NUHÇIXAN-ın məlumatına görə, “Eurovision-2020” mahnı müsabiqəsinin keçirilməsi uğrunda mübarizədə Hollandiyanın beş şəhəri iştirak edəcək. Müsabiqənin təşkilinə cavabdeh olan Niderland Teleradio Yayım Korporasiyasının iyulun 11-də yaydığı məlumata görə, Rotterdam, Utrext, Hertogenboş, Arnem və Maastrixt şəhərləri müsabiqəyə ev sahibliyi etmək üçün müraciət ediblər.
Müsabiqənin keçiriləcəyi yer barədə qərar təkliflər və perspektivli məkanlar ətraflı öyrəniləndən sonra qəbul ediləcək.
Cənubi Hollandiya əyaləti Rotterdamın qalib gələcəyi təqdirdə tədbirə 1 milyon avro vəsait ayıracağını vəd edəndən sonra bu şəhər müsabiqəyə ev sahibliyi etməyə əsas namizəddir. Niderland hökuməti bəyan edib ki, müsabiqənin keçirilməsini maliyyələşdirmək niyyətində deyildir.
Daha əvvəl müsabiqənin Amsterdamda keçiriləcəyi istisna olunmurdu. Lakin şəhərin hakimiyyət orqanları bir həftə əvvəl bildiriblər ki, müsabiqə üçün münasib olan bütün məkanlar tədbirin keçiriləcəyi dövrdə icarəyə götürülüb.
Niderland 1956-cı ildə keçirilmiş ilk “Eurovision” müsabiqəsinin iştirakçısı olmuş yeddi ölkədən biridir. Bu ölkənin nümayəndəsi Dunkan Lourens bu il “Arcade” mahnısı ilə müsabiqədə qalib gələndən sonra tədbirə ev sahibliyi etmək hüququ Niderlanda keçib.