Şərur Rayon Xalq Teatrı festivalda uğurla çıxış edib

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyunun 23-dən 25-dək Bakı şəhərində “III Respublika Xalq Teatrları Festivalı”nın final mərhələsi keçirilib.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil edilən  festivalın final mərhələsinə Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı da qatılıb. Şərur Rayon Xalq Teatrının təqdimatında böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin “Motsart və Salyeri” faciəsi əsasında hazırlanmış tamaşa göstərilib. Tamaşanın quruluşçu rejissoru Nəsimi Məmmədzadə həm də səhnə əsərinə bədii və musiqi tərtibatı verərək maraqlı tamaşa yaratmağa müvəffəq olub. Nəsimi Məmmədzadə tamaşada həm də Salyeri kimi mürəkkəb və ziddiyyətli bir obrazı canlandırıb. Azərbaycan Respublikasının Əməkdar artisti Neymət Sultanov isə böyük bəstəkar Motsartın obrazını bacarıqla tamaşaçılara təqdim edib.

Festivalda iştirak edən on üç kollektiv arasında Şərur Rayon Xalq Teatrının “Motsart və Salyeri” tamaşası II yerə layiq görülüb. Nəsimi Məmmədzadə “Ən yaxşı rejissor”, Neymət Sultanov isə “Ən yaxşı aktyor” nominasiyaları üzrə mükafatlandırılıblar. 

“Motsart və Salyeri”  kimi psixoloji faciənin xalq teatrının səhnəsində tamaşaya qoyulması kollektivin böyük uğurudur.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: