Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Şəhər Gənclər Mərkəzində “Yaşa və öyrən” intellektual oyununun final mərhələsi keçirilib.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə keçirilən “Yaşa və öyrən” intellektual bilik yarışı mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşların intellektual səviyyəsinin yüksəldilməsinə köməklik göstərmək məqsədi daşıyır. Yarışda Naxçıvan, Azərbaycan və dünyanın mədəniyyət, incəsənət, folklor, ədəbiyyat, tarix, coğrafiya, musiqi, teatr, kino və başqa sahələri əhatə edən suallar əsasında keçirilib.
Yarışın seçim turlarında rayon (şəhər) mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən kitabxana, mədəniyyət evi, klub, muzey və başqa mədəniyyət müəssisələrinin əməkdaşlarından ibarət ümumilikdə 28 komanda iştirak edib. Maraqlı və gərgin keçən intellektual bilik yarışının seçim mərhələlərinin nəticələri əsasında “Nəqşi-cahan”, “Ümid”, “Gülüstan”, “Şahtaxtı”, “İdeal”, “Birlik”, “Sərşəhər” və “Haçadağ” komandaları final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Final mərhələsinin sonunda Culfa rayonunun “Gülüstan” komandası I, Kəngərli rayonunun “Şahtaxtılılar” komandası II, Adil Babayev adına
Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının “Nəqşi-cahan” komandası III yerin sahibi olub.
Sonda II, III yerin qalibi olmuş komandaların üzvləri Nazirliyin diplomları ilə təltif olunublar. I yer tutan komandanın üzvlərinə isə diplom və hədiyyələr təqdim edilib.