İmadəddin Nəsimi yaradıcılığında xalq deyimləri

A- A A+

Öz xalqına qəlbən bağlı olan bir sənətkarın həqiqi istedadının və dərin təfəkkürünün bəhrəsi olan, onun geniş qəlbinin hərarəti ilə isinən poetik söz xalqın  yaddaşında əbədi yaşayır. Əsrləri yara-yara zəmanəmizə qədər gəlib çıxan şair, filosof və mütəfəkkir İmadəddin Nəsimi 650 illiyində bahadır qaməti ilə, ölməz poetik dühasının zəfər şüaları ilə göz önündə canlanır. Rus şərqşünası Lev Ozerov Nəsimini əbəs yerə “Kainatda günəş” adlandırmırdı. Ozerov 50 il bundan əvvəl yazırdı: “Nəsimi poeziyası 600 ilin qaranlığını işıq şüası kimi yırtaraq bizə gəlib çatmışdır. Ən qiymətli cəhət də budur ki, o, indi də əvvəlki kimi parlayır! Mən Nəsimini dünya lirikasının Koperniki adlandırmaq istəyirəm. Nəsimidən yüz il kiçik olan Kopernik təsdiq edirdi ki, kainatın mərkəzi Yer deyil, Günəşdir. Böyük astronomun Günəş haqqında dediklərini Nəsimi ondan yüz il əvvəl insan haqqında demişdir. Günəş kimi insan da kainatın mərkəzində durur. Nəsiminin poetik sisteminin əsas müddəası məhz budur”.

Amerikalı publisist Cozef Nort isə Nəsimi irsinə belə dəyər verirdi: Dahi Nəsimi şahlar, sultanlar, xaqanlar dövründə, cəhalət zülmətində, ictimai ədalətsizlik hökm sürən bir zamanda Prometey kimi canını, qəlbini məşələ döndərib qaranlıqlara ildırım tək şəfəq saçmışdır. Buna görə də onun müdrik və hikmətli sözləri dünya durduqca zülmətləri parçalayıb nəsillərdən-nəsillərə keçə-keçə örnək olacaqdır. Nəsiminin dərin mənalı, diqqətəşayan sözlərini oxuduqda heyrətlənməmək, qürur, fərəh duymamaq olmur”. Nəsimi yaradıcılığına verilən bu kimi dəyərli fikirlərdən onlarla nümunə gətirmək olar.

Qədim zamanlardan başlamış zəmanəmizə qədər bədii yaradıcılıqla məşğul olan sənətkarlar həyat çeşməsi kimi həmişə qaynayan xalq yaradıcılığına vaxtaşırı müraciət etmişlər. Bu çeşmə onların əsərlərinə saflıq, büllurluq və səmimiyyət bəxş etmişdir. Xalq arasında deyirlər ki, cavan qartallar uçmağı həmişə qoca qartalların qanadları üzərində öyrənirlər. Bu mənada,  xalq deyimləri, xalq dilinin gözəl ənənələri hələ gəncliyindən İmadəddin Nəsiminin qanına hopmuş, təfəkkürünə və hissiyyatına hakim kəsilmişdir. Nəsimi xalqın nağıl və əfsanələri, zərb-məsəlləri ilə yanaşı, musiqisini də sevmişdir. Nəsiminin yaradıcılığındakı səmimi məhəbbət, dərin ehtiram da məhz bundan yaranmış, pöhrələnmişdir. Şairin misralarını, beytlərini nəzərdən keçirdikdə burada müdrik sözlərin sıx-sıx işlənməsinə, xalq danışığında istifadə edilən hikmətli ifadələrə, maraqlı məcaz və metaforalara rast gəlirik. Nəsimi şeirlərində atalar sözü və məsəllərdən daha çox istifadə edir:

            Çün hər nə kim əkərsən, anı biçərsən axır,

            Dünyada əkmə anı kim, adı oldu üsyan.

Şairin bir  şeirindən nümunə gətirilmiş bu ibrətamiz beyt xalq təfəkkürünün məhsulu olan “Nə tökərsən aşına, o da çıxar qaşığına”, “Hər nə əkərsən, onu da biçərsən” kəlamları ilə eyni olsa da, forma və yeni məna ifadə etməsi baxımından diqqəti cəlb edir.

Hikmətli sözlər sənətkarı az sözlə məzmunlu və əhatə obyekti geniş olan fikirlər aşılamağa istiqamətləndirir. Nəsimi də şeirlərində məhz bu qayəni əsas götürmüşdür.

Özünü dərk edən insanlar bir insanı mühakimə etmədən əvvəl həmişə öz doğru, düzgün və yanlış addımlarını gözdən keçirir. Ancaq öz sözünə, hərəkətinə, əməlinə məhəl qoymayan, məsuliyyət daşımayan, özünün kənardan necə göründüyünü görməyən insanlar başqasında qüsurlar axtarır. Atalarımız  özünə hörmət qoymayan bu cür adamlar haqqında belə demişdir: “Öz gözündə tiri görmür, özgə gözündə tük axtarır” və yaxud “Özünə umac avammır, başqasına əriştə kəsir”. Nəsimi belə insanları məzəmmət edərək onları düzgün yola səsləyir:

            Öz gözündə tiri qoyub, özgə gözdə tükü görmə,

            Uzaq görər öz eybini görən, tükü tükdən seçər.

İnsan Nəsimi yaradıcılığının mərkəzində durur. O, dinindən, irqindən asılı olmayaraq hamıya eyni gözlə baxır, eyni mövqedən yanaşır və insanları dostluğa, xeyirxahlığa səsləyir. O, hər kəsi mala, mülkə aludə olmamağa, həyatın və yaşamağın mənasını dərk etməyə çağırır. Nəsimi deyir ki, insanın şərəfi mal-dövlətlə ölçülmür. İnsanın məqsədi  yalnız yemək, geymək, varlanmaq, sərvət toplamaqdan ibarət olarsa, öz şəxsi mənafeyindən kənarda heç bir şey görməzsə, başqalarının taleyi onu düşündürməzsə, belə adamı başqa bioloji varlıqlardan fərqləndirmək olmaz. Yalnız öz şəxsi mənafeyini düşünən, ətrafdakıların, xüsusilə zəhmətkeş xalqın taleyinə, dolanışığına laqeyd münasibət bəsləyən dargözləri, mal-dövlət, sərvət toplamağa can atanları nəzərdə tutan Nəsimi deyirdi:

            Dünyada mülkə, mala sən aldanma, ey məlik!

            Kim, dünyanın mətahi bəğayət həqirdir.

Nəsimi bir neçə başqa qəzəlində də göstərir ki, var-dövlət insana xoşbəxtlik verə bilməz. Kim səadətini var-dövlətdə arayırsa, şübhəsiz, yanılır. Nəsimiyə görə dünya malının daimi sahibi yoxdur. İnsan da dünyanı tutmaq üçün, dünyaya sahib olmaq üçün doğulmamışdır. Nikbin şair var-dövlətə, dünya malına güvənənləri tənqid edir, aza qane olanları mərd insan adlandırır:

            Qafil olan öz ömrünü var yığmağa sərf eyləyər,

            Öləndəsə Əzrailin hüzurunda boyun bükər.

Nəsimiyə görə hər bir şəxs öz səadət və xoşbəxtliyini xalqın səadət və xoşbəxtliyi naminə aparılan faydalı işlərdə görməlidir. Xalqa, vətənə xidmət etməyi yüksək əxlaqi keyfiyyət sanan şair zəhmətkeş insanların mənafeyindən oğurlayıb öz xüsusi varidatını artırmağa çalışanları pisləyirdi. Bu baxımdan, Nəsiminin həcmcə kiçik, məzmunca dolğun “Bəhrül-əsrar” (“Sirlər ümmanı”) əsəri diqqəti cəlb edir. Əsasən, cəmiyyət və insan həyatının müxtəlif təzahürləri barədə fikir söyləyən, hökmdarları, sultanları, zahidləri tənqid edən şair şöhrətpərəstlik, tamahkarlıq kimi eybəcər sifətləri sözlə qılınclayırdı.

            Simuzər yığmaq üçün cəhd eyləmə gündən-günə,

            Hər xəzinə torpaq ilə örtülür axır yenə.

            Sərvət ilə yüklənərsə gəştisi dövrün əgər,

            O, dərin dəryalar içrə qərq olub batmaz məgər?!

– deyən şair insanın özünü dərk etməsini əsas və vacib bir məsələ hesab edir.

Nəsimi yazır ki, insan üçün mərifətdən başqa bəzək yoxdur.  Ona görə də aqil insan zər üçün öz ömrünü boş yerə sərf etməz:

            Bu qızıl sevdasına qəlbində vermə heç məkan,

            Mərifətçün ayrılan yerdə qızıl olmaz, inan.

            Sərvətin artdıqca bil ki, artacaq dərdü-sərin,

            Sən öləntək parçalar ol sərvəti varislərin.

Bu beytlərin yaranmasında, heç şübhəsiz ki, dünyanı dördəlli tutanlar, var-dövlətə uyub pis əməllərə qurşananlar üçün xalqın dediyi “Dünya malı dünyada qalar”, “Dünya malına aldanma”, “Dünya varına güvənilməz” kimi sözlərin böyük təsiri olmuşdur.

Nəsiminin məhəbbət mövzusunda yazdığı qəzəllərində də dilin sadəliyi, aforizmlərin orijinallığı bariz şəkildə nəzərə çarpır. O, lirik şeirlərində də atalar sözü və məsəlləri bacarıqla seçir, yeri gəldikcə, onları yeni formada şeirlərinin ahəng və məzmununa uyğunlaşdırır:

            Ey Nəsimi, aqübəti varar yelə,

            Bivəfa ilə yeyən nanü nəmək.

Şifahi Xalq Ədəbiyyatımızı  araşdırdıqda qarşımıza mərdlik və namərdlik haqqında saysız-hesabsız nümunələr  çıxır: “Namərd gəlib mərd olmaz, olmasa mərd atası”, “Namərdin çörəyi dizi üstə olar”, “Keçmə namərd körpüsündən, qoy aparsın sel səni”, “Namərdə yaxa vermə, mərdə arxa ol”. Bu misalların sayını artırmaq da olar.

“Xərc eylə dünya varından nə qədər olsa varın” deyən şair sərvət toplayan “zərü ziynət” düşgünlərini özgələr üçün gecə-gündüz çalışan mehtərə bənzədir. Nəsimi öz dövrünün xəsis təbiətli, sərvətə həris adamlarını “tamahkar” adlandırır, onların “dövlətlənmək” adlı sağalmaz bir dərdə, mərəzə tutulduqlarını, bu dərd ilə həyatdan gedəcəklərini xəbər verir və bu sərvət sahiblərinin aqibətlərini belə təsvir edir:

     Ağlın varsa, gəl gömülmə qızıl üçün torpaqlara,

     Mal hərisi məhşər günü siçan kimi çox sürünər.

     Tamahkarlıq, hərislik yox, mərd insanda hümmət gərək,

     Ömür səmum küləyidir, sərvət, dövlət toza bənzər.

Yaxud:

            İşin qalsa Əzrailə, qızılının nə faydası?!

            Gərək nağdı can verəsən, qızıl orda çətin keçər.

Şair atalar sözü ilə məsəllərin yer aldığı şeirlərində bir ağsaqqal kimi öyüd verir:

            Qəmindir könlümün təxtində sultan,

            Bir iqlimə iki sultan gərəkməz.

     Yaxud:

            Zər eşqiylə tanrı eşqi sığışmayır bir araya,

            Ölkə necə abad olar, iki şahı varsa əgər?!               

Bu beytlər xalqın təfəkkür süzgəcindən süzülən müdrik bir el məsəlini – “İki qoçun başı bir qazanda qaynamaz” ifadəsini xatırlatmırmı?! Şair həmin ifadədən istifadə edərək hamının başa düşə biləcəyi sadə bir dildə gözəl, təsirli və səmimi bənzətmə yaratmışdır.

Bu və ya digər tərzdə “Yıxılana balta çalan çox olar” ifadəsi də dilimizdə işlənən deyimlərdəndir. Şeirlərinin birində Nəsiminin həmin deyimdən  faydalandığını müşahidə edirik. Məhəbbət gülşənində müvəffəqiyyətsizliyə uğrayan aşiq dərdinə əlac, yarasına məlhəm arayır. Lakin bunun müqabilində daha böyük bəlalara mübtəla olur, tənə hədəfinə çevrilir:

            Könlümün şişəsinə pərri məgəs dəgsə sınar,

            Ey həbibim, bəs nədəndir sən atarsan daşlar?

            Müddəi gər tən edib başıma qaxar eşqini,

            Sınığa vacib deyildir munca atmaq daşlar.

Böyük şair insanı, sözün əsil mənasında, əzəmətli və yüksək görmək istəyir. Çünki onun fikrincə, insan dünyada ən ali varlıq, qüdrətli bir yaradan və hər şeyə qadirdir. Lakin bu qadirlik ilahi bir vergi deyil, onun əsl mayası zəhmətdir. Şərəflə yaşamaq üçün insan zəhmətsevər olmalıdır:

            Sən bir tikə çörək üçün minnət çəkmə alçaqlardan,

            Qəflətdəsən, ruzi, nemət aşiq kimi səni sevər.

Nəsimi rübailərində də hikmətli sözlərdən məharətlə istifadə etmişdir. Həqiqət carçısı olan sənətkar “Doğru söz acı olar”, “Doğru sözdən xəta gəlməz”, “Doğruya zaval yoxdur, çəksələr min divana”, “Yalan ki var, doğrunun quludur” kimi el deyimlərindən yaradıcı şəkildə faydalanır:

            O bilir həqqi ki, yalançı degil,

            Hər kim yalan söylər, ol naci degil.

            Həccə doğru varmayan hacı deyil,

            Doğru söz doğrulara acı deyil.

Nəsimi həmişə düzlüyə meyl etmiş, doğruluğu insan həyatının, insan səadətinin ən zəruri şərtlərindən biri hesab etmişdir:

            Dil bazarçısı yalandır, varmazam bazarına,

            Gərçi olmaz əyri dil, inanmazam iqrarına.

            Sadiq oldur dilini könlü ilə bir eyliyə,

            Əyri dildən nəsnə gəlməz, durmuşam inkarına.

Nəsimi bütün şeirlərində düzlüyü təbliğ və tərənnüm edir, bu keyfiyyətləri insanın yüksək mənəvi amalı sayır. Bu şeirlərdə, M.İbrahimovun təbirincə desək, Mənsur Həllac və Fəzlullah Nəimi kimi canlı surətlər var və onlar xalq arasında insaniyyət, sədaqət, cəsarət, mərdlik, doğruluq, dönməzlik rəmzi kimi tərənnüm olunur.

Nəsimi xalqın nağıl və əfsanələri, zərbi məsəlləri ilə yanaşı musiqisini də sevmişdir. Şair musiqini haram elan edən yalançı din nümayəndələrinə, sufilərə istehza edərək yazır: “Səfasız sufiyi gör kim, haram der, dinləməz sazı”.

Şair musiqini insan mənəviyyatını zənginləşdirən əsas amillərdən biri kimi qiymətləndirir, qəzəllərində muğamları və onun hissələrini bir-bir sayır. O, gözəl avazla oxunan “Rast”, “Hüseyni”, “Cahargah”, “Segah”, “Əraqi”, “Şahnaz” və bu kimi muğamların vurğunu olduğunu bir qəzəlində belə qeyd edir:

             “Zəngulə” sifət nalı qılam zar “Segaha”,

            Çün əzmi – “Hicaz” eyləyə məhbubi-xoşavaz.

Göründüyü kimi, Nəsimi yaradıcılığında xalq deyimlərindən geniş istifadə etmişdir. Xalq pedaqogikasının zəngin ənənələri əsasında kamilləşən İmadəddin Nəsimi xalqın dilində yaxşı nə varsa, öz poetik yaradıcılığında cəmləşdirmiş və bu yolla özü xalqın yaddaşında əbədiləşmişdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Nəsimi bütün dünya qarşısında bütün əzəməti ilə ucalır. O, elə bir insan idi ki, hələ uzaq keçmişlərdə cəhalətpərəstlərdən qorxmayıb zülmə, riyakarlığa, mövhumata etiraz səsini ucaltmış, çox-çox irəliyə nəzər salmışdır”.

Ümumiyyətlə, Nəsiminin xalq yaradıcılığına olan münasibətini dürüst müəyyənləşdirmək, təhlil etmək xüsusi bir tədqiqatın mövzusudur. Biz bu yazıda böyük şairin yaradıcılığından bəzi nümunələrə nəzər saldıq. Xalq yaradıcılığının zəngin xəzinəsindən sənətkarlıqla istifadə edən İmadəddin Nəsiminin öz sözləri də artıq bu gün xalqımız tərəfindən sevilə-sevilə təkrar olunur, zərbi məsəllərə çevrilir.

        Kamal Camalov,

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: