Azərbaycan kinosu və Naxçıvan

A- A A+

Azərbaycan mədəniyyətində hər bir sahənin özünəməxsus təbiiliyi, fərqliliyi və gözəlliyi var. Bütün sahələrdə olduğu kimi Azərbaycan kino sənəti də onun mədəniyyətində xüsusi yer tutur. Çünki, Azərbaycan kinosu yarandığı gündən xalqın milli şüurunun formalaşmasında, hazırki gənc nəslin maariflənməsində və tərbiyəsində vacib rol oynayır. Sadəcə ötən əsrə nəzər salsaq görərik ki, Azərbaycan kinoları təkcə Qafqaza, Şərqə deyil, bütün dünyaya səs salıb. Sovet dönəmi olmasına baxmayaraq, həmin dövrdə çəkilən filmlərimiz və bu filmlərdə rol alan dəyərli aktyor və aktrisalarımız çəkilən filmlərdə bütün milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi elə gözəl təbliğ edir-canlandırırdılar ki, filmlərin üzərindən uzun illər keçməsinə baxmayaraq, onlar hələ də baxımlı və sevimli olaraq qalmaqdadırlar. 

Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş “Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi”, “Şəhər bağında xalq gəzintisi” bir bədii kinosüjetdən ibarət idi. Nəhayət, 20-ci əsrin əvvəllərində isə ilk Azərbaycan bədii filminin çəkilişlərinə başlanılıb.

Azərbaycanın məşhur teatr aktyoru, kino redaktoru, Azərbaycan SSR Əməkdar və  xalq artisti, ilk kino rejissorumuz Abbas Mirzə Şərifzadənin də dediyi kimi: “Kino musiqidi, teatrdı, ədəbiyyatdı, bir sözlə, özgə aləmdi”. Elə Azərbaycan kinosu, görkəmli mədəniyyət xadimi A. Şərifzadənin qeyd etdiyi cümlədə göstərilən bütün nüansların hamısını özündə əhatə edirdi. Çünki həmin dövr Azərbaycan kinolarının bir qismi istər musiqi, istərsə də ədəbiyyatla sıx əlaqəli idi. Buna bir çox filmlərimizi misal çəkmək olar.

Hamıya məlumdur ki, ölkəmiz şərqdə, ümumiyyətlə dünya miqyasında hər sahədə olduğu kimi mədəniyyətin bir çox sahələrində də ilklərə öz imzasını atıb. Müsəlman Şərqində ilk opera yazan bəstəkar da bildiyimiz kimi “Leyli və Məcnun” operası ilə dahi Üzeyir Hacıbəyovdur. Elə Naxçıvan torpağının yetirdiyi görkəmli sənətkarlardan olan, rejissor Rza Təhmasib Ü. Hacıbəyovun eyniadlı operettası əsasında “Arşın mal alan” filmini çəkib. Film kinostudiyanın 1941-ci il planına salınsa da, İkinci Dünya müharibəsinin başlanması ilə çəkilişi təxirə salınıb. Musiqili-komediya janrında olan bu filmin istehsalına ancaq 1945-ci ildə nail olunur və film ekranlaşdırıldığı vaxtdan  bu günə qədər həm ölkədə, həm də xaricdə ən çox baxılan Azərbaycan filmi olmaqla yanaşı, məşhur kino mütəxəssislərin rəyi ilə "Qızıl Siyahı"ya daxil edilib. Eyni zamanda film Sovet dövründə 136 ölkədə nümayiş etdirilib və 86 dilə tərcümə olunub. “Arşın mal alan” filminin çəkilişindən sonra Azərbaycan kinosunda musiqili ekran janrına meyl artmış və daha sonralar bu janrda “Qayınana”, “O olmasın bu olsun” və s. kimi unudulmaz ekran işləri məharətlə işlənərək  hazırlanıb.

Bundan başqa, həmin illərdə “Bəxtiyar”, “Səbuhi”, “Bakı döyüşür”, “Bakı neftçiləri” və s.  bunun kimi 60-a yaxın bir çox bədii və sənədli filmlər ekranlaşdırılıb. Göründüyü kimi İkinci Dünya  müharibəsi illərinin çətinliyinə və ağırlığına baxmayaraq Azərbaycan kinosu yenə də öz işini davam etdirib və bir-birindən gözəl filmləri ərsəyə gətirib.

Uzunömürlü və dünyaşöhrətli kino sənətimizdə Azərbaycanın ayrılmaz-tərkib hissəsi olan Naxçıvanın da böyük rolu olub. Hürufiliyin bütün şərqə səs salan təbliğatçılarından biri, bu  ideyaların yayılmasında əvəzsiz rolu olan, Azərbaycan xalqının görkəmli şair və filosofu Nəsiminin 600 illik yubileyi ilə əlaqədar olaraq çəkilmiş “Nəsimi”, eyni zamanda Xürrəmilər hərəkatının görkəmli rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş böyük sərkərdə Babəkin  həyatı və apardığı azadlıq mübarizəsinə həsr olunmuş “Babək”, uşaqlar üçün xalq nağılının mptivləri əsasında çəkilən “Əzablı yollarla”, “Doğma sahillər”, “Gümüş gölün əfsanəsi” filmlərinin bir çox hissələrinin çəkilişləri Naxçıvanın müxtəlif yerlərində aparılıb.

Qısacası, bu torpaqlardan tüğyan edən, şərqə və dünyaya səs salan və xalqın şüurunun inkişaf etməsinə, haqq və ədalətin bərqərar olmasına, cəmiyyət arasındakı münasibətlərin daha da gözəlləşməsinə səsləyən Nəsimi qəzəllərinin səsləndirildiyi, Babəkin qılınclanaraq azadlıq şüarları altında igidliklə xalqının müdafiəsinə qalxdığı  unudulmaz səhnələr gerçəkdə də Naxçıvan torpağında yaşandığı kimi bu torpaqlarda da ekranlaşdırılıb.

Bu gün Azərbaycan mədəniyyətinə göstərilən diqqət və qayğı onu təcəssüm etdirir ki, ölkə mədəniyyətinin digər sahələri kimi Azərbaycan kinosu da yalnız tarixdə qalmayacaq, unudulmayacaq və günü-gündən daha da inkişaf edəcək.  Çünki zamanında bu qədər gözəl ekran işlərini yaradan bir xalq, bu gün həmin kinolar kimisini, hətta, bundan da gözəlini böyük ustalıqla ərsəyə gətirə bilər. Çünki bizim kino tariximizdə Rza Təhmasib, Eldar Quliyev, Tofiq Tağızadə kimi unudulmaz kinorejissorlarımız, Nəsibə Zeynalova, Həsənağa Turabov, Rasim Balayev,  Leyla Şıxlinskaya, Leyla Bədirbəyli, Naxçıvan teatrının yetirməsi olan və filmlərdə müxtəlif xarakterli rollar oynayan  Əli Xəlilov, Rza Xudiyev, Rövşən Hüseynov və adını sadalamadığım saysız-hesabsız, dəyərli sənətkarlarımız olub və yenə olacaq!

İncəsənət, yüksək mədəniyyət biz bir millət kimi var olandan bəri qanımızda, genimizdə var və biz gənclərin üzərinə isə sadəcə bunu təbliğ edib, dəyərini bilmək vəzifəsi düşür.

         

Abdulla Kərim

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: