“Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir”, – deyən ulu öndər Heydər Əliyev Cəlil Məmmədquluzadənin yaratdığı əsərləri Azərbaycan xalqının milli sərvəti, mənəviyyat mənbəyi hesab edirdi. Cəlil Məmmədquluzadənin redaktorluq etdiyi “Molla Nəsrəddin” jurnalı da xalqla, xalqın həyatı ilə, onun arzuları ilə sıx bağlı idi. Çünki Mirzə Cəlil həyatı boyu xalqımızın xoşbəxtliyi uğrunda mübarizə aparıb. Onun felyetonları, hekayə və şeirləri ayrı-ayrı şəxslərin tale və gələcəyindən deyil, bütöv bir xalqın taleyindən, gələcəyindən bəhs edir. “Cəlil Məmmədquluzadə öz yaradıcılığı, əsərləri, publisistikası, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır, – deyən ulu öndər Heydər Əliyev Mirzə Cəlilin öz xalqı qarşısındakı xidmətlərini yüksək qiymətləndirirdi.
Cəlil Məmmədquluzadə redaktoru olduğu “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycan ədəbiyyatı və mətbuatında, o cümlədən pedaqoji fikir tariximizdə, həqiqətən, yeni bir dövr açdı. “Molla Nəsrəddin” jurnalı nəşrə başladığı ilk günlərdən həm böyüyən yeni nəslin, gənclərin, həm də yaşlıların təlim-tərbiyəsi məsələləri ilə ciddi məşğul oldu. Jurnalın elə bir nömrəsini tapmaq olmaz ki, orada məktəb, maarif, təlim-tərbiyə məsələlərinə toxunulmamış olsun. Jurnalın bu problem ətrafında apardığı mübarizəsinin əsas məqsədi gənclərin təlim-tərbiyə işini yaxşılaşdırmaq, köhnə molla məktəblərini yeni üsullu məktəblərlə əvəz etmək, təlim üsullarını, onun məzmununu dəyişdirmək, əhalinin savadlanmasına kömək etmək, bədən cəzasını məktəblərdə qadağan etmək və başqa məsələlər idi. Jurnalda belə bir fikir tez-tez vurğulanırdı ki, müasir məktəb olmasa, müasir gənclik də olmaz. Xalqın mədəniyyətinin inkişafını, milli şüurunun oyanmasını, müasir tədris ocaqlarının yaradılmasını və burada dərs deyən əsl xalq müəllimlərinin hazırlanmasını Cəlil Məmmədquluzadə və ya “Molla Nəsrəddin” jurnalı təkidlə tələb edirdi. Cəlil Məmmədquluzadənin bu ideya, bu amal uğrunda apardığı mübarizəsini ümummilli lider belə dəyərləndirirdi: “Əsrimizin əvvəlində fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə bu gün, əsrimizin sonunda bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır. O, bizə ilham verir, bizə güc verir, sürətlə irəli getməkdə, xalqımızı bugünkü vəziyyətdən çıxartmaqda bizə kömək edir”.
Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında o dövrdə baş verən mürəkkəb hadisələrin yalnız passiv təsvirini və şəkillərini verməyib. Həmçinin onları təhlil-tədqiq edib, tənqid süzgəcindən keçirib, onları bəzən birbaşa, bəzən kinayəli, bəzən başqasının dili ilə, dolayı yolla söyləyib və onun çarəsini axtarıb. Böyük ədib həyatın ictimai inkişafına mane olan bütün səbəbləri daim satira atəşinə tutub və onlara qarşı barışmaz mövqe tutub. İrəli sürülən məsələlərin forması deyil, həm də onların məzmunu böyük demokratı hər zaman maraqlandırırdı.
Cəlil Məmmədquluzadə həmişə tənqid etdiyi hədəfindən yüksəkdə dururdu. Bu yüksəklik hər şeydən əvvəl ideya yüksəkliyi idi. Mirzə Cəlili yalnız savadlılar deyil, avam camaat da, siyasətdən xəbərsiz olan cahillər də ürəkdən alqışlayırdılar. Jurnalı oxuyanlar biixtiyar olaraq əvvəl gülür, sanki orada özünü görür, sonra isə birdən dayanır, öz-özünə fikirləşir və düşünürdü. Bu mənada, jurnal obyektiv bir təsvirçi deyildi. O, həyatda gördüyü bütün mənfi qüvvələri öz satirası ilə qamçılayır və onlara öldürücü zərbələr vururdu.
Böyük ədib həm də gözəl psixoloq idi. Cəlil Məmmədquluzadənin uşaq psixologiyasını yaxşı bilməsi isə onun 10 illik müəllimlik təcrübəsindən irəli gəlirdi. O, təlimdə əyaniliyi vacib məsələ sayırdı. Çünki əyani vəsaitlə keçirilən dərsi uşaq bütün hiss üzvləri ilə qavrayır və dərk edir. Mirzə Cəlil xalqı başa salırdı ki, yeni üsullu məktəblərdə təlim ardıcıl, sistemli, yaxından-uzağa və möhkəm proqram əsasında keçirilir. “Molla Nəsrəddin” jurnalı yeni məktəblə köhnə məktəbləri qarşılaşdırır, onların əsaslı fərqini, dünyəvi elmlərin digər elmlərdən üstün olmasını, Günəşin Yer ətrafında deyil, Yerin Günəş ətrafında fırlanmasını, tədris edilən fənlərin dinə deyil, elmə əsaslanmasını, molla ilə pedaqoji təhsil görmüş müəllimlərin fərqini aydınlaşdırırdı.
Ulu öndər Heydər Əliyevi valeh edən əsərlərdən biri də Mirzə Cəlilin “Ölülər” əsəri idi. Ümummilli lider Heydər Əliyev hətta dünya ədəbiyyatında da Cəlil Məmmədquluzadənin bu əsərinə bənzər, ona bərabər bir əsərin olmadığını əminliklə bildirirdi: “Ölülər” əsəri haqqında mən tam cəsarətlə deyə bilərəm ki, dünya ədəbiyyatında buna bərabər, buna bənzər ikinci əsər tapmaq mümkün deyildir. Bu əsər Cəlil Məmmədquluzadənin həm nə qədər böyük filosof, psixoloq olduğunu göstərir, həm də onun yalnız özünəməxsus yaradıcılığını və özünəməxsus istedadını əks etdirir. Cəlil Məmmədquluzadə dahi insandır... Hesab edirəm ki, bəşər tarixində “Ölülər” kimi bir mövzuda əsər yaranmayıbdır... Bu cür psixoloji bir mövzu, bunun kəşf edilməsi, doğrudan da, Cəlil Məmmədquluzadənin nə qədər dahi adam olduğunu göstərir”.
Ümummilli liderin qeyd etdiyi kimi, Cəlil Məmmədquluzadə yaradıcılığında milli və bəşəri ideyalar daha çox üstünlük təşkil edir. Böyük demokrat “Şeir nəşəsi” felyetonunda yazır: “Dünyadan xəbəri olmaya-olmaya beş sütun hədərən-pədərən yazmaq, yalan-palana camaatı müştəbeh etmək heç də yazıçılıq demək deyil. Şeir nəşəsi ilə məst olan şairlərin dövrü mətbuat səhifələrində eşqdən, məhəbbətdən, vüsaldan, kaman qaşlardan, lalədən, bülbüldən, güldən, pəridən, ulduz gözlərdən və habelə şairanə nazik mətləblərdən bəhs etməkdə davam etmələri ilə millətə layiqincə xidmət göstərmək mümkün deyil.”
Böyük demokrat millətə xidmətin yolunu belə açıqlayırdı: “Özümüzü quru tərif və yalançı alqışlarla yox, məhz acı həqiqəti meydana qoymaqla maarif evini abad edə bilərik. Qeyri bir yol yoxdur”.
Ulu öndər Heydər Əliyev Cəlil Məmmədquluzadənin yaradıcılığında olan bu kimi milli xüsusiyyətləri, ümumbəşəri dəyərləri və milli ideologiyanı belə səciyyələndirirdi: “Cəlil Məmmədquluzadənin yaradıcılığındakı Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşəri dəyərlərini əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir”.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin yubileyi geniş qeyd olunur. Bu Sərəncam böyük demokrat Cəlil Məmmədquluzadənin yaradıcılığına olan sevgi və məhəbbətin, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan diqqət və qayğının bu gün də davam etdiyini göstərir. Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan var olduqca ulu öndər Heydər Əliyev irsi ilə bərabər Cəlil Məmmədquluzadə irsi də yaşayacaq və var olacaqdır.
Kamal Camalov,
Azərbaycan Respublikasının
Əməkdar müəllimi
“Nuh yurdu” qəzeti