Tokioda Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunan konsert keçirilib

A- A A+

Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Tokionun “Toyosu Civil Center” konsert zalında diplomatik xidmət orqanlarımızın yaranmasının 100 illiyi münasibətilə təntənəli konsert keçirilib.

NUHÇIXAN xəbər verir ki, konsertdə Yaponiyanın dövlət və hökumət rəsmiləri, parlamentin üzvləri, ictimai-siyasi dairələrin, diplomatik korpusun nümayəndələri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Tədbiri açan Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın böyük nailiyyətidir. O zaman ölkəmizin qısa müddət ərzində müstəqil olmasına baxmayaraq, Azərbaycan dili rəsmi dövlət dili olaraq, eyni zamanda, Azərbaycanın bayrağı və digər dövlət atributları qəbul edilib. Cümhuriyyət 1918-1920-ci illərdə müsəlman dünyasında parlament respublikası modeli əsasında qurulmuş çoxpartiyalı ilk demokratik dövlət olub. Burada dünyanın bir çox ölkələrindən əvvəl qadınlara səsvermə hüququ verilib. Həmçinin Azərbaycan özünü dünyada tanıtmaq üçün fəal xarici siyasət aparıb.

F.Talıbov qonaqların diqqətinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə hər il iyulun 9-u Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi yaradılıb. Azərbaycan diplomatiyasının ən mühüm vəzifəsi yeni yaranmış dövlətin dünyada tanıdılması ilə bağlı olub. Azərbaycan nümayəndə heyəti Parisə səfər edərək Paris Sülh Konfransının Ali Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi olaraq tanınmasına nail olub. Bundan sonra Cümhuriyyətin xarici ölkələrdə diplomatik nümayəndəlikləri təsis edilib, Bakıda 16 ölkənin səfirliyi fəaliyyətə başlayıb.

Diplomat bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Cümhuriyyətin siyasi və mənəvi varisi olaraq qədim dövlətçilik ənənələrinə sadiq qalıb. Azərbaycan Respublikası Cümhuriyyətin üçrəngli bayrağını, himnini, gerbini qəbul edib. Hər il 28 may tarixi Respublika Günü kimi həm Azərbaycanda, həm də onun hüdudlarından uzaqlarda təntənəli şəkildə qeyd edilir.

Azərbaycan klassik musiqisi haqqında söhbət açan F.Talıbov 2018-ci ildə Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunduğunu xatırladıb, onun musiqi əsərlərinin bütün dünyada tanındığı barədə məlumat verib.

İki saat davam edən konsertdə “IHI” simfonik orkestri Yaponiyada ilk dəfə olaraq Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən parçaları və bəstəkarın digər əsərlərini ifa edib. Orkestrin ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tamaşaçıların xahişi nəzərə alınaraq Qara Qarayevin “Vals” əsəri təkrar ifa edilib.

Konsertdən sonra təəssüratlarını AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən orkestrin dirijoru Şinya Suqiura deyib: “Azərbaycan səfirliyinin təşəbbüsü ilə bir neçə ay görkəmli bəstəkar Qara Qarayevin əsərləri üzərində işlədik. Bilirdik ki, ötən il Qara Qarayevin anadan olmasının 100 illiyi tamam olub. Bu məqam bizim üzərimizə böyük məsuliyyət qoyurdu. Gördüyünüz ki, bu möhtəşəm musiqi əsərlərinin yapon dinləyicilərə layiqli səviyyədə çatdırılması üçün çəkdiyimiz zəhmət, gərgin məşqlər gözlənilən nəticəni verdi. Tamaşaçıların alqışları, onların xahişi ilə bəzi musiqi nömrələrinin təkrar səslənməsi zəhmətimizin hədər getmədiyini deməyə əsas verir. Ümid edirəm ki, biz bundan sonra da zəngin Azərbaycan musiqisinin Yaponiyada tanınması istiqamətində işləyəcəyik.

Konsertin musiqi tərtibatı səfirlik və Kyoko Matsuura tərəfindən hazırlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: