Rumıniyanın AGERPRES milli xəbər agentliyi İmadəddin Nəsimi barədə məqalə yayıb - FOTOLAR
Rumıniyanın AGERPRES milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun böyük Azərbaycan şairi İmadəddin Nəsimi barədə “Orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində İmadəddin Nəsiminin mənəvi irsi” sərlövhəli məqaləsini yayıb.
NUHÇIXAN xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin dahi şairin 650 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından və dövlət başçısı tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsindən söhbət açılıb, Nəsiminin həyatı, fəaliyyəti, əsərləri barədə geniş məlumat verilib. Həmçinin onun mənəvi və fəlsəfi ideyalarının bəşəriyyəti ümumi dəyərlər ətrafında birləşməyə, ədalətsizliyə qarşı mübarizəyə səslədiyi xüsusi vurğulanıb.
Yazıda bildirilib ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik yubileyi ilk dəfə hələ sovetlər birliyi dövründə 1973-cü ildə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin təşəbbüsü ilə keçirilib. Bu yubiley tədbirləri nəinki Bakıda və bütün Azərbaycanda, hətta Moskvada və Parisdə, UNESCO-nun qərargahında da təşkil olunub. Ümummilli Liderin təşəbbüsü nəticəsində Nəsimi ilə bağlı ciddi tədqiqatlar aparılıb, qüdrətli şairin yaradıcılığının hərtərəfli öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açıb.
Qeyd edilib ki, 2018-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə ilk dəfə Beynəlxalq Nəsimi Festivalı təşkil olunub, dünyanın 10-dan çox ölkəsindən gələn Nəsimişünas alimlərin iştirakı ilə elmi konfranslar, simpoziumlar, kitab təqdimatları və sərgiləri keçirilib. Məqalədə vurğulanıb ki, həmin ilin noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Nəsiminin 650 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalayıb və 2019-cu il yanvarın 15-də dövlət başçısının digər müvafiq Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib.