“Caspian Energy” jurnalının xüsusi buraxılışı işıq üzü görüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, jurnalın həmin buraxılışı, həmçinin iyunun 14-də Naxçıvan Muxtar Respublikasında keçiriləcək VI Beynəlxalq “Caspian Energy Forum Nakhchivan-2018” çərçivəsində təqdim olunacaq. “Caspian Energy” jurnalının yeni nömrəsində Mərakeş Krallığı Hökumətinin başçısı Saadədin Əl-Otmaninin eksklüziv müsahibəsi dərc edilib.
“Caspian Energy” jurnalında, həmçinin Çexiyanın sənaye və ticarət naziri Tomaş Hunerin, Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarxın müsahibələri, “SOCAR-Dalgidj LLC – Oceaneering Alliance”, “Azpetrol”, “Express Bank”ın fəaliyyəti, eləcə də “Iteca Caspian” sərgi və konfransı ilə bağlı materiallar yer alıb.
T.Əliyev vurğulayıb ki, “Caspian Oil and Gas” sərgi və konfransı artıq 25 ildir dünyanın hər tərəfindən böyük sayda iştirakçını bir araya toplayan, ölkə iqtisadiyyatının sürətli inkişafını şərtləndirən, geniş imkanlar yaradan, fəal danışıqların aparılmasına və biznes əlaqələrinin qurulmasına şərait yaradan meydan rolunu oynayır.
“1994-cü ildən sərginin iştirakçısı və “Caspian Energy International Media Group” yarandığı gündən “Caspian Oil and Gas” sərgi və konfransının partnyoru olmaq bizim üçün böyük şərəfdir. Fürsətdən istifadə edib “Iteca Caspian”ın rəhbərliyini və bütün kollektivini “Caspian Oil and Gas” sərgi və konfransının 25 illik yubileyi münasibətilə təbrik edir və gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzu edirəm. Biz “Iteca Caspian” şirkəti və “Caspian Energy International Media Group” arasındakı səmərəli, sabit və uzunmüddətli əməkdaşlığa görə səmimi qəlbdən təşəkkür edirik”, - deyə o bildirib.
Beynəlxalq “Caspian Energy” jurnalı dünyanın 70 ölkəsində yayılır. 19 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.