə edilir.

Məqalənin maraqlı cəhətlərindən biri Qarabağla bağlı hissədir. Qarabağ "Azərbaycan mədəniyyətinin tarixi ürəyi" kimi təqdim edilir, Şuşa Azərbaycan musiqisinin və ədəbiyyatının mərkəzi adlandırılır, Üzeyir Hacıbəyli və Xurşidbanu Natəvan kimi Azərbaycan mədəniyyətinin simaları qeyd olunur.

Azərbaycan Avropa və Asiya arasında körpü, qədim və müasir mədəniyyətlərin qovuşduğu məkan, UNESCO irsi ilə zəngin ölkə, dağ, tarix və şəhər turizmini birləşdirən istiqamət kimi təqdim edilir. Bu, Polşa mediasında son illərdə müşahidə olunan tendensiyaya uyğundur: Azərbaycan təkcə enerji və geosiyasət prizmasından deyil, həm də turizm istiqaməti kimi tanıdılır.

Məqalənin sonunda Azərbaycanın elektron viza (e-visa) sisteminin və Polşa ilə zaman fərqinin az olmasının turizm üçün əlavə üstünlüklər yaratdığı vurğulanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: