Milli İncəsənət Muzeyində “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılıb - FOTOLAR
Mayın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılıb.
NUHÇIXAN xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Vaqif Əliyev Prezident İlham Əliyevin Sərəncamı ilə bu il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, müsəlman Şərqində ilk parlamentli respublika olan cümhuriyyət 23 ay yaşasa da, mədəniyyət sahəsində mühüm addımlar atıb. Cümhuriyyətdən sonrakı dövrdə də Azərbaycan xalqının mədəni dəyərləri daha da zənginləşib, o cümlədən təsviri incəsənəti sürətlə inkişaf edib. Əzim Əzimzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Xalidə Səfərova, Cavad Mircavadov, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tahir Salahov, Ömər Eldarov və başqa rəssamların yaradıcılığı məhz bu yüzillikdə formalaşaraq ölkəmizi dünyaya tanıdıb. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik, azadlıq ideyalarının, demokratik dəyərlərin, azərbaycançılıq məfkurəsinin təbliği hər zaman rəssamların yaradıcılığında özünəməxsus yer tutub.
Tədbirdə Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədov cümhuriyyət tarixi və sərginin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Qeyd edilib ki, sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından, rəssamların şəxsi kolleksiyalarından seçilmiş incəsənət əsərləri, Bakı İncəsənət Mərkəzinin təqdimatında əsas etibarilə cümhuriyyət tarixini əks etdirən arxiv foto və sənədləri, o cümlədən tanınmış hüquqşünas Rəşid Rzayevin şəxsi kolleksiyasından 1919-1920-ci illərə aid əsginaslar və poçt markaları nümayiş olunur. Burada İstiqlal Bəyannaməsini qəbul etmiş Milli Şura üzvlərinin portretləri, cümhuriyyət hökumətinin üzvləri haqqında məlumat, Azərbaycanı rus-imperialist və daşnak işğalçılarından azad etmiş Qafqaz İslam Ordusunun, Azərbaycan Ordusunun və sərkərdələrinin fotoşəkilləri verilib. Eksponatlar arasında cümhuriyyətin xəritələri xüsusi yer tutur. Onların sırasında Paris Sülh Konfransına təqdim edilmiş, habelə cümhuriyyətin sərhədlərini əks etdirən siyasi xəritələr də var. Ekspozisiyada, həmçinin 1920-ci il aprelin 28-də cümhuriyyəti süquta yetirmiş rus bolşevik hökumətinin 11-ci Qırmızı Ordusunun Bakıda çəkilmiş fotoları da yer alıb.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.