NUHÇIXAN xəbər verir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi tərəfindən 7087 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
Təqdim edilən sənədlər Prezident İlham Əliyevin 2017-ci ilin ikinci yarım ilində Şirvan, Qax, Zaqatala, Samux, Gədəbəy, Yevlax, Şəmkir, Neftçala, Salyan, Qobustan, Şamaxı, Gəncə, Tərtər, Sabirabad və Naxçıvan Muxtar Respublikasına (MR) səfərlərini, regionların sosial-iqtisadi inkişafını, Bakı şəhərində və Naxçıvan MR-də məktəb-liseylərin yeni binalarının açılışında dövlət başçısının iştirakını, hərbi hissələrin binalarının yenidən qurulmasını, Binəqədi-Novxanı, Pirşağı-Novxanı, Məmmədli-Digah-Mehdiabad avtomobil yolunun, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını, parkların, mədəniyyət abidələrinin əsaslı təmirini əks etdirir.
Həmçinin dövlət başçısının 2017-ci ilin ikinci yarım ilində İran, Fransa, Polşa, Türkiyə, Latviya, Belçika və Pakistana etdiyi səfərlərdə qəbul edilmiş sənədlərdə öz əksini tapıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü tədbirləri, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçirilən Ümumxalq Yürüşü, Milli Olimpiya Komitəsinin 25 illiyinə həsr olunmuş idman tədbirləri də qəbul olunmuş fotosənədlərdə əksini tapıb.
Hazırda arxivdə sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir.