Ötən həftə keçirilən “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı burada yaradılan bir-birindən dəyərli əsərlərlə yadda qaldı. Qədim diyarın tarixi, müasir həyatı, mədəniyyəti, habelə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması bu əsərlərin əsas məğzini təşkil edirdi.
NUHÇIXAN xəbər verir ki, festivala dəvət almış rəssamların Naxçıvanın gəzməli və görməli yerləri ilə tanışlığı onlarda böyük maraq doğurub. Bunu həmin sənət adamlarının öz vətənlərinə geri qayıtdıqdan sonra sosial şəbəkələrdə etdikləri paylaşımlarda da görmək mümkündür. Bu paylaşımlarda Naxçıvanın maraqlı yerləri ilə tanışlıqdan alınan təəssüratların nə qədər dolğun olduğu aydın anlaşılır.
Türkiyəli rəssam Nülufər İnaltongun “Facebook” sosial şəbəkə hesabında onların festival müddətində Naxçıvanqalada, Bəhruz Kəngərli adına Rəssamlar Parkında, Bəhruz Kəngərli Muzeyində, Xalça Muzeyində, müqəddəs Əshabi-Kəhf ziyarətgahında, Naxçıvan Dövlət Tarix Muzeyində, habelə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonunda və Əcəmi seyrəngahında olduqları zaman çəkdiyi fotoşəkillər paylaşılıb.
Başqırdıstanlı rəssam Diana Arslanova isə Heydər Əliyev Muzeyi, Əshabi-Kəhf ziyarətgahı, Naxçıvanqala, Möminə xatın türbəsi, Əcəmi seyrəngahı, Bəhruz Kəngərli adına Rəssamlar Parkı və Xalça Muzeyi haqqında paylaşımlar edib.
Polşalı rəssam Yekaterina Zyzakın paylaşımı daha maraqlıdır. Belə ki, o, Qarabağlar türbəsinin fotoşəklini paylaşmaqla bərabər, onu həm də öz profili üçün örtük şəkli kimi də istifadə edib.
Festivalda iştirak etmiş digər bir sənət ustası, dağıstanlı rəssam Patimat Guseynova Qarabağlar türbəsi, Möminə xatın, Xalça Muzeyi və Naxçıvanqaladakı təəssüratlarını çoxsaylı dostları ilə paylaşıb.
Gürcüstanlı rəssamlar Lela Geleişvili, Lia Şvelidze və Ketevan Basilaşvilinin paylaşımları isə fotoşəkillərin sayı və məzmununa görə də maraq doğurur. Belə ki, bu üç rəssam, ümumilikdə, 250-yə yaxın fotoşəkil paylaşmaqla, əsasən, Naxçıvanın görməli yerləri haqqında öz dostlarında geniş təəssürat yarada biliblər. Bu paylaşımlardan göründüyü kimi, Naxçıvan qədim diyara səfər edən insanlarda həm təbiəti, həm mədəni inkişaf səviyyəsi, həm də tarixi zənginlikləri ilə böyük maraq doğurur.