Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Gənc nəslin maariflənməsində muzeylərin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə nazirliyin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva qeyd edib ki, bu gün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən 30 muzey və muzeytipli müəssisədə xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunur.
Ötən il Naxçıvan Duz Muzeyi, Qarabağlar Türbə Kompleksi, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi açılıb, son illər muzeyləri ziyarət edənlərin sayı isə əhəmiyyətli dərəcədə artıb.
Bu ilin yanvar-iyun ayları ərzində muzeylərdə 195 açıq və 12 distant dərs keçilib. Tədbirdə muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində görülən işlər, muxtar respublikada tarix-mədəniyyət abidələrinin qorunması, onların bərpası və konservasiyası yönündə həyata keçirilməsindən də danışılıb.
Muxtar respublikada fəaliyyət göstərən muzeylərin rəhbərləri mövzu ilə bağlı fikirlərini bildiriblər.