Çindəki otellərin biri öz qonaqlarına yeni imkan təklif edəcək: onlar yataq ağlarını, digər yataq və hamam ləvazimatının nə dərəcədə təmiz olduğunu görə biləcəklər.
NUHÇIXAN “Turizm.ru” saytına istinadla xəbər verir ki, Uxan şəhərinin otelləri istiliyə və suya davamlı nazik çiplərlə təchiz olunmuş dəsmal, döşəkağı və toxunma adyallar alacaq. Qonaqlar yataq ləvazimatının sonuncu dəfə nə vaxt yuyulmasını, habelə onların dəyişdirilməsini xahiş edəndən sonra hara göndərilməsini mobil telefonun köməyi ilə izləyə biləcəklər. Bu yeniliyin təşəbbüskarları bildirirlər ki, mehmanxanalar yataq ləvazimatının keyfiyyətinə nəzarət etmək, qonaqlar isə onların təmizliyini yəqin etmək imkanı qazanacaq və nahaq yerə narahat olmayacaqlar.
Çindəki otellərin əksəriyyəti paltar yumaq üçün kənar camaşırxana şirkətlərindən istifadə edirlər. Yeni texnologiya bu otellərdə xidmətin keyfiyyətini yaxşılaşdıracaq. Uxan şəhərində test yoxlamasından sonra bu texnologiya bütün ölkədə yayıla bilər.
2017-ci ildə Çinin turizm sahəsinin hakimiyyət orqanları xoşagəlməz bir vəziyyətlə üzləşiblər. O vaxt Pekinin dəbdəbəli otellərində quraşdırılmış gizli kameralarla çəkilmiş videoyazılar internetdə yayılmışdı. Videodan göründüyü kimi, bu otellərin əməkdaşları tualetlərin yuyulması və döşəkağıların dəyişdirilməsi zamanı əsas təmizlik standartlarına riayət etmirlər. Bir il sonra məlum oldu ki, Pekinin və Şanxayın 14 mehmanxanasında nömrələrdəki stəkanlar və digər qablar vanna otaqlarının yığışdırılması zamanı istifadə edilən dəsmal və süngərlərin köməyi ilə təmizlənir.