Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı bəyanat yayıb.
NUHÇIXAN xəbər verir ki, bəyanatda Fond bu münasibətilə Azərbaycan xalqı ilə birlikdə bütün türk dünyasına təbriklərini çatdırıb.
Bəyanatda deyilir: “Öz mədəni abidələrini, mənəvi irsini qoruyub saxlamaq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mühüm əhəmiyyətə malik fəaliyyəti xüsusi qeyd edilməlidir. Onun bilavasitə təşəbbüsü və səyləri nəticəsində Azərbaycanın mədəniyyət abidələri və qeyri-maddi mədəni irs nümunələri UNESKO-nun siyahılarında öz layiqli yerini tutmuşdur.
Qədim İpək Yolu üzərində yerləşən, tarixən tolerantlıq şəhəri kimi tanınan Şəki dünya mədəniyyətinə karvansaraylar, məscidlər, körpülər, sənətkarlıq emalatxanaları kimi unikal memarlıq nümunələri, Qafqazın əsas ipək istehsalı mərkəzi olaraq qeyri-maddi mədəniyyət incisi kimi kəlağayı bəxş etmişdir.1763-cü ildə Hüseyn xan tərəfindən inşa etdirilən, minlərlə müxtəlif rəngli şüşələrdən yığılmış və Azərbaycanın dekorativ tətbiqi sənət növü olan şəbəkə-pəncərələrdən istifadə edilmiş Şəki Xan Sarayı dünya əhəmiyyətli tarixi memarlıq abidəsidir. Bu qürurverici hadisə türk dünyasının bir parçası olan Azərbaycana məxsus nadir memarlıq abidəsinin beynəlxalq miqyasda daha da tanınmasına öz töhfəsini verəcək və türk dünyası ilə UNESKO arasında yeni-yeni əməkdaşlıq körpülərinin salınmasına səbəb olacaqdır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu inanır ki, yaxın gələcəkdə Naxçıvandakı “Möminə Xatun Türbəsi”, Suraxanıdakı “Atəşgah”, eləcə də, işğal altında olan Dağlıq Qarabağ torpaqlarında yerləşən “Yuxarı Gövhər Ağa” məscidi, “Qarabağ Xan Sarayı” və s. kimi böyük memarlıq abidələri də UNESKO-nun Ümumdünya İrs Siyahısında öz əksini tapacaqdır”.