Xalq teatrının 10 illik yubileyi qeyd edilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon Xalq Teatrının yaradılmasının 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova Babək Rayon Xalq Teatrının yaranma tarixindən və 10 illik fəaliyyətindən danışıb. Yubiley münasibətilə kollektivi təbrik edən nazir xalq teatrının bundan sonrakı fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Naxçıvanda teatrların fəaliyyətinə göstərdiyi yüsək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mədəniyyət işçiləri adından minnətdarlığını bildirib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov Babək Rayon Xalq Teatrının rayon sakinlərinin mədəni tələbatının ödənilməsindəki fəaliyyətindən bəhs edib, kollektivin Babək rayonunda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakından danışıb.
Sonra Babək Rayon Xalq Teatrının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin bədii hissəsində Babək Rayon Xalq Teatrının “Yollara iz düşür” “5 manatlıq gəlin”, “Xəcalət”, “Qız atası” tamaşalarından hazırladığı parçalar teatrsevərlərə təqdim edilib.