Şərq və qərbin qovşağında Ərtoğrol Cavid

A- A A+

Çoxşaxəli yaradıcılıq yoluna malik olan Ərtoğrol Cavid irsinin öyrənilməsi məsələsi son dərəcə aktual elmi problem kimi ədəbiyyatşünaslıq elminin qarşısında dayanan əsas məsələlərdəndir. Ərtoğrol Cavid yaradıcılığı özünün  həzinliyi, yenilikçi ruhu, kreativliyi, dolğunluğu ilə seçilir. Ərtoğrol Cavid sadəcə milli məsələləri, folkloru, Azərbaycan ədəbiyyatını deyil, həm də dünya ədəbiyyatına dair bir çox məsələlərə fərqli aspektlərdən yanaşıb.

Ərtoğrol Cavid irsinin ilk toplayıcılarından olan filologiya üzrə flsəfə doktoru Azər Turanın 2005-ci ildə nəşr olunan 500 səhifədən - “Ərtoğrol Cavid: yazıları, rəsmləri, bəstələri, məktubları”ndan ibarət ilk kitabını oxuyarkən insan burada yer alan əsərlərdə, Şərq və Qərbin qovşağında döyünən dahi Cavidin ziyasını görür. Çox böyük həssaslıqla toplanan əsərlər içərisində yer alan Ərtoğrol Cavidin dünya ədəbiyyatında ortaya çıxan ən əhəmiyyətli əsərlərə dair yazdığı şərhlər insanı heyrətləndirir. Qeyd edək ki, bu yazılar ilk dəfə olaraq həmin kitabda oxucu auditoriyasına çatdırılıb.

Hüseyn Cavidin yeganə oğlu, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin sevimli tələbəsi Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun Sərəncamı bu sahədə atılan ən əhəmiyyətli addımdır. Məlum sərəncamdan sonra xüsusilə Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin irsinin öyrənilməsinə dair son dərəcə perspektivli tədqiqatlar öz işinə başlayıb.

Ərtoğrol Cavid kəpənək ömrü misalı bir ömür yaşayıb. Bu ömür ağır əzablar, ixtişaşlar, tənqidlər, təqiblər və xəstəliklərlə dolu idi.

Məmməd Cəfər Cəfərovun xatirələrində ən həzin, ən maraqlı məqamlarla yaddaşa köçürülən Ərtoğrol Cavid barəsində görkəmli ədəbiyyatşünas alim qeyd edir ki: “Ağıllı, istedadlı, fərasətli, nəcib, ləyaqətli insanlar haqqında xatirələr daimi olur və yaddan çıxmır. Onlar, elə insanlar yada düşəndə də göz önündə nəinki onların zahiri, nəinki gözəl simaları, xoş nəzərləri, hətta rəftarları, hərəkətləri də canlanır. Sanki onların səsini də eşidirsən, onların nəfəsini də duyursan. Mənim saydığım bu gözəl mənəvi, əxlaqi keyfiyyətlərə malik olan, çox yaxından tanıdığım tələbələrimdən biri Ərtoğrol Cavid idi. Mən Ərtoğrolu ilk dəfə onun Pedaqoji İnstitutda dil və ədəbiyyat fakültəsində təhsil aldığı illərdə, sinif otağında görmüşəm. “Sinif otağında görmüşəm” sözünü də təsadüfi işlətmirəm. Ona görə ki, Ərtoğrol tənəffüslərdə də həmişə sinif otağında olur, qarşısında kitab, dəftər, əlində qələm nəsə oxuyur, düşünür, yazırdı”.

Azərbaycan ədəbiyyatı, musiqisi barədə bir çox yeni materiallarla dolu Ərtoğrol Cavid yaradıcılığında ən əhəmiyyətli bölmələrdən biri dünya ədəbiyyatına dair bir sıra məsələlərə həsr olunan hissədir. Bu barədə ədbiyyatşünas alim Azər Turan qeyd edir:

“Pedaqoji İnstitutda Bəkir Çobanzadənin, Mikayıl Rəfilinin, Əli Sultanlının tələbəsi Ərtoğrol Hüqonun, Belinskinin, Gertsenin, Turgenevin, Fişerin, Heynenin, Tolstoyun, Brandesin, Koqanın, Morozovun, Altmanın, Zelinskinin, Veberin - ümumilikdə 36 müəllifin Şekspir, antik yunan mifologiyası... barədə yazdıqlarından bəhs edirdi. Hamletin mənşəyini tədqiq edirdi. Norveç tənqidçisi naturalist Brandesdən Hüqoya qədər hamının, hətta ilahiyyatçıların, hüquqşünasların, asketlərin görüşlərini, Şekspirlə bağlı yazılmış mənbələri, yaxud “Hamlet”in qaynaqlarını bir-bir çözürdü. “Hamlet”, “İlahi komediya”, “Gülən adam”, “Həyatın dibində”, “Don Kixot” 18 yaşlı Ərtoğrol üçün bir rəmz idi. Və o, Faustu, Hamleti, yaxud “deyirsən ki, kütləyə qoşul, lakin mənim ruhum təkliyə uymuş, mən dünyaya nifrət edirəm”, - deyə ifadə etdiyi Bayronik tənhalıqları qara taleyinin, dönük bəxtinin yazısına, izharına vəsilə etməyi bacarmışdı”.

Azər Turanın da qeyd etdiyi kimi, yaşı az olmasına baxmayaraq Ə. Cavid bir çox dünya şöhrətli mütəfəkkirlərin həyatını, yaradıcılığını mənimsəmiş, bu istiqamətdə artıq özünün şəxsi tədqiqatları və fikirləri də formalaşmışdı.

Ərtoğrol Cavidin bu səpkidən Şərq və Qərb qovşağında dayanan mühüm yazılarından olan “Hamlet” haqqında əsəri son dərəcə əhəmiyyətlidir.

Ə. Cavid bu yazısında dahi Şekspirin ən əhəmiyyətli əsərlərindən biri olan “Hamlet” əsəri ilə bağlı bir çox məqamları şərh edib. Ərtoğrol Cavid “Hamlet” əsərini monoloqlar halında şərh edir və yazır: “Hamlet” əsərinin təhlilində əsas rolu onun monoloqları tutur. Əsərdə 7 monoloq var”. Ərtoğrol Cavid Hamletin monoloqlarını pərdələrdəki səhnələrə görə bölür, sıralayır, qruplaşdırır, təhlil edir. Bu təhlillər öz dolğunluğu, elmliliyi ilə seçilir.

Ərtoğrol Cavidin yaradıcılığında Qərb ədəbiyyatına xüsusi maraq mövcuddur. Gənc ədib Avropada yaranan ədəbiyyatda yer alan janrları, -“izimlər”i, cərəyanları da spesifik şəkildə təhlil edir. Romantizim, klassisizm və s. cərəyanlar, kapitalizm kimi rejimlər, inanc sistemləri onun maraq dairəsində idi.

“İngiltərə (romantizm)” başlıqlı, mühazirə dəftərində yer alan maraqlı məqalədə də, bir çox dünyaşöhrətli mütəfəkkirlə bağlı fikirlərini şərh edən Ərtoğrol Cavid, Marks, R. Stil, Drayden, Ben Canson kimi görkəmli imzaların adını və yaradıcılığındakı motivləri geniş şəkildə şərh edib.

Ərtoğrol Cavidin yaradıcılığında yer tutan əksər mövzular hələ də öz tədqiqini gözləyən məsələlərdəndir. Nümunə üçün onun “Göl məktəbi şairləri” başlıqlı yazısını göstərə bilərik. Qeyd edək ki, “XIX əsrdə digər ölkələrdə olduğu kimi, İngiltərədə də romantizm əsasən 2 istiqamətdən ibarət idi: inqilabi romantizm və mühafizəkar romantizm. İnqilabi romantizmin nümayəndələri Bayron və Şelli, mühafizəkar romantizmin nümayəndələri isə “Göl məktəbi”nin (Lake poets – göl məktəbi XVIII əsrin sonları – XIX əsrin əvvəllərində ingilis romantik şairlərinin birləşdiyi qrupun şərti adıdır. Adı İngiltərənin şimal-qərbində, Kambriya qraflığında, dağlıq ərazidə yerləşən Göl vilayətindən götürülüb. Qrupun əsas üzvləri Vordsvort, Kolridc, Sauti bu vilayətdə yaşadığı üçün qrupa belə bir ad verilib. Bəzən də leykistlər (lake – göl) adlandırılan bu üçlüyə yaşlı nəsil romantiklər deyirdilər. Gənc nəsil romantiklər isə Lord Bayron, P. B. Şelli və Con Kits hesab olunur) şairləri idi”.

Ərtoğrol bu prosesi belə şərh edir: “Göl şairlərindən ən talantlısı Vordsvortdur. Lirik olaraq  Vordsvort Bayrondan yüksəkdir. Yaradıcılığı balladalarla başlayır (1798)”.

Ərtoğrol Cavidin məqalələri içərisində dahi rus mütəfəkkiri Qorki də xüsusi yer tutur.  O, Qorkinin “Həyatın dibində”, “Meşşanlar” kimi əsərlərindən özünün “Həyatın dibində” başlıqlı yazısında bəhs edir. Ə.  Cavid  Qorkinin “Həyatın dibində” əsəri haqda belə yazır: “Adından da göründüyü kimi bu əsər həyatın dibini, orada sürünən insanları təsvir edir. Ona görə də, kəskin ictimai-siyasi rola malikdir. Əsərdəki obrazların bir çox ümumi və xüsusi tərəfləri vardır. Sosial şərait səbəbi ilə onlarda pozuqluqlar mövcuddur”.

Ə. Cavid sonra qeyd edir: “Səfil obrazı  on illik bir yaradıcılığı keçərək özünün bitkin ifadəsini, 1902-ci ildə ilk olaraq bu əsərdə tapır”. Bu iddianı etmək üçün bir xeyli mütaliə etməli və geniş araşdırma potensialına malik olmaq lazım idi. Görünür gənc ədib  öz üzərində çox işləyirdi.

M. Qorkinin cahanşümül bir əhəmiyyətə malik olan böyük yaradıcılıq məktəbi, əlbəttə, Azərbaycan ədəbiyyatında da öz faydalı təsirini göstərib. Bizim ən görkəmli yazıçılarımız  Qorkini özlərinə həqiqi bir mənəvi ustad və müəllim kimi tanıyıblar.  Onun yaradıcılığı bizim ən qabaqcıl sənətkarlarımızı ilhamlandırıb və ruhlandırıb.

“Həyatın dibində” pyesində “Dustağın maһnısı” adı ilə məşһur olan bu bədii parça ədibin Azərbaycan dilinə tərcümə edilmiş ilk əsərlərindəndir.

İnqilabi ideyalar tərənnümçüsü Qorkinin xalqımızın qabaqcıl ziyalıları tərəfindən bu cür sevilməsi tamamilə təbiidir. Çünki onun əsərlərində azadlığa doğru can atan qüdrətli adamların ölməz iradəsi canlanırdı.

Böyük fransız yazıçı, dramaturq, şair, publisist, utopik realizmin ən nüfuzlu nümayəndələrindən Viktor-Mari Hüqo (1802-1885) da Ə. Cavidin yaradıcılığındakı əsas xətlərdən biri idi. Gənc ədib Hüqonun yaradıcılığını görünür çox sevirdi. O, dahi Fransız mütəfəkkirinin adını tez-tez xatırlayır, əsərlərini tədqiqata cəlb edərək, yekunda öz analizlərini qeyd edirdi. “Səfillər”, “Gülən adam”  isə Ə. Cavidin haqqında daha ətraflı danışdığı əsərlərdir.  Gənc ədib qeyd edir ki, “Hüqonun irsində romantik və realist motivlər, elementlər bir-biri ilə sıx bağlıdır. Onları ayırmaq çətindir. Hüqonun əsas görüşü humanizm, məhəbbət və xeyirxahlıqdır”.

Ə. Cavid “Hüqonun “Gülən adam”ı haqqında” yazısında qeyd edir: “Gülən adam” romanı Gernsi adasında 1869-cu ildə yazılıb (həmin il may ayında çap olunub). Bu əsər nəslən aristokrat olan, maraqlı macəralar keçirən Quinplenin lordlar palatasına, aristokratiyaya qarşı vurduğu ağır silləni təsvir edir”.

Görünür, Quinplenin obrazı gənc ədibi həddindən artıq təsirləndirib. Səfillər”in qəhrəmanı Jan Valjan bəşəriyyətin intibahı, sevgi və mərhəmətdən sonra oyanın insanlığın simvoludur. “Gülən adam”dakı kralın əmriylə eybəcərləşdirilmiş  Quinplen də şikəst edilmiş xalqın simvoludur: “Mən güclülərin şikəst elədiyi  bəşəriyyəti təmsil edirəm. Onun da hüququnu, həqiqətini, ağılını düşüncəsini mənim ağız və burnumu eybəcər hala saldıqları kimi şikəst ediblər”. Sevgi eybəcər  Kvazimodanın ürəyində insani hisslər doğurduqca Frollonun içində heyvani hissləri oyadır. Onlar iki insan tipinin parlaq nümunələridir.

Nəticə olaraq qeyd edək ki, Ərtoğrol Cavidin Qərbin düşüncəsinin məhsulu olan ictimai-siyası mövzu  və motivləri özündə ehtiva edən əsərlərdən seçdiyi və gətirdiyi sitatlar,  analiz edərək təhlili xarakterdə qələmə aldığı qısa yazılarında Şərq düşüncə tərzində olan boşluqları doldurmaq priyomları özünəməxsusluğu ilə seçilir. Ə. Cavidin seçdiyi bütün əsərlər dünya ədəbiyyatının şedevr parçalarıdır. Bu əsərlər bəşəriyyətin şah əsərləridir. Ə. Cavid həmin mirasa özünəməxsus toxunuşlar edərək Şərq mühitinə Qərbin təfəkkürünü izah etməyə cəhdlər edir. Doğrudur onun bu cəhdlərinin arxa planında böyük düha dayansa da, gəncliyin verdiyi təcrübəsizlikdən doğulan sistemsizlik, sadə cümlə qurmaq texnikası da mövcuddur. Ancaq bu gənc ədibin çatdırmaq istədiyi ideyaya qətiyyən kölgə salmır. Şərq və Qərbin qovşağında var olan Ərtoğrol Cavid irsinə Şərqin izləri, mövzuları, tapıntılarıyla yanaşı Qərbin əsrarəngizliyi hopub.

 

Nərgiz İsmayılova

AMEA Naxçıvan Bölməsi

Filologiya üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: