Avstriyada növbəti çiçək festivalı - FOTOLAR
İyunun 2-də Avstriyada Avropanın ən böyük nərgizgülü festivalı keçirilib. Avropanın ən böyük çiçək festivallarından olan bu festival Alp dağlarının qoynunda yerləşən füsunkar Zaltskammerqut regionunda 60-cı dəfə təşkil olunub.
NUHÇIXAN xəbər verir ki, festivala 25 mindən artıq tamaşaçının qatıldığı yubiley festivalını Bad Aussee və Qrundlsee qəsəbələri birgə təşkil edib.
1960-cı ildən bəri Bad Aussee kurort regionunda təşkil edilən nərgizgülü festivalında hər il minlərlə könüllü və peşəkar floristlər çiçəklərdən dekorasiya və fiqurlar bəzəyirlər. Qəsəbənin küçələri ilə fiqurların paradından sonra bu fiqurlar sallar üzərində Aussee gölünə buraxılır.
Builki yubiley festivalın təşkilində musiqi kapellaları, parad təşkilatçıları, floristlər və könüllü köməkçilərlə birlikdə üç min şəxs iştirak edib. Avstriyanın müxtəlif regionları və qonşu ölkələrdən turistlərin hər il həvəslə baş çəkdiyi festivalda jüri 200 min nərgizgülündən hazırlanmış “Tom və Cerri” kompozisiyasını qalib elan edib.