Şeirə və sənətə hörmət naminə

A- A A+

Bu yazını – mənə və yəqin ki, mənimlə həmfikir olan yüzminlərlə soydaşımıza rahatlıq verməyən bəhs edəcəyim mövzunu – qələmə almaq istədikdə, unudulmaz xalq şairimiz Səməd Vurğunun məşhur bir beytini xatırladım:

Bizdə şeir də var, sənət də vardır,

Şairə, sənətə hörmət də vardır.

Elə mövzuya başlıq seçməkdə də bu beyt köməyimə gəldi. Danılmaz faktdır ki, Azərbaycanda tarix boyu, hər hansı ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə ədəbiyyata və incəsənətə - şeirə, təsviri sənətə, musiqiyə, bir sözlə, sənətkara böyük hörmət, qayğı, ehtiram və diqqət olub.

Bu ənənə sovet dönəmində də olduğu kimi, müstəqillik illərində daha bariz davam etdirilib və etdirilməkdədir. XX əsrin ikinci yarısından üzübəri ədəbiyyat və incəsənətimizin bütün sahələrində baş verən intibah musiqi sənətimizdə, o cümlədən mahnı janrında da özünü parlaq şəkildə biruzə verirdi. Gözəl sözlərə bəstələnmiş gözəl musiqilə yaranan mahnılarımız ifaçılar tərəfindən çox nadir hallarda təhrifə uğrayırdı. Belə bir hal şair və bəstəkarla işləmiş və o mahnını ilk dəfə ifa edən müğənnilərdə ümumiyyətlə baş vermirdi. O zaman efirdən əvvəl həmin mahnını dinləyib rəy verən bədii şura da belə halların qarşısını alırdı. Mahnılarda istər sözlərin, istərsə də musiqinin təhrifinə ara-sıra, yalnız konsert salonlarında təsadüf etmək olardı.

Ölkəmizdə senzuranın ləğvindən sonra belə bir bədii şuranın da fəaliyyəti  dayandırıldı. Efirə, xüsusilə də yeni yaranan müstəqil tele-radio kanallarına bayağı sözlü, bayağı musiqili mahnılar ayaq açdı. Bir ara isə ötən əsrin peşəkar bəstəkar mahnılarının yerini sözləri və musiqiləri özlərinə məxsus “şair-bəstəkar” mahnıları mənimsədi. Efirlərdə yeni “müğənnilər”in yağışı və yarışı başladı. Müxtəlif yollarla populyarlaşan belə “müğənnilər” xalqın, ələlxüsus da gənclərin və yeniyetmələrin musiqi zövqünə çox çətin və gec sağala biləcək zərbələr vurdular.

Belə mahnılara aludə olan sürücülərin ucbatından şəhərdaxili və şəhərlərarası marşrut avtobuslarında sərnişinlərin əksəriyyəti mənzil başına əsəbi çatmaq məcburiyyətində qalır, bəzilərisə hətta təngə gəlib növbəti dayanacaqda avtobusu tərk edirlər. Bu barədə bir neçə televiziyada tənqidi süjetlər verilsə də, nəzarətsizlik səbəbindən belə hallar davam etməkdədir.

Bu gün bəstəkar mahnılarına, xüsusən retro mahnılar adlandırılan 1950-1980-ci illərdə bəstələnmiş, sözün əsl mənasında əsərlərə tez-tez müraciət olunur. Belə bir ənənənin başlanması və yavaş-yavaş vüsət alması yaxşı haldır. Lakin həmin  mahnıların səsyazma studiyalarında yenidən yazılışı zamanı musiqinin düzgün ifası ilə bərabər (xarici musiqi notları əlavə etməməklə), onun sözlərinə də dəqiq riayət olunması vacibdir. Bu yazılış zamanı xüsusən gənc müğənnilər nə vaxtsa bu mahnını təhriflə oxumuş hər hansı bir ifaçını dinləyir və ya əlinə keçən bir kitabdan (əsasən “Mahnılar” adlı kitablardan) sözləri götürüb çapda səhv getmiş bir kəlmənin fərqinə varmadan ondan bəhrələnirlər. Bu mənada səsyazma studiyalarında belə mahnıların yazılışı zamanı sözlərin dəqiq ifa olunmasına müğənnilə bərabər səs rejissorları da müstəsna məsuliyyət daşıyırlar. Qeyri-peşəkar rejissorlar tərəfindən yazılan mahnıların ifası zamanı əksər hallarda sözlərin, bəzi hallarda melodiyanın da təhrifinə yol verilir və təəssüf ki, bunun qarşısını almağa təşəbbüs də olunmur.

Sözləri təhrif olunmuş mahnıların ifası haqqında yüzlərlə misal göstərməklə daha ətraflı danışmaq mümkündür. Bu ayrıca geniş  bir  məqalənin mövzusudur. Lakin bu yazıda bir neçə nümunə ilə kifayətlənməli olduq. Demək olar ki, son illər bütün radiolardan müğənni Elnurun ifasında “O Naxçıvandır!” mahnısı səslənir. Gənc müğənni mahnının birinci bəndinin sözlərini və “Hansı məkandır?” ifadəsində melodiyadakı vurğunu da təhrif edərək belə oxuyur:

                           “...Ətəyindən Arpaçayı, qucağından Araz keçən

                             Hansı məkandır? O, Naxçıvandır,

                             Nəqşi-cahandır – Azərbaycandır!”         

Halbuki, mətndə “Sinəsindən Arpaçayı, ətəyindən Araz keçən”dir. Müğənninin ifasından belə məlum olur ki, Araz Naxçıvanın qucağından keçir. Deməli o taylı, bu taylı Naxçıvan mövcuddur? Naxçıvanı görməyən və Azərbaycanın xəritəsindən bixəbər olan hər bir dinləyicidə belə bir təsəvvür yaradır bu məsuliyyətsiz ifa!

Mahnıların ifasında sözlərdə hərf xətalarına da tez-tez yol verilir ki, bu da şair fikrinin, məramının təhrif olunması ilə nəticələnir. Məsələn:

                                       

“... Eşqimizə o vaxt həsrət çəkənlər –

                                                      Bəs nə deyim məni sənsiz görəndə?”

 

Eşqə həsrət çəkmək nə deməkdir? Anlaşılmır. Halbuki mətndə “həsəd çəkənlər”dir. Yaxud:

Eşqin məhəbbəti düşüb canıma,

  Ala göz yaşını sil, qadoy alım.”

 

 Əslində isə doğru ifa budur:          “Eşqi, məhəbbəti düşüb canıma,

                                                          Ana, göz yaşımı sil, qadan alım.”

Buna bənzər daha bir misal. Yeni səsləndirmələrdə müğənnilər “Qarabağ – ana yurdum” mahnısının ifası zamanı oxuyurlar:    

        “Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli,

          Ruhunu burdan alır Natəvanın qəzəli.”

Bu misraların əslində - şair mətnində bir xatırlatma var, yəni bunlar nə vaxtsa olub. Bu gün, hal-hazırda qəzəl yazan hansı Natəvandan söhbət gedir? İndi o çəmənlərdə gəzən hansı şux gözəldir elə? Ona görə də “gəzir”, “alır” ifadələri müəllifin yazdığı kimi – “gəzib”, “alıb” oxunmalıdır.

Qarabağ mövzusunda daha bir məsələyə diqqət etmək vacibdir. Məlum münaqişənin vüsət aldığı günlərdən indiyədək elə mahnılar vardır ki, onlar efirdən birdəfəlik yığışdırılıb. Lakin özündə incə nüansları ehtiva edən mahnılar diqqətsizlik ucbatından gənc müğənnilər tərəfindən yenidən yazılıb səsləndirilməkdədir. Məsələn, Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnısı. Mahnının ikinci bəndinə diqqət edək:                           

                              “El qızları düzüm-düzüm Kür qırağında,

                             Min gül açıb Gəncəmizin hər budağında.

                             Dost elləri Qarabağın dağ vüqarlıdır,

                             Gen çölləri bu torpağın xoş baharlıdır.”        

“Dost elləri Qarabağın...” Burada nə anlaşılır? Əgər bizim Qarabağımızdırsa, deməli bu ellər dost yox, doğma ellərdir. “Dost ellər” isə Qarabağa 200 il əvvəl köçürülüb yerləşdirilmiş ellərdir. Burada məskunlaşandan nankorluğa başlayan və son 30 ilə yaxın bir müddətdə “Yersiz gəldi, yerli, qac!” şüarı ilə bizə düşmən kəsilib bu günədək açıq müharibə aparan “dostların” dağ vüqarlı olmasını tərənnüm etməyə müğənnilərimizi vadar edən nədir? Bu mahnını yazdırarkən heç olmasa, həmin bəndi ixtisar edib oxumamaq olmazdımı? Bəs oxunmasına səbəb nədir? Diqqətsizlik, biganəlik, sözlərin fərqinə varmamaq!

Belə münasibətin digər bir fəsadı da mahnılarda mətnlərin – şeirlərin sözlərinə, qafiyələrinə fikir vermədən onları ifa etməkdir. Bu ciddi qüsura da bir neçə misal: Elza İbrahimovanın Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi çox məşhur “Gecələr bulaq başı” mahnısının ilk və əvəzsiz ifaçısı, mərhum Hüseynağa Hadıyev oxuduqda:

                             “Sakit axıb gecələr bulaq nələr danışır?

                             Elə bil ki, nağıllar, əfsanələr danışır...”

 eşidirik. Mahnının yeni yazılmış versiyalarını səsləndirən müğənnilər – hamıya hər bir mahnını düzgün, savadlı ifa etməyi tövsiyə edən Teymur Əmrah, həmçinin yaxşı gənc müğənnilər sırasında olan Nurlan Növrəsli belə başlayırlar: “Sakit axan gecələr bulaq nələr danışır?” Gecə niyə və hara axır? Mahnının əsas qəhrəmanı bulaqdır və şair gecələr sakit axan bulağın “sirli” aləmini tərənnüm edir.

Bir sıra son bəstələrdə mahnı üzərində işlənən zaman mətnə diqqət yetirilməməsi ucbatından ifalarda dilimizə yad kəlmələr də eşidilməkdədir. Məsələn, Lalə Məmmədova “sən bizi kayb etdin”, “qəlbini çəkib getdin”, Eyyub Yaqubov  isə                      

 “Sənsən Günəşim, Ayım,

   Həsrətinin yollarındayım.”

oxuyurlar. Burada qafiyə xatirinə “yollarındayam” tələffüzü təhrifə uğradılır. Yeri gəlmişkən, mahnılarımızda qafiyələrlə bağlı yanlışlıqlardan bir neçə nümunəyə diqqət yetirək.

“Ana Kür” mahnısının ilk ifaçısı, unudulmaz sənətkarımız Gülağa Məmmədov onu “Dəli Kür” filmi üçün səsləndirərkən bir misrada yanlışlığa yol verərək:       

                                      “Sənsən həyatım mənim,

                                        Dərdim, dərmanım mənim...”

oxumuşdur. Bu fonoqram sonralar da efirdə eynilə səsləndirilmiş və digər peşəkar, həmçinin həvəskar müğənnilər də fərqinə varmadan həmin yanlış misranı təkrar etmişlər və etməkdədirlər. Əslində isə bu misra “sənsən həyatım...” deyil, şairin yazdığı kimi – “Sənsən həyanım mənim” oxunmalıdır ki, sonrakı misrada gələn “dərmanım mənim”lə həmqafiyə ola bilsin.

Bir sıra mahnılarımızda qafiyələr sanki bilərəkdən pozularaq oxunur:

“...Gülüm, günüm güllərimi qurutdu.

                                        Bu oyunda kim uddu, kim uduzdu...”

                                        (Bu oyunda kim uduzdu, kim uddu);

 

                                      “...Mənimdir məhəbbət, gözəllik,

                                        Səadət, səadət, səadət.”

                                        (Mənimdir gözəllik, məhəbbət);

 

                                      “...Sən canı canandan ayrı tutmazdın,

                                        Odur ki, vəfasız deyildir adın.

                                        O, səni unutdu, sən unutmadın...”

                                        (Sən canı canandan ayrı tutmadın);

 

“...Nişan aldım, kəmənd atdım,

  Dəydi oxum daşa, könül.”

  (Nişan aldım, kaman atdım) və s.

 

“Müştaqam qələm qaşına,

   Durum dolanım başına.

   Pərvanətək atəşlərə

   Yandım əzəl gündən, ay qız!”

Aşıq Şəmşirin sözlərinə oxunan sonuncu bənddə müəllif “Pərvanətək ataşına” yazıb. Bu, əlbəttə qafiyə xatirinə olsa da müğənni onu heç olmasa “atəşinə” oxumalıdır. Bəzi müğənnilər isə “Şəmşir üçün ərməğansan” misrasında təhrifə yol verərək “əladansan” oxuyurlar.

Əlbəttə, belə misalların sayını artırmaq da olar, çünki ifalarda bu cür kobud təhriflər istənilən qədərdir. Ələkbər Tağıyevlə Hafiz Baxışın birgə yaradıcılıq məhsullarından olan “Olmaz, olmaz” mahnısının ilk ifaçısı Nisə Qasımova olub. Çox maraqlı və hətta heyrətləndirici bir faktdır ki, bu yaxınlarda yazılmış yeni səsləndirilmədə Nisə xanım həmin mahnının nəqəratını belə oxuyub:

                                         “Zirvədə duman da, çən də gözəldir,

                                           Bağçada çiçək də, bar da gözəldir,

                                           Məclisdə kaman da, tar da gözəldir,

                                           Aşıq Ələsgərin sazından olmaz.”

1980-ci illərin əvvəllərində bəstələnmiş bu mahnını Nisə xanım nəinki efirdə, həmçinin konsert salonlarında, müxtəlif tədbir və məclislərdə böyük şövqlə və məsuliyyətlə ifa edərək nəqərata həmişə “Zirvədə duman da, qar da gözəldir” misrası ilə başlayıb. (Bu yerdə istədim ki, “başqa bir müğənni bu səhvə yol versəydi” yazam, həmin anda vaz keçdim. Başqa bir müğənninin də, müğənni olmayanın da mahnının mətnini təhrif etməyə, ona özündən sözlər uydurmağa heç bir ixtiyarı yoxdur.)

Bu məqamda daha bir ifanı xatırladım – gün ərzində bir neçə radio efirindən  az qala 4-5 dəfə səsləndirilən və guya yeni  uyğunlaşdırmada təqdim olunan Sevda Ələkbərzadənin ifasını. Yenə də Ə. Tağıyevin Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi “Qal, sənə qurban” mahnısının melodiyasını ciddi təhrif etməklə müğənni “Gəl çəkmə sinəmə sən hicran dağı” misrasında “sinəmə” əvəzinə “könlümə” oxuyur. Məgər Müşfiq bu şeirini yazarkən bilmirdi ki, “dağ” hara çəkilər? Ümumiyyətlə, yalnız bəstəkar mahnılarını deyil, hətta xalq mahnılarımızı da “şikəst” edərək oxuyan S. Ələkbərzadəyə irad tutmaq əvəzinə “bu, onun stilidir” deyən musiqişünaslarımız da vardır  təəssüf ki!

Məhz peşəkar musiqiçilərdən, tanınmış bəstəkar və musiqişünaslardan heç bir tənqid hiss etməyən müğənnilərimiz, hətta son illərdə xanəndələrimiz də xalq mahnılarımızı “Gülümsərovsayağı calaq edib” əcnəbi ritmlərin, melodiya və mahnıların müşayiətilə oxuyurlar. Belə calaq olunmuş mahnılarımız “yeni üslub”, “yeni yanaşma” adı ilə İspaniya, Meksika, İtaliya, Fransa, İngiltərə, Argentina, Braziliya mahnı və ritmlərilə qoşa yazdırılaraq ifa olunur. Görəsən həmin ölkələrdə də bizim belə yeniliyə qarşılıq verərək ara-sıra xalq mahnılarımızı səsləndirirlərmi?

Bir çox hallarda xalq mahnılarımızın oxunmasında xanəndələrimiz tərəfindən işlədilən səhv ifadələrlə də rastlaşırıq. Məsələn, “O məh cəmalın...”  (“O mah (Ay) camalın”) kimi.

Bu cür mahnılardan əlavə öz bəstəkarlarımız tərəfindən yazılan mahnılar da yaxşı sözlərinə, normal melodiyasına baxmayaraq elə bir tərzdə səsləndirilir ki, bu da süni bayağılıq yaradır. Müğənni Zamiqin oxuduğu və qısa müddətdə populyarlıq qazanmış “Kaman” mahnısında “Kaman ayrılıq nəğməsi çalır” misrası eşidilsə də, gitara ilə müşayiət olunan mahnı boyu bir dəfə də olsun kamanın səsi eşidilmir.

Müstəqillik illərimizdə mahnı ifaçılığında daha bir mənfi tərəfimiz ifrat dərəcədə qabarmağa başladı. Hərçənd sovet dövründə bu cür hallara bir o qədər də əhəmiyyət verilmirdi: yəni qadın kişinin dilindən, kişi qadının dilindən yazılmış sözləri oxuyub ifa edirdi, hətta hökumət konsertlərində belə. Qadın müğənninin “Məhbubəm, sənsizəm, gəl...”, “Gülüm oy, oy, oy, Gözəl yarım, Əsmərim oy!”, “Dərdindən mən dəliyəm, Ceyran...”,  “Anam gəlini, incitmə məni... Eşqimi sənə vermişəm” və digər bu qəbildən olan mahnıları oxuması adicə bir ifa olaraq normal sayılırdı. Görkəmli sənətkarımız Fatma Mehrəliyevanın ifasında “Qaragilə” mahnısı bir dəfə yazılıb və həmişə də o lent səsləndirilir, baxmayaraq ki, müğənni belə oxuyub: “Nə mənə qız qəhətdi, nə sənə oğlan”. Bu gün isə bilərəkdən qadın müğənninin “Ay xanım, xanım, gəl səni alım, Qoynuma salım, ay xanım” oxuması təbii ki, dinləyicidə ikrah doğurmaya bilməz.

Məgər indiyədək “Azərbaycan oğluyam” mahnısını qızın, “Azərbaycan qızıyam” mahnısını isə oğlanın ifasında eşitmişikmi? Əsla! Nə üçün? Ona görə ki, həmin mahnılarda kimliyin birbaşa təqdimatı vardır. Bəs nümunə gətirdiyim, həmçinin sadalamadığım nə qədər mahnıda belə deyilmi?

Amma o dövrdə sözlərin fərqinə varan, mətni dərk edən müğənnilər tərəfindən belə incə məqamlar ortaya çıxdıqda mətndə yerinədüşən müvafiq dəyişiklik edilirdi və bu da necə deyərlər, qulağa xoş gəlirdi. Məsələn, “Sudan gələn sürməli qız” mahnısını qadın ifa edirdisə, “Gəlsən, səni özüm allam” yox, “Səni qardaşıma allam” oxuyurdu.

Bu mahnıdan söz düşmüşkən, son illərdə demək olar ki, onun bütün ifaçıları “Elə naz ilə gəlirsən, aparırlar bizə səni” deyə oxuyurlar. Axı, bu qız sudan gəlirsə, deməli su dolu kuzə ilə öz evlərinə gedir, bu vəziyyətdə onu küçədən tutub başqa evə niyə aparmalıdırlar? Burada oxuyan oğlanın arzusu səslənir: “...aparalar bizə səni”.

Daha bir misal:  

“Ay gedən oğlan, hil olum boynuna,

                                         Elçini göndər, gələrəm toyuna!”

Bunu oxuyanların hər hansı biri bu iki misranın məntiqinə varıbmı? Əsla! Hər kəs bu mahnını demək olar ki, mexaniki ifa etməkdədir. Necə olur ki, qız oğlanın boynunda hil (boyunbağı növü) olmaq istəyir, oğlan qıza elçi göndərir və sonra qız durub oğlanın toyuna gedir? Bu, hansı xalqın adət-ənənəsidir görəsən bu mahnıda özünə yer alıb? İfaçılar, musiqiçilər, ansambl rəhbərləri vaxt ayırıb əməlli fikirləşsəydilər, bu müəmmaya bir cavab tapardılar. Lakin heç kim başını yormaq istəmir. Əslində bu mahnının söz və musiqi müəllifi sayılan Tağı Salahoğlu “Ay gedən gözəl, hil olum boynuna, Bacını göndər, gələrəm toyuna” yazıb və oxuyub.

Bir sıra verilişlərdə, bəzən isə hətta konsert səhnələrində mahnı elan olunduqda müəlliflərin, çox hallarda şairlərin adları səhv elan olunur. Elə ötən il Ana televiziya saydığımız Azərbaycan Televiziyasının “Yaradanlar, yaşadanlar” verilişinin növbəti, bəstəkar Rauf Hacıyevin yaradıcılığına həsr olunmuş buraxılışında aparıcı “Azərbaycan” mahnısını elan edərkən sözlərinin Səməd Vurğuna aid olduğunu söylədi. Mahnını ifa edib bitirdikdən sonra müğənni Ramil Qasımov da bu mahnının mətn müəllifinin Səməd Vurğun olduğunu bir daha vurğuladı. Çox təəccüblü hal idi ki, verilişdə iştirak edən bir neçə tanınmış bəstəkar və musiqişünaslardan heç biri bu yanlışlığa düzəliş edib münasibət bildirmədi. Halbuki əvvəlcə Mirzə Babayevin ifasında səslənən, sonralar isə Rəşid Behbudovun yeni formatda təqdimatında dünyanı dolaşan bu möhtəşəm mahnının sözləri məhz bu televiziya və radioya komitə sədri kimi uzun müddət rəhbərlik etmiş mərhum şairimiz Ənvər Əlibəyliyə məxsusdur.

S. Vurğunun “Azərbaycan” şeirinə yazılmış mahnının müəllifisə Ələkbər Tağıyevdir. Bu mahnı da görkəmli sənətkarımız Zeynəb Xanlarovanın sayəsində dünya şöhrəti qazanıb.

Səməd Vurğunla başladığım bu yazımı elə onun da adının çəkildiyi mahnıdan bir misalla tamamlamaq istədim. Sözləri Aşıq Əhmədə məxsus olan “Gəl gedək, Qazaxa bir salam verək” aşıqsayağı mahnını yazdırarkən müğənni Röya belə oxuyub:

                                      Gəzək pərdə-pərdə, verə səs-səsə,

                                      Könül şad olarmı ürək gülməsə?

                                      Vurğunun yerini bizə kim desə,

                                      Əhməd, o yerlərə bir salam verək!

Bu yerdə uşaqların sevimli oyunu “Gizlən-aç” (“Gizlənpaç”) yada düşür. Əslində isə “yerini bizə kim desə” yox, “Vurğun gəzən yeri bizə kim desə” oxunmalıdır. Milli mahnılarımızın, milli musiqimizin ən gözəl və əlverişli təbliğatçısı radiodur. Çünki hər bir şəxs – sürücü də, məmur da, satıcı da, bərbər də, evdar xanım da öz işindən ayrılmadan radionu dinləyə bilir. Şübhəsiz ki, mənalı sözlü, ürəyəyatım musiqili və gözəl ifalı mahnılar onların əhval-ruhiyyəsinə müsbət təsir edərək xoş ovqat və işgüzarlıq həvəsi yaradır. Lakin bəzi radio kanallarımız həftə ərzində, çox vaxt isə daha artıq, bir mahnını gündə 5-6 dəfə səsləndirirlər. Dinləyicini belə bezikdirməkdənsə, yenə də 1950-80-ci illərin məşhur müğənnilərinin ifalarını, ən məşhur mahnı bəstəkarlarımızın əsərlərindən ibarət proqramları, hətta onların heç olmasa, ayda bir dəfə ayrıca konsertlərini hazırlayıb səsləndirmək daha məqsədəuyğun olar.

Əsas odur ki, efirimizə, musiqimizə, mahnılarımıza və dinləyici zövqünə ciddi, məsuliyyətlə, vətəndaşcasına yanaşmaq istəyi olsun.

 

                                                                             Ələkbər Qasımov

         AMEA Naxçıvan Bölməsi İncəsənət, 

                                                                        Dil və Ədəbiyyat İnstitutunun elmi katibi,

                                                                        sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent,

                                                                        Azərbaycan Teatr Xadimləri İttifaqının və

                                                                                                Jurnalistlər Birliyinin üzvü.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: