XIX əsrin ikinci yarısından etibarən ölkəmizdə milli ruhlu ziyalı nəsil mənsub olduğu xalqın milli oyanışını təmin etmək və onu düçar olduğu müstəmləkə zülmündən azad etməklə müstəqilliyə yönləndirmək üçün müxtəlif vasitələrə əl atır, yeni yollar axtarırdı. Bu axtarışlar nəticəsində maarifpərvər ziyalı Həsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci il iyul ayının 22-də milli mətbuatımızın əsası qoyuldu, “Əkinçi” qəzeti işıq üzü gördü. Beləliklə də xalqmızın milli özünüdərkində, ictimai mühitdə hakim kəsilən avamlıq, cəhalət və geriliklə mübarizədə mətbuatın böyük və əvəzsiz təsir qüvvəsindən istifadə edilməyə başlanıldı. Təxminən, iki il müddətində fəaliyyət göstərən “Əkinçi” qəzeti bu müddət ərzində ictimaiyyətdə mövcud olan hər növ “xəstəliyə” qarşı amansız mübarizə apardı, xalqın maariflənməsi, milli özünüdərki istiqamətində böyük işlər gördü.
“Əkinçi” qəzetinin əsasını qoyduğu ənənələr, ictimai şüurun formalaşması istiqamətində apardığı sistemli işlər bu mətbu orqanın nəşrinin dayandırılmasının ardınca “Ziya”, “Ziya-Qafqaziyyə” və “Kəşkül” qəzetləri tərəfindən davam etdirildi. Amma mətbuatın ictimai şüurun oyanışında, milli özünüdərkində bilavasitə rol oynaması, misilsiz işlər həyata keçirməsi həmin dövrdə xalqı əsarət altında saxlayan qüvvələrin kəskin etirazına səbəb oldu, işğalçı ölkə və yerli əlaltıları tərəfindən həmin qəzetlərə qarşı senzura möhkəmləndirildi, nəticədə bu mətbu orqanları fəaliyyətini dayandırmalı oldu. Beləliklə də 1891-ci ildə “Kəşkül” qəzetinin nəşrinin dayandırmasından keçən 12 il müddətində Çar Rusiyası Azərbaycanda yeni bir mətbu orqanın nəşrinə icazə vermədi, bu istiqamətdəki bütün müraciətlər nəticəsiz qaldı.
XX əsrin əvvəllərindən etibarən milli ruhlu ziyalı nəsil yenidən Azərbaycan türkcəsində, ana dilində qəzet nəşrinə yollar axtarır, aidiyyəti qurumlara müraciət edirdi. Bu ziyalılar içərisində “millətinin canlı heykəli” Məhəmməd ağa Şahtaxtılı isə başda gəlirdi. 1902-ci ildə Fransadan Rusiyaya qayıdan Məhəmməd ağa qəzet çıxarmaq fikrindən dönməmiş, əksinə Avropada apardığı araşdırmalarla və əldə etdiyi təcrübə ilə mükəmməl bir mətbu orqanı yaratmaq qərarına gəlmişdi. Bunun üçün növbəti dəfə qəzet nəşr etdirmək niyyəti ilə Çar Rusiyası hökumətinə müraciət edir, hətta Tiflisdə mətbəə açmaq üçün doğma yurdu Şahtaxtı kəndindəki ata mülkünü də satırdı. Həmin illəri xatırlayan M.A.Şahtaxtılı deyirdi: “Bir evin istifadəsiz qalmasındansa, satılıb xeyirli işlərə sərf olunması daha münasibdir. Düşündüm ki, “Şərqi-rus”u inkişaf etdirərək həm özümün, həm də millətin könlündə əbədi bir mülk ucaldaram”.
Gərgin mübarizədən və çoxsaylı müraciətlərdən sonra Məhəmməd ağa Şahtaxtılı, nəhayət, qəzet nəşrinə icazə ala bildi. Beləliklə də 1903-cü il mart ayının 30-da “Şərqi-rus” adlı qəzetin ilk nömrəsi işıq üzü gördü. Bu qəzet XX əsrdə anadilli ilk mətbu orqanı kimi tarixə düşdü. Əvvəllər həftədə 3 dəfə, 1904-cü ilin iyunun 8-dən etibarən isə gündəlik nəşr olunan “Şərqi-rus” qəzeti Azərbaycan ictimai fikir tarixində əvəzsiz xidmətlər göstərə bildi.
Milli mətbuat tariximizdə həm də ilk gündəlik mətbu orqanı kimi yaddaşlara həkk olunan “Şərqi-rus” öz ideya xəttini, məqsəd və məramını ilk andan ortaya qoyur, qəzetin 7-ci sayında bu qayəsini bəyan edirdi: “Bizim borcumuz həqayiqnəvislikdir (həqiqəti yazmaq), yaxşılığı dediyimiz kimi yamanlığı da gizlətməyəcəyik. Biz meydana ona görə çıxdıq ki, xalqa doğru söz deyək və nəinki ona-buna vicdan füruşanə mədhiyyələr oxuyaq”.
Dövrün bir çox aktual məsələlərinə toxunan “Şərqi-rus” M.A.Şahtaxtılının redaktorluğu ilə xalqın milli özünüdərki istiqamətində fəaliyyət göstərir, millətin ağır vəziyyətinə, cəhalət xəstəliyinə düşməsini ürək ağrısı ilə qələmə alırdı. Mədəni, tərəqqi etmiş qabaqcıl millətlərdən ibrət almağa səsləyirdi: “İlahi, bizim millətin mərifət baharı nə vaxt gələcək? Elm çiçəklərimiz nə zaman açacaq? Həmişə belə gözü bağlı, dili lalmı qalacağıq? Bu nə halətdir ki, düşmüşük? Bu nə yükdür ki, biz çəkirik? Daha nə zamanadək bu cəhalət boyundurluğundan qurtara bilməyəcəyiz? Axır biz də insanıq. Cəhalət ilə puç olub gedən, mərifət ilə səlamətə çıxan millətlərdən ibrət alalım!”.
“Şərqi-rus” qəzetindən xalqın milli özünüdərki istiqamətində yaxşı bir vasitə kimi istifadə edən Məhəmməd ağa Şahtaxtılı mənsub olduğu millətinə üz tutur, onları fərdiçilikdən uzaq durmağa və ümum xoşbəxtlik naminə çalışmağa çağırırdı. “Şərqi-rus” qəzetində nəşr olunan “Hər gün bir az” silsilə məqaləsinin birinci yazısında Məhəmməd ağa yazırdı: “Bu ümumi tərəqqi o zaman hüsula gələ bilir ki, millətin əfradının təbii o əqidə ola ki, “mənim öz xoşgüzəranlığım, içində yaşadığım camaatın xoşgüzəranlığına bağlıdır. Özümü, əyalımı və mütəəlliqatımı xoşbəxt görmək istərəmsə, ümumun rifah halı nəyi icab edirsə, ona canü dil ilə çalışmalıyam... Bəzən olur ki, mənim şəxsi mənfəətimlə millətimin ümumi mənfəəti arasında təzad və nifaq peyda olur. Mən cüzəm, millət külldür. Cüz yox olasıdır, küll qalacaqdır. Mən öz mənfəətimi millətimin mənfəətinə fəda etməliyəm. Çünki mən özüm və əcdadım, övlad-əyalım – hamımız millətin ayrılmaz parçası deyilikmi? Millətə etdiyim fədakarlığı özümə etmirəmmi?”.
Məhəmməd ağa Şahtaxtılının redaktorluğu ilə nəşr olunan “Şərqi-rus” qəzeti həmçinin əlifba islahatına, maarif məsələlərinə, məktəblərdə tədrisin yaxşılaşdırılması mövzularına geniş yer verir, ədəbiyyat, mədəniyyət və bir çox mövzuları səhifələrində işıqlandırırdı. “Şərqi-rus” qəzetində geniş yer ayrılan, tez-tez toxunulan məsələlərin başında qadın hüquqsuzluğu mövzusu, qadınların təhsili ilə bağlı yazılar da gəlirdi. Qəzetin 1904-cü il 88 nömrəli sayında Məhəmməd ağa qadınların təhsili, onların mədəni şəkildə yetişməsi məsələsinə toxunaraq hər bir qadının təhsilə yiyələnməsini vacib sayır və gələcəyin daha yaxşı olmasını təhsilli və dünyagörüşlü qadınlarla bağlayırdı: “Arvadlar kişilər kimi maneəsiz təhsil ala bilməsələr, bizim övladlarımız heç vaxt sağ-salim olmayacaqlar... Çünki uşaq təmayülatını, hissiyyatını anasından iqtibas edər”.
“Camaatın məlumatını artırmağa və fikirlərini işıqlandırmağa xidmət edən” “Şərqi-rus” qəzeti, Məhəmməd ağa Şahtaxtılı başda olmaqla, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Səməd ağa Qayıbov, Əli Nəzmi, Məmməd Səid Ordubadi, Sultan Məcid Qənizadə, Firudin bəy Köçərili, Abbas Səhhət, Rəşid bəy Əfəndiyev kimi görkəmli şəxsiyyətləri öz ətrafında birləşdirə bilmişdi.
1905-ci il yanvarın 15-dək nəşrini davam etdirən “Şərqi-rus” qəzeti “Şərqdə nəşr olunan Qərb standartlarında bir qəzet oldu”. Məhz bütün bunlar Qərb təhsilinə, mədəniyyətinə yiyələnmiş, bu dünyagörüşə yaxından bələd olan, eyni zamanda mənsub olduğu xalqına bütün varlığı ilə bağlı Məhəmməd ağa Şahtaxtılının sayəsində ola bildi. “Şərqi-rus” qəzeti nəşr olunduğu iki ilə yaxın bir dövrdə Azərbaycanda mətbuatın inkişafına misilsiz xidmətlər göstərdi, mətbuat aləminə Cəlil Məmmədquluzadə kimi bir dahi şəxsiyyəti qazandırdı. Bu qəzet həmçinin bir çoxları tərəfindən “Molla Nəsrəddin” jurnalının mənəvi xələfi sayılır, jurnalın nəşrinə ilkin hazırlıq hesab edilir. Bütün bunları nəzərə aldıqda Məhəmməd ağa Şahtaxtılının ölməzliyini, “Şərqi-rus” qəzetinin isə mətbuat tariximizdə önəmini bir daha anlamış oluruq.
Anar Qasımov
“Yeni həyat ” qəzeti