Bu il Azərbaycan şifahi xalq ədəbiyyatının, daha doğrusu, milli dəyərlərimizin mayasını təşkil edən xalq mahnılarımızın və milli oyun havalarımızın tədqiq olunmasında, toplanmasında, eyni zamanda nota köçürülməsində böyük xidmətləri olan Ərtoğrol Cavidin 100 yaşı tamam olur. Sovet rejiminin repressiya qurbanlarından birinə çevrilən Hüseyn Caviddən sonra “vətən xaininin oğlu” kimi qara ləkəli bir damğanı çiyinlərində daşımağa məcbur edilən Ərtoğrol Cavid 24 illik qısa, lakin mənalı bir ömür yaşadı.
Ərtoğrol Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakı şəhərində anadan olub. 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1941-42-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında böyük Üzeyir Hacıbəyovun sinfində musiqi təhsilini davam etdirib. Eyni zamanda xalq üçün, el-oba üçün gərəkli olan bir işi – xalq mahnılarını, xalq oyun havalarını nota köçürmək, nağıllarımız, dastanlarımız haqqında tədqiqat xarakterli məqalələr yazmaq, gözəl rəsm əsərləri yaratmaq, ruhuna uyğun şeirlər yazmaq, dünya musiqiçilərinin əsərlərini dilimizə tərcümə edərək böyük əzmlə çalışmaq belə cavan yaşda böyük bacarıq və qüvvə tələb edirdi. Ərtoğrol o qarmaqarışıq illərdə durmadan, yorulmadan çalışırdı. Sanki zamanın onun üçün daraldığını hiss edirdi. Yazıb-yaratdıqları Üzeyir bəy və Bülbül tərəfindən yüksək qiymətləndirilən Ərtoğrol Cavidin qəlbində həyat eşqi, yazıb-yaratmaq eşqi çox güclü idi. Nota köçürdüyü 200-dən çox el havaları, mətnləri, yazıya aldığı çoxsaylı dastan və nağıllar, fortepiano üçün “9 variasiya”,“Sonatina”, prelüdlər, miniatürlər, pyeslər, musiqi lövhələri, skripka və fortepiano üçün “Poema”, “Cəbhədən məktub” simfonik balladası, nəfəsli orkestr üçün marşlar, klassiklərimizin sözlərinə mahnı və romanslar, instrumental və kamera əsərləri, tamamlanmamış “Şeyx Sənan”, “Məhsəti” operaları istedadlı bəstəkar Ərtoğrol Cavidin kiçik yaradıcı ömrünün həm məzmun, həm də forma baxımından böyük dəyərli əsərləridir.
Hələ 2004-2008-ci illərdə bu sətirlərin müəllifi “Ərtoğrol Cavid, yaxud bir ailənin dramı” mənzum faciəsini yazarkən ciddi araşdırmalar aparıb. Ərtoğrolun o zaman ata Caviddən sonra himayədarları olmuş Bülbül və Üzeyir Hacıbəyovun dili ilə onun yaradıcılığını təqdim etdiyi mənzum parçanın oxucular üçün maraqlı olacağını nəzərə alaraq bəzi hissələrini olduğu kimi təqdim edirəm.
Bülbül – (üzünü Üzeyir bəyə tutaraq təəccüblə)
Belə bir kamillik, iyirmi yaşında?
Gör nələr var imiş bunun başında?
Bunlar xalq mahnısı, xalq deyimidi,
Bunu nota salmaq deyildir adi.
Mahnının dilinə toxunmayıbdı,
Bunlar, not üstündə oxunmayıbdı.
“Üç gündə bir, beş gündə bir”,
“Uca dağlar”, “Həyətləri soğanlıq”
Hələ dayan bir anlıq.
Bu gün çətin tapılar,
Belə gənc istedadlar.
“Qaşın-gözün sürməli”,
“Dağlarda çiçək” də var.
Üzeyir bəy
Ərtoğrol yaradar, Cavid nəslidi,
Ərtoğrol- Cavidin elə əslidi.
Çağlayır qəlbində min arzu- kamı,
Sanki, dağ selidir, coşur ilhamı.
O həm rəssamdır, həm də bəstəkar,
Hələ o ürəkdə şairlik də var.
Cabbarla Ələsgər oxuyan zaman,
Nota köçürübdür onları, güman.
Bülbül – (Əlində baxdığı not kağızlarını çevirərək)
Aşıqlardan yazıbdı “Koroğlu ovşarını”,
Sanki, köçürüb bura, təbiət baharını.
Bu da “Güllü qafiyə”, “Paşa köçdü” mahnısı,
Xalqın ruhu duyulur, çox gözəldi hamısı.
Üzeyir bəy – (Əlindəki not kağızını Bülbülə uzadaraq)
Hələ bax, bu mahnıda deyib əsil sözünü,
Tükəzbanla işləyib, o məşhur “Kürd qızını”.
(Tükəzban İsmayılova nəzərdə tutulur)
Bülbül
Necə qabil insan, necə bir cavan,
Nə tərif söyləsək, inan, yeridi.
Belə düşüncəylə, belə ağılla,
Ərtoğrol, Cavidin şah əsəridi.
Bu misralardan da göründüyü kimi, onun həyat amalı xalqa xidmətdən ibarət idi. Ərtoğrol Avropa və rus bəstəkarlarının not şəklində çap olunmuş bir çox mahnılarını və romanslarını da dilimizə tərcümə edib. Ərtoğrol Cavidin qəlbində həyat, yazıb-yaratmaq eşqi ilə yanaşı, sevib-sevilmək eşqi də güclü idi. Lakin qəlbində gəzdirdiyi pünhan sevgisi özü ilə pünhan olaraq əbədiyyət dünyasına köçdü.
Ərtoğrol Cavidin müxtəlif vaxtlarda qələmə aldığı “Göyərçinin naləsi”, “Qalibiyyət nəğməsi”, “Bahar”, “Borjom”, “Sönük həyat”, “Dalğa”, “Ay”, “İspan qadının dilindən layla”, “Sənsən”, “Layla” və başqa şeirləri vardır. Eyni zamanda onun “Uğursuz gecə”, “Məktub”, “Oxu, bülbülüm, oxu”, “Gənc qadının ilk çocuğu ölürkən”, “Vərəmli bir qız” kimi nəsr əsərləri də vardır.
Ərtoğrol Cavid Pedaqoji İnstitututda (indiki ADPU-da) tələbə ikən bir sıra dünya klassiklərinin yaradıcılığı barədə maraqlı referatlar hazırlayıb ki, bunlar onun geniş mütaliəsindən və dərin elmi-ədəbi təfəkküründən soraq verir. O, Musiqi Elmi-Tədqiqat Kabinetində çalışdığı vaxtlarda Azərbaycanın ayrı-ayrı regionlarından toplanmış müxtəlif janrlı folklor nümunələri, eləcə də şifahi xalq ədəbiyyatına dair bəzi tədqiqat əsərləri barədə dəyərli elmi rəylər də yazıb.
1942-ci ildə ordu sıralarına çağrılan, lakin “xalq düşməninin oğlu” kimi cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna göndərilən Ərtoğrol Cavid orada vərəm xəstəliyinə tutulur. Ərtoğrol bəy 1943-cü il aprelin 26-da Tiflis xəstəxanasından böyük müğənni Bülbülə məktub yazır:“Hörmətli Bülbül dayı, salamlar. Bir ədib söyləmiş ki, həyat insanlardan da insafsızdır. Doğrudan da belə imiş. Tale məni elə bir dərdə saldı ki, bütün planlarım, arzularım alt-üst oldu. Qarşıdakı əsas məsələ möhkəm yemək, təmiz hava udmaq və dincəlməkdir. Bəlkə, kiçicik ömrümə bir neçə gün əlavə edə bildim. Vəziyyətim çox da yüngül deyil. Aprel ayının 7-dən başlayaraq ta 18-nə qədər sinəmdən qan gəldi. Temperaturum səhərlər 38-dən aşağı enmir, gecə isə 40-a qədər qalxır. Lazımi davacat və yeməyin olmaması işləri daha da ağırlaşdırır. Son dərəcə zəifəm. Yerimdə otura bilmirəm. Doktor yazmağa icazə vermir. Məktubu gizli, uzandığım halda yazıram. Vəziyyətin bu qədər ağırlığına baxmayaraq, gizli bir mənbə mənə daima qüvvət verir. Məni yaşadan bu qüvvə, sarsılmaz iradə və möhkəm inamdır, mən öz məqsədimə – idealıma çatacağam. O, musiqidir. Anam salamat gəlib çatdı. Üzeyir bəyin, sizin və konservatoriyanın mənə yardım etdiklərini söyləyincə gözlərim yaşardı. Demək, mən xatirələrdə yaşayıram. Yardımınıza görə çoxlu-çoxlu təşəkkürlər edirəm. Sağlıq olsun, heç bir yaxşılıq əvəzsiz qalmır. Mənim indiki planım Naxçıvana getməkdir. Orda hər bir şey var. Nənəmlə qonşu kəndlərə gedəcəyəm. Əgər səhhətim imkan versə, kabineti maraqlandıran materiallar toplayacağam. Yanımda xeyli not və yazı kağızı var. Artıq yazacaq bir şey yoxdur. Vaxt edə bilsəniz cavab yazın. Yardımınıza görə yenə də dönə-dönə təşəkkür edirəm. Məndən hamıya – kabinetin əməkdaşlarına, müəllimlərimə, xatırlayanların hamısına salamlar. Əllərinizi sıxıram. Sizin Ərtoğrol Cavid”.
Bir müddət Tiflis şəhərində müalicə olunan Ərtoğrol Cavid Əziz Şərifin köməyi ilə Naxçıvana gətirilir. Ərtoğrol 14 noyabr 1943-cü ildə 24 yaşında vəfat edib və Naxçıvan şəhər qəbiristanlığında dəfn olunub. Hüseyn Cavidin nəşinin uzaq Sibirdən, həyat yoldaşı Müşkünaz xanımın nəşinin Bakıdan və oğlu Ərtoğrol bəyin nəşinin Naxçıvan şəhər qəbiristanlığından gətirilib memarlıq üslubuna görə Naxçıvan şəhərinin ən gözəl tikililərindən olan məqbərədə bir yerdə dəfn olunması ümummilli liderimiz Heydər Əliyevin Cavid Əfəndi və onun ailəsinə verdiyi dəyərin parlaq ifadəsi idi.
Bu gün Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinə Ərtoğrol Cavidin adının verilməsi, “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 aprel tarixli Sərəncamı muxtar respublika mədəniyyətinə, incəsənətinə göstərilən dövlət qayğısının təcəssümüdür.
Sonda qeyd edək ki, bir ailənin acı taleyinin həyat dramında aylar və rəqəmlər ardıcıllığı da insanı heyrətə gətirir. Hüseyn Cavidin ailə üzvlərinin doğum tarixinə nəzər salaq: Hüseyn Cavid 24 oktyabr 1882-ci il, Ərtoğrol Cavid 22 oktyabr 1919-cu il, Turan xanım 2 oktyabr 1923-cü il. Yaxud Hüseyn Cavidin Bakıda yaşadığı evin nömrəsi: 59, sürgündə vəfat etdiyi yaş: 59 , sürgündəki ölüm aktının nömrəsi: 59, Sibirdəki qəbrinin nömrəsi:59. 1937-ci ildə ayrılan ailə üzvləri də əbədiyyətə qovuşduqdan 59 il sonra Naxçıvanda görüşdülər. Hüseyn Cavidin və ailə üzvlərinin həyatında 3 və 13 rəqəmlərinin də sanki sirli şəkildə təkrarı vardır.
Həyata gəlişləri xəzanlı payız gününə təsadüf edən ata və övladların mənalı ömürləri də xəzana döndü. Payız küləyinin budaqdan qoparıb müxtəlif yerlərə səpələdiyi saralmış yarpaq kimi..
Bu payız Ərtoğrol Cavidin 100 yaşı tamam olur. Yaşadığı qısa – 24 il ərzində yaratdığı əsərlərə, gördüyü işlərə nəzər saldıqda fikirləşirsən ki, az bir müddət ərzində bu qədər əsərlər yaradan insan tam bir ömür yaşasaydı, ömür vəfa etsəydi görün musiqi xəzinəmiz dəyərli əsərlərlə nə qədər zənginləşərdi?
Həsənəli Eyvazlı,
Filologiya üzrə fəlsəfə
doktoru, şair-dramaturq
“Şərqin səhəri” qəzeti