Almaniyanın Forqqenze gölünə səyahət - FOTOLAR
NUHÇIXAN öz oxucularını Almaniyanın Alp regionunun ən məşhur yerlərindən birinə ekskursiyaya dəvət edir. Şvanqau bölgəsindəki dağların ətəyində Bavariya kralı II Lüdviqin əfsanəvi Noyvanştayn qəsri yerləşir. Lakin indi əvvəllər də bəhs etdiyimiz bu dünyamiqyaslı bu tarixi abidədən deyil, buradakı Forqqenze gölündən söhbət açmaq istəyirik.
Forqqenze sahəsinə görə Bavariya əyalətinin beşinci gölü və Almaniyanın ən böyük su anbarıdır. Turistlər üçün bələdçi kitabında qeyd olunur ki, suyun səviyyəsindən asılı olmayaraq onun sahəsi 16 kvadrat kilometrdir. Gölün adı suyun altında qalmış Forqqen qəsəbəsinin adı ilə bağlıdır.
Ərazidə su anbarı tikmək planı XIX əsrin sonlarında meydana gəlib, sonra iki dünya müharibələri arasında ona yenidən baxılıb, lakin yalnız 1950-ci ildə bu anbarı tikmək mümkün olub. İlk mərhələdə suyun səviyyəsinin bir neçə metr yüksək olması nəzərdə tutulub, lakin belə olan halda çoxlu sayda insanları köçürmək lazım gəlirdi, habelə kənd təsərrüfatı sahələri itirilə bilərdi. Sonda yeni məkana 250 insan və on beşə qədər kəndli təsərrüfatı köçürüldü. Forqqenze su anbarı bir neçə funksiyanı yerinə yetirir. Birincisi, buradakı bənddə su elektrik stansiyası fəaliyyət göstərir. İkincisi, bəndin suyu Lex çayı üzərində olan digər SES-lər üçün istifadə olunur. Üçüncüsü, dağlarda qarın əridiyi vaxt və şiddətli yağışlar zamanı bu anbar axın üzrə aşağı ərazilərdə yerləşən məkanları subasmadan qoruyur. Dördüncüsü, yay aylarında populyar turizm məkanında yerləşən bu cür süni göllər istirahət və müxtəlif su idmanı növləri ilə məşğul olmaq məqsədilə istifadə olunur. Məsələn, burada bir neçə yaxta məktəbi fəaliyyət göstərir.
Gölün sahillərində kempinqlər yerləşir, Füssen şəhərindəki limandan isə buradakı iki səyahət katerindən biri ilə göl boyu ekskursiyaya yollanmaq mümkündür. Doğrudur, bu göldə ilboyu çimmək, balıq tutmaq və yaxtalarda və ya qayıqlarda gəzmək olmur, çünki su hövzəsi növbəti mövsümə hazırlaşmaq üçün qarlar əriyənədək qış aylarında boşaldılır. Artıq iyunun əvvəlində göldə “Alqoe” və “Füssene” turist katerlərində oktyabrın 15-dək gəzintiyə çıxmaq üçün kifayət qədər su olur. Yalnız 2018-ci ildə bəndin planlaşdırılmış təmiri ilə əlaqədar su doldurulmadığından, bu səyahətlər mümkün olmayıb. Belə ki, turistlər həmin il gölün dibində və üzərində həm yay, həm də qış aylarında gəzə biliblər. Lakin hazırda göl su ilə doludur və hər şey əvvəlki axarına qayıdıb.
Qış aylarında gölün dibi ilə gəzərkən təkcə su altında qalmış evlərin bünövrələrini deyil, həmçinin qədim Roma yolu olan Via Claudia Augustanı görmək mümkündür. Gölün üzərindən isə paraplanerçilər uçur. Onları burada tez-tez görmək olar. Vadinin aşağısında Füssen şəhəri yerləşir və buradan keçən yollar Noyvanştayn və Xoenşvanqau qəsrlərinə aparır. Marienbrük körpüsündən isə gölə gözəl mənzərə açılır. Qeyd edək ki, Noyvanştayn qəsrinin tikintisi zamanı Forqqenze gölü yox idi.
Su anbarı və digər yerləri görməklə bu yerləri gəzərkən anlayırsan ki, nədən kral II Lüdviq öz əfsanəvi iqamətgahını tikmək üçün məhz bu məkanı seçib. Qəsrin ətrafında üç təbii göl – Alpze, Şvanze və Banvaldze də var.