Albaniyanın özünəməxsus cəhətləri - FOTOLAR

A- A A+

Çox da bahalı olmayan, fərqli simaya malik və az öyrənilmiş Albaniya qənaətcil turistlər üçün uyğun ölkədir. Adriatik və İon dənizlərinin sahillərində valehedici təbiəti, abad çimərlikləri, uzun sürən çimərlik mövsümü (mayın sonundan oktyabradək) bu məkanı populyar kurort şəhərlərinin layiqli əvəzedicisinə çevirir. Həmçinin, burada otellər, qidalanma və əyləncə qiymətləri qonşu Monteneqro və Yunanıstana nisbətən xeyli ucuzdur. Azərbaycan vətəndaşlarına Albaniyaya səfər etmək üçün viza da tələb olunmur.

NUHÇIXAN "tonkosti.ru" saytına istinadla Albaniyada istirahətin xüsusiyyətlərini oxuculara təqdim edir.

Albaniya turlarına nə daxildir?

Albaniyanın mənzərəli kurortları sırasında Şencin, Durres, Vlyora və Sarandanın adlarını çəkmək olar. Albaniya otellərində qidalanma daha çox səhər yeməyi və yarımpansiondan (səhər və şam yeməkləri) ibarətdir. Bu, Türkiyə və Misirdə olan “hər şey daxil” sistemini xoşlayan turistləri məyus edə bilər. Lakin bəzi yerlərdə bu qidalanma sisteminə də rast gəlinir: məsələn, Durresdəki “Onufri” otelində qumlu çimərlik və hovuzla yanaşı, həm də tam pansion sistemi və pulsuz içkilərdən istifadə edə bilərsiniz.

Hətta qidalanmanın daxil olmadığı tur götürsəniz belə, ac qalmaq ehtimalı yoxdur: kafedə nahar etmək iki nəfər üçün 10-15 avroya başa gəlir ki, bu da qonşu Monteneqrodan iki dəfə ucuzdur.

Ekskursiya proqramlarına orta əsr qəsrlərinə, autentik kəndlərə, təbiət abidələrinə səyahət daxildir. Burada seçim üçün geniş çeşid mövcuddur. Tirananın yaxınlığında qədim qalaları, muzeyləri və bazarı olan, habelə şimal-şərq tərəfində meşəli, göllü və termal bulaqlı “Kafa Ştama” milli parkı yerləşən Kruya qəsəbəsi yerləşir.

Berat UNESKO-nun sərvətidir. Bu şəhərin yaxşı qorunub saxlanılmış Osmanlı imperiyası dövründən qalan tikililəri göz oxşayır. Sarandanın ətrafındakı Mavi göz bulağı suyunun şəffaflığı və səmavi rəngdə olması səbəbindən bu cür adlandırılıb. Balkanların ən böyük Skadar gölünün yarısı isə Monteneqro ərazisində yerləşir və burada kater və ya yaxtada maraqlı səyahətə çıxmaq mümkündür.

İtaliyanın və digər Avropa ölkələrinin məşhur brendləri məhz Albaniyada istehsal edilir və qiymətləri də nisbətən ucuzdur. Bu yerlərə dünyanın bütün ölkələrindən turist axını başlamamış getsəniz, çimərliklərdə rahat istirahət edə və görməli məkanlara insan kütləsi olmadan baxa bilərsiniz.

Albaniyanın regionları və kurortları

Paytaxt Tirananı kaleydoskop şəhər adlandırmaq olar: burada koloritli Şərq memarlığı, Avropa üslubunda səliqəli tikililər, sürpriz sovet abidlərinə də rast gəlmək olar. Şəhərin əsasını türklər qoyub və ticarət yollarının kəsişməsində məscid, hamamlar, çörəkbişirmə sexləri və mağazalar tikiblər. Lakin bu yerlərdə həyat əvvəllər də qaynayıb: III-VI əsrlərə aid qədim Roma binaları və Bizans qalaları bunun sübutudur.

Hələ bu yaxınlarda Albaniyanın paytaxtı bərbad görünürdü. Kimsəsiz küçələr, məişət tullantıları yığıntıları və köhnəlmiş infrastruktura insanı məyus edirdi. Lakin XXI əsr və yenilənmə prosesi şəhəri inkişaf edən gözəl yaşıl məkana çevirdi.

Tirana 11 rayona bölünür, görməli məkanların çoxu mərkəzdə yerləşir və onların bir-birinə yaxın olması piyada gəzərək ziyarət etməyə imkan verir. Ən yaxşı otellər də bu ərazidə yerləşir, lakin, təəssüf ki, şəhərin ətrafı turizm baxımından az inkişaf edib.

Ölkənin ikinci böyük şəhəri olan Durres Adriatik dənizinin sahilində yerləşir. Burada qədim Roma amfiteatrı, məscid, hamamlar, akveduk, gözəl mozaikalara rast gəlinir. Eramızdan əvvəl 627-ci ildən başlayaraq bu şəhəri korinflilər, romalılar, bizanslılar və osmanlılar idarə ediblər. Çimərliklər limandan başlanır, Qolem rayonunda günəşin qürubunun ecazkar mənzərəsi, Çerretdə dəbdəbəli otellər və balıqçı qəsəbəsi də bu yerlərin özəllikləridir.

Çimərlikləri olan daha bir füsunkar məkanda - Vlyorada qumlu sahillər, isti və büllur kimi dəniz, iynəyarpaqlıların ətrinin hopduğu təmiz hava var. Yaxşıca istirahət etdikdən sonra yaxınlıqda yerləşən Korfu və ya İtaliyaya da yollanmaq olar. Yaxud Albaniyadan zövq almaqda davam edə bilərsiniz: İon dənizində Sarandanın sakitliyi, kiçik, mənzərəli və Bizans qalaları ilə arxeoloji qoruq olan məkan sizi valeh edəcək. Poqradtsada yerləşən Oxrid gölünün yumşaq iqlimi əsəb və nəfəs yolları xəstəliklərinin sağalmasına kömək edir. Beratın İsveçrəni xatırladan dağ havası, Qirokastraya UNESKO-nun dünya irsi statusu qazandırmış Osmanlı imperiyasından qalmış abidələr ecazkar gözəlliyə malikdir. Çox da tanınmayan ölkənin məhz bu cür sərvətləri var.

İqlim

Albaniyada Aralıq dənizi regionuna xas olan isti və quru yay və soyuq və rütubətli qış iqlimi mövcuddur. Sahillərdə iyulun orta temperaturu +28-32 dərəcə Selsi, yanvarda isə +8-10 dərəcədir. Aralıq dənizindən əsən küləklər səbəbindən isti havalar dözülməz olmur. Turizm mövsümü maydan sentyabradək davam edir, lakin istirahət üçün münasib havalar apreldə və oktyabrda da hökm sürür. Burada ilin 300 günü günəşli olur. Erkən yazda və payızın sonunda yağışlar yağır. Alnbaniyanın dağlarında iqlim daha sərtdir. Bu yerlərdə qışda havalar -20 dərəcəyədək düşə bilər, 1000 metrdən yüksəklikdə isə ilin böyük bir hissəsində qar olur.

İon dənizində çimərliklərin əksəriyyəti daşlıdır, Adriatik dənizinin isə ailəvi və uşaqların istirahəti üçün münasib olan qumlu sahilləri var. Onların hamısı pulsuzdur, abadlaşdırılıb, çox da qələbəlik olmayan və mənzərəlidir.

Albaniya mətbəxi

Bu ölkədəki 400 illik Osmanlı hakimiyyəti öz izlərini qoyub. Alban mətbəxinin əsasını türk ənənələri təşkil edir. Yeni dəbə uyğunlaşdırılan, İtaliya və Yunanıstan süjetləri ilə vəhdət təşkil edən tamamilə qeyri-adi qastronomik seçim sizin xoşunuza gələcək. Şimalda balıq və tərəvəzə üstünlük verirlər, mərkəzdə ət yeməkləri, cənub regionunda isə dəniz nemətləri və bitki mənşəli ərzaq populyardır. Onların hamısına ətirli ədvalar əlavə olunur.

Aralıq dənizinin yeni favoriti

Albaniyada özünəməxsus məişət adətləri var. Albanlarda başını aşağı salmaq inkar, silkələmək isə razılıq əlamətidir. Bu cəhəti qarışdırmamaq lazımdır. Hətta bir-birini az tanıyan adamların belə yanaqdan öpüşərək salamlaşması sizi təəccübləndirməsin; bu yerlərin adəti belədir. Uşaq gördükdə valideynlərə kompliment söyləməyi də unutmayın, lakin qadınlara və qızlara kompliment söyləmək məsləhət deyil.

Albaniya uzun illər təcrid olunmuş ölkə olub və bu səbəbdən onun zəngin mədəni irsi, mənzərəli kanyonları olan gözəl təbiəti və təmiz çimərlikləri barədə çox az adamın məlumatı var. Yerli əhali balkansayağı qonaqpərvərliyi ilə seçilir və bu, özünü doyumlu və ləziz yeməklərdə, turların münasib qiymətlərində və ölkə ilə maraqlanan hər kəsə mehriban münasibətdə göstərir.

Təsadüfi deyil ki, turizm üzrə Milli ofisin şüarı belədir: “Albaniya – Aralıq dənizinə yeni sevgi”. Bir sözlə, orada bizləri gözləyirlər və getməyə dəyər!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: