Bu gün ilk monumentalçı qadın heykəltəraşımız Münəvvər Rzayevanın doğum günüdür - FOTOLAR
Bu gün Azərbaycanın görkəmli heykəltəraşı və ilk monumentalçı qadın heykəltəraş, Əməkdar rəssam Münəvvər Rzayevanın anadan olmasından 90 il ötür.
NUHÇIXAN xəbər verir ki, Münəvvər Rzayeva 1929-cu il iyunun 6-da Şuşada anadan olub. Şuşada tanınmış xalça ustası Məcid kişinin ailəsində böyüyüb. 1950-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini,1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsini bitirib.
Münəvvər Rzayeva yüzədək müxtəlif səpkili sənət əsəri yaradıb, müxtəlif sərgilərin iştirakçısı olub. 1953-cü ildə Rəssamlıq İttifaqının üzvü seçilib. Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü, AMEA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərib.
Onun əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, AMEA Nizami adına Ədəbiyyat Muzeyində, Ordubadi muzeyində, Siyəzən mədəniyyət evində, Bədii Fondda saxlanılır.
Özünəməxsus dəst-xəttə malik heykəltəraş olan M.Rzayeva əsasən psixoloji portret ustası idi. Yaratdığı obrazların daxili aləmini, psixoloji durumunu, dünyaduyumunu əks etdirmək üçün heykəlin gözlərini xüsusi incəlik və dolğunluqla işləyirdi. Bu, onun yaradıcılıq üslubunun əsas cəhəti idi. İstedadı, zəngin təxəyyülü, yüksək professionallığı və texniki ustalığı sayəsində qranit, mərmər, bürünc, ağac və s. materiallardan istifadə edərək yaratdığı heykəllərdə bədii ideyanın orijinallığı diqqəti cəlb edir. Əsasən sənət adamlarının (şair və yazıçıların) heykəlləri, o cümlədən dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəlləri, büstləri, barelyef və başqa bu kimi əsərlərinin hər biri nadir sənət nümunələri kimi qiymətləndirilib. Yaradıcılığında ədiblərə xüsusi məhəbbətlə yanaşıb. Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Nazim Hikmətin büstləri onun yaradıcı ömründə ayrıca yer tutur.
Onun sonuncu işlərindən biri Qusar rayonunda yerləşən dağın 3 min 763 metr hündürlüyündəki “Heydər zirvəsi”nə bərkidilən Heydər Əliyevin tunc barelyefidir.
Münəvvər Rzayeva 2004-cü il iyunun 6-da - doğum günündə dünyasını dəyişib. Onu qiyabi olaraq çoxları tanıyırdı. Bəziləri özünü görməsələr də, Münəvvər xanımı onun yaradıcı əllərindən doğmuş, ədəbiləşmiş heykəllərində görürlər. Neçə vaxtdan bəri Bakı, Gəncə, Zaqatala, Quba və digər şəhərlərin küçə və meydanlarını bəzəyən dəyərli şəxsiyyətlərin heykəl və büstlərini öz incə duyumu ilə yaratmışdı.