Dəməşq Milli Muzeyində UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş və İŞİD terrorçuları tərəfindən dağıdılmış qədim Palmira şəhərinin barelyeflərinin bərpasına başlanılıb. NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, muzeyin direktoru Osman Səəd barelyeflərdəki insan təsvirlərinin tamamilə yox edildiyini deyib.
Muzeyin direktoru qeyd edib ki, barelyeflərin hissələri qədim şəhərin terrorçulardan azad edilməsindən sonra Dəməşqə gətirilib. Lakin heykəllərin bir çoxu hələ də xarabalığa çevrilmiş Palmirada qalır. Onun sözlərinə görə, qiymətli mədəniyyət abidələrinin yüksək səviyyədə bərpa olunması üçün təcrübəli mütəxəssislər dəvət edilib.
Mütəxəssislər barelyefləri köhnə fotoşəkillər əsasında bərpa edirlər. Bu prosesdə Palmiradan gətirilmiş əhəngdən istifadə edilir. Bərpa işləri Suriya hökumətinin maliyyə vəsaiti hesabına aparılır. Eyni zamanda, tarixi heykəllərin üçdəikisinin oğurlandığı və başqa ölkələrə aparıldığı da bildirilir. Siyasi mülahizələr səbəbindən yaxın vaxtlarda qədim Palmira abidələrinin bərpası prosesinə beynəlxalq təşkilatların maliyyə dəstəyi istisna edilir.
Palmiranın çiçəklənməsi dövrü eramızın I-III əsrlərinə təsadüf edir. Müasir dövrədək səhrada qalmış memarlıq abidələrinin əksəriyyəti də həmin dövrə aiddir. Buradakı tarixi-mədəniyyət abidələrinin əksəriyyəti İŞİD terrorçuları tərəfindən 2016-cı ilin dekabrından 2017-ci ilin mayınadək məhv edilib.