Məscid, çinar, kəhriz... - FOTOLAR
Hər məhəllə meydanı özündə bu üçlüyü birləşdirib: məscid, çinar, kəhriz. Mövzudan xəbərdar olanlar, şübhəsiz ki, elə yazının sərlövhəsindən söhbətin hansı şəhərdən getdiyini bildilər. Bura Ordubaddır. 1977-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Ordubad qoruq şəhərə çevrilib. Bol suyu, öz dadlı-tamlı meyvələri ilə tarixən bağlar diyarı adlanan Ordubad həm də min illərdir öz sinəsində tarixi hifz edib. Xüsusilə orta əsrlərdə və Naxçıvan xanlığı dövründə sənətkarlığın geniş yayıldığı Ordubad tarixi bir əsər kimi oxunmağa, qorunmağa və sevilməyə layiq bir şəhərdir.
Tarixi mənbələrdə Ordubadın abad bir şəhər olduğu qeyd edilir: “Ordubad şəhəri çeşidli görkəmə malikdir. İrəvan və Naxçıvandan daha ürəkaçandır. Burada xarabalıqlar demək olar ki, yoxdur, bütün Asiya şəhərlərində olduğu kimi küçələr əyri-üyrü olsalar da, içərilərində yaşıl bağlar görünən gil hasarlar və tikililər hesabına fasiləsiz uzanırlar”.
... “1752-ci ildən sonra Naxçıvan xanlığında iki şəhər-Naxçıvan və Ordubad şəhərləri siyasi və iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edirdi. Xanlığın ikinci şəhəri Ordubad idi. Bu şəhər iki dağ arasında yerləşirdi. Ordubad şəhəri inzibati cəhətdən 5 məhəlləyə bölünmüşdü: Sərşəhər, Kürdətal, Anbaras, Mingiz, Üçtürləngə”.
Məhəllələr Ordubadın tarixi qədər qədimdir. Müxtəlif dövrlərdə, xüsusilə də Sovet dövründə məhəllələrin adı dəyişdirilsə də, əhali məhəllələrin tarixi adlarını yaşadıb. Hər addımında tarix qoxan, vaxtilə geniş şəkildə yayılmış sənətkarlıqdan xəbər verən Ordubadın altı da, üstü də bir sərvətdir. Bu sərvətə nələr daxil deyil? Qədim küçələr, özünəməxsus arxitekturası ilə diqqət çəkən yaşayış evləri, şəbəkə sənətinin geniş tətbiq olunduğu məscidlər, yayın cırhacırında ürəyə sərinlik gətirən kəhrizlər və nəhayətdə qocaman çinarlar. XX əsrin əvvəllərində bu gözəl yurdu ziyarət etmiş Nefodov adlı bir səyyah yazıb: “Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir”. Sərşəhər və Anbaras məhəllələrinin qoşa çinarları bu gün də görənləri valeh edir.
Qədim məhəllələr Ordubadı Naxçıvanın digər şəhərlərindən əsaslı surətdə fərqləndirən cəhətlərdəndir. Düzdür, Naxçıvan şəhərində də Əlixan, Şahab, Qurdlar, Sarvanlar kimi qədim məhəllələr mövcuddur. Lakin Ordubaddakı məhəllələrin təkrarı və ya bənzəri dünyanın heç bir yerində mövcud deyil. Küçələr boyu relyefdən asılı olaraq müxtəlif yüksəkliklərdə iki-üç, bəzən isə daha artıq meydan yerləşir. Hər meydanın özündə bir sıra elementləri birləşdirməsi maraq doğurur. Bura məhəllə məscidi, kəhrizlər və meydana xüsusi əzəmət bəxş edən çinarlar aiddir. Məscid, kəhriz və çinar ağaclarına digər yaşayış məntəqələrimizdə də rast gəlmək mümkündür. Lakin Ordubad şəhərindəki vəhdət təşkil edən bu 3 element fərqliliyi və unikallığı ilə öndədir. Təsadüfi deyil ki, indinin özündə də, əsrlər öncə də buraya gələn səyyahlar öz heyranlıqlarını bildiriblər. Etnoqraf və tarixçi Şopenin Ordubadla bağlı fikirləri bu gün üçün də səciyyəvidir: “Ordubadı, mübaliğəsiz, bütün Qafqazın ən şairanə, ən dilbər guşələrindən biri adlandırmaq olar”. Ordubadın hər döngəsi bir şeiriyyətdir. Klassik ədəbiyyatın nəfəsi duyulur. Göz yaşı kimi dumduru kəhrizlərindən, əsrlərin izlərini özündə yaşadan tarixi binalarından ulu Nizaminin, ustad Nəsiminin, baba Füzulinin qəzəllərini uca və qoca çinarlar səmum küləyinin köməyi ilə sanki ətrafa pıçıldayır. Bura Ordubadın qədim məhəllələridir: Sərşəhər, Kürdətal, Anbaras, Minkəs, Üçtürləngə. Bundan başqa, həmin məhəllələrə nisbətən kiçik məhəllələr də var: “Qarahovuz”, “Qaraçanaq”, “Dilbər”, “Əngəş”, “Əsgərxan”, “Varsan”, “Musa təngi” məhəllələri və sair.
Şərq arxitekturasının elementlərini özündə birləşdirən məscidlərə gəlincə isə hərəsi bir tarixi abidə, əsl sənətkarlıq nümunəsidir. Şəhərin bütün məscidlərində, memarlıq üsulları dərin oxvarı fasad-eyvanlar, düzbucaq şəklində özüllər, bir də müxtəlif ağac və şəbəkə işləmələrlə izlənilir. Fikir versəniz görəcəksiniz ki, burada heç bir məscidin minarəsi yoxdur. Bu əsasən şəhərin relyefi ilə əlaqələndirilsə də, digər səbəb kimi bu məscidlərin yaşının daha qədimə söykənməsi ilə izah olunur. Burada məscid damları minarələri əvəz edir. Məscid damlarında minarələrin yerlərinə meydançalar düzəldilib ki, ora balaca pilləkənlərlə qalxılır.
Mingiz, Dilbər, Təkeşiyi kimi məscidlər sırasında şəhərin mərkəzində yerləşən orta əsrlərə aid memarlıq abidəsi olan Cümə məscidi öz möhtəşəmliyi ilə diqqəti çəkir. Məscidin qapısı üzərindəki daş lövhədə I Şah Abbasın nəsx xəttilə 5 sətirlik Ordubad qəsəbəsinin bütün əhalisinin vergidən azad olunması barədə fərmanı həkk edilib.
Məhəllələri gəzdikçə insan bir anlıq özünü keçmişdə hiss edir, hər tikili bir tarix kitabıdır. Bu kitabın səhifələrində yüksək memarlıq və sənətkarlıq mədəniyyətindən, insanlarının milli irsə bağlılığından xəbər tutursan. Yaşayış evləri orta əsrlərə xas olan qapalı malikanə formasında, səkkizüzlü bölüşdürücü dəhlizə malikdir. Bu dəhliz yarımdairəvi, yaxud səkkizüzlü taxtatavanla örtülmüşdür. Dəhlizin vasitəsilə həyətə, bağa, birinci və ya ikinci mərtəbənin otaqlarına, eləcə də zirzəmiyə getmək mümkündür. Bu gün də əksər evlərdə bu plan qorunub saxlanılmaqdadır. Qarahovuz məhəlləsində yaşayan Telman Babayevin 200 ilə yaxın yaşı olan evinin giriş hissəsi bu baxımdan Ordubada gələn hər kəsin diqqətini cəlb edir. Telman Babayev qədim məişət əşyalarını da bu hissəyə yerləşdirməklə kiçik bir muzey yaradıb.
Ordubadda əhali arasında ticarətçilərin çoxluğu şəhərin varlı insanlarının arasında ikimərtəbəli evlərin geniş yayılmasına səbəb olmuşdur. Bütün evlər çiy kərpic və tirlərdən ibarətdir. Evlər bir qayda olaraq küçəyə birləşir, çöl görüntüsünü tamamlayırlar. Divarların eni 70-80 sm-dir və çiy kərpicdən tikildiyi üçün hava isindikcə evlər sərinləyir. Bu cür evlərdə kondisionerə ehtiyac duyulmur.
Ordubad evlərinin qapıları isə ayrı bir mövzudur. Əsasən cəviz ağaclarından hazırlanan bu qapılar dözümlülüyü ilə indiki dəmir qapılarla rəqabətə girə bilər. Maraqlı cəhəti isə fərqli qapı zənglərinin olmasıdır. Qadınlar üçün zəncilbab, kişilər üçün taqqılbab. Zəncilbab və taqqılbabın səsinə əsasən gələn qonağın qadın və ya kişi olduğu müəyyənləşib.
Su həyat mənbəyidir. İllərdir ki, ordubadlılara həyat verən kəhrizlər göz bəbəyi kimi qorunur, istifadə olunur. Su kimi saf, çinar kimi uzunömürlü, din-iman sahibi mehriban ordubadlıların sayəsində nəinki məhəllələrin meydanlarında, eləcə də yaşayış evlərinin həyətində "unikal" hidrotexniki qurğulara malik kəhrizlərin mövcudluğundan xəbər tuturuq. Evlərin çoxunun həyətində girişi aşağıya doğru yönəlmiş kəhrizlər pilləkənlərlə müşayiət olunur ki, bunlar da “Qırxayaq” və ya qırxpillə adlanır. Yəni “40” rəqəmi burada şərtidir. Pillələrin sayı bəzən az da ola bilər. Kəhrizlərin qazılmış lağımları daşla və ya bişmiş kərpiclə tağvarı hörülüb. Bu su sistemləri min illər boyu məişət və təsərrüfatda istifadə edilib. Bu cür kəhrizlər ərzaq saxlanması baxımından sərfəli hesab olunub və belə deyək ki, həm də buzxana rolunu oynayıb. Bu gün həmin yerlərdə ərzaq saxlanılır.
Tarixçilərin dediyinə görə, vaxtilə Ordubadda 100-dən çox çeşmə, kəhriz olub. Bu gün Ordubadda 37 belə su mənbəyindən istifadə edilir.
Mingiz məhəlləsi IX əsrdən qalma məscidi ilə məşhurdur. Görkəmli yazıçı Məmməd Səid Ordubadinin doğulduğu ev də bu məhəllədədir. Hazırda muzey kimi fəaliyyət göstərir. Mingis – min kəs mənasına gəlir. Ordubadlılar keçmişdə 1000 nəfərin yaşadığı məhəllə olduğu üçün belə çağırıldığını nəql edirlər. Tanınmış şəbəkə ustası Cabirin evi və emalatxanası da bu məhəllədədir. Uzun illərdir ki, Cabir usta şəbəkə sənətini yaşadır və onun əl işlərinə Ordubadın bir çox ünvanlarında, o cümlədən məscidlərində rast gəlmək olar. Cabir usta deyir ki, bu sənət memar Əcəmidən bizə yadigardır. Memar Əcəminin əsərlərində şəbəkə növlərindən istifadə edilib. Ordubadda tut ağacı çox olduğundan, tut ağacı da suya davamlı olduğundan qapı-pəncərələr tut və həmçinin cəviz ağaclarından düzəldilib. Pəncərələrdə əvvəl düzbucaqlı sadə, XIII-XIV əsrlərdə isə daha mürəkkəb formalı şəbəkələrdən istifadə olunub.
Görkəmli yazıçı Məmməd Səid Ordubadinin, kimyaçı alim Yusif Məmmədəliyevin, maarifçi pedaqoq Məhəmmədtağı Sidqinin doğulduğu bu şəhər həm də tarixi abidələrilə məşhurdur. Buzxana, hamam kimi abidələri, saysız-hesabsız maddi-mədəniyyət nümunələri, zəngin tarixi barədə XVII əsrə dair Qeysəriyyə binasında yerləşən tarix-diyarşünaslıq muzeyindən daha ətraflı məlumat almaq mümkündür. Qədim dövrlərdən başlamış müasir dövrədək minlərlə eksponatı hifz və nümayiş etdirən muzey Ordubadın zəngin tarixindən, qədim sənətkarlıq ənənələrindən, ədəbiyyatından, mədəniyyətindən, bütün bu zəngin irsin formalaşmasında xidmətləri olan şəxsiyyətlərindən sənə xəbər verəcəkdir. Buyurun, asudə vaxtınızda bu zəngin tarixi vərəqləmək məsləhətdir.
Sərşəhər-şəhərin yuxarısında yerləşdiyindən yəni şəhərin yuxarısı, başında olan məhəllə deməkdir. Əhalinin sıx yaşadığı məhəllədir. Bu qədim məhəllənin meydanı illərdir ki, şadyana günlərimizin şahidinə çevrilib. Xüsusilə də, milli adət-ənənələrimizi, milli kimliyimizi daha çox özündə ehtiva edən Novruz bayramı bu meydanda keçirilir. Qədim məhəllə, qədim adətlər və müasir insanlar. Meydana nəinki ordubadlılar, Naxçıvan şəhərindən, muxtar respublikanın, ölkənin digər bölgələrindən də gələnlər az olmur. Xarici turistlərin də marağı ilbəil artır. Bəli, zaman dəyişib, nəsil dəyişib, insanlar müasirləşib. Məhəllə isə o məhəllədir, adət-ənənələr olduğu kimi yaşadılır. Xan əhalini başına toplayır. Gələcək xoş günlərin müjdəsini verir, musiqi sədaları ətrafı bürüyür. Qoy həmişə günlərimiz belə xoş və mənalı keçsin. Vacib məqam odur ki, tariximiz qorunsun, adət-ənənələrimiz yaşadılsın. Həyatınız çinar ömrü qədər uzun, arzularınız su qədər pak olsun, qəlbiniz dindən-imandan əskik olmasın.
Əzizim Ordubada,
Yol gəlir Ordubada.
Tarix görmək istəyən
Verməsin vaxtı bada.
Ruhiyyə Rəsulova
Naxçıvan televiziyasının
baş redaktoru