AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, Bölmədə “Əlyazmalar milli-mənəvi xəzinəmizin dəyərli nümunəsidir” mövzusunda elmi konfrans keçirilib.
Konfransda Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov əlyazmaların milli mədəniyyətimizdəki rolundan, yazılı abidələrimiz, onların tədqiqi, nəşri və təbliği istiqamətində son illər ölkəmizdə həyata keçirilən mühüm işlərdən söz açıb.
Fərman Xəlilov bildirib ki, fondda Naxçıvan tarixi və mədəniyyəti ilə bağlı bir sıra nadir sənət nümunələri, əski çap kitabları və məktublar, ədəbiyyat, tarix, riyaziyyat, astronomiya, məntiq, fəlsəfə, tibb və digər sahələrə aid materiallar toplanıb. Azərbaycan, türk, rus, fars və ərəb dillərində mühafizə edilən əlyazmalar və qədim çap kitabları tariximiz, mədəniyyət, elm və ədəbiyyat tariximizin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Fondun şöbə müdiri Fəxrəddin Eylazov “Əlyazmalar Fonduna daxil olan qədim əlyazma və çap kitabları” mövzusunda məruzə edib. Bildirib ki, Azərbaycanın tarix və mədəniyyətinin müxtəlif problemlərini özündə əks etdirən və orta əsrlərdə meydana gələn bu əlyazmalar zaman keçdikcə nadir mənbələrə çevrilib.
Fəxrəddin Eylazov 2019-cu ilin birinci yarım ilində Əlyazmalar Fonduna müxtəlif idarə və təşkilatlar tərəfindən, xüsusilə Naxçıvan Muxtar Respublika Mədəniyyət Nazirliyi tərəfindən hədiyyə verilən, həmçinin fərdi ekspedisiyalar zamanı əldə edilən bir çox əlyazma və qədim çap kitabları haqqında məlumat verib. O, tədqiqatlar zamanı Şərur, Şahbuz, Ordubad, Culfa, Sədərək, Kəngərli rayonlarının ərazilərindən toplanılan əlyazmaların yazıldığı və çap olunduğu yerlər, onların ərsəyə gəlməsində xidməti olan müxtəlif sənətkarlar, mətbəə və karxanalar haqqında xeyli məlumat əldə edildiyini və müəllifi, katibi və çapına himayədarlıq edənlər içərsində bir çox naxçıvanlı şəxslər olduğunu bildirib. Diqqətə çatdırılıb ki, onlardan Əliqulu Mirzayi Naxçıvani, Məhəmmədqasım Ordubadi, Hacı Molla Məhəmməd Naxçıvani, Əsgər Ordubadi, Məhəmməd Əklisi və digərinin adı məlumdur.