Hüseyn İbrahimov mənim yaddaşımda: yazıçı və şəxsiyyət kimi (xatirə)

A- A A+

1991-ci ilin sərt qışı idi. Mən “20 Yanvar” faciəsinin ildönümü münasibətilə yaradıcı şagirdlər arasında keçirilən şeir müsabiqəsinə öz şeirimi təqdim etmək məqsədi ilə Naxçıvan Yazıçılar Birliyinə (o vaxt hələ Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan filialı adlanırdı) üz tutmuşdum. O zaman Naxçıvan Yazıçılar Birliyi indiki Türk Konsulluğunun yerində, bəlkə də yanında yerləşirdi və mənim üçün – bir kənd məktəbinin 9-cu sinfində oxuyan Qafar Qərib üçün bu binanı tapmaq heç də asan olmamışdı. Mənə çox-çox əlçatmaz bir zirvə kimi görünən və ilk dəfə qapısını döydüyüm o Ocaq yaddaşıma elə köçüb ki, bu gün həmin binanın sözlə şəkilini belə çəkə bilərəm.

Hər gecə xəyalını qurduğum bu müqəddəs məkanın qapıları, sən demə, oxuduğum kənd məktəbinin qapılarından heç nəyi ilə fərqlənmirmiş. Böyük həyəcanla döydüyüm və on qat sürətlə döyünən ürəyimin səsində döyüldüyünü belə hiss etmədiyim bu qapı üzümə asanlıqla, həm də çox asanlıqla açıldı.

 Həmin gün ilk dəfə Naxçıvan Yazıçılar Birliyinə daxil olanda qapının önündə düşündüklərimdə – yəni, buranın bir məktəbə oxşaması ilə bağlı fikirlərimdə yanılmadığımı hiss etdim. Çünki otağa daxil olduqda biri qocaman, digəri isə ona nisbətən cavan olan iki nəfər (Sonradan bildim ki, onlardan biri Tanınmış yazıçı Hüseyn İbrahimov, digəri isə şair Əliyar Yusiflidir…) qarşılarında oturan iki uşağa “yol göstərir”, şeirin qanun-qaydalarından danışır, bir sözlə, onlara dərs verirdilər. Sonralar bildim ki, bu uşaqlardan, daha doğrusu, həmyaşıdlarımdan biri Zaur Vedili, digəri isə qardaşı Məhəmməddir. Hüseyn İbrahimov mənim gəlişimin səbəbini öyrənib mənə Zaurgilin yanında yer göstərdi. Mən onların – “şagirdlərin” yanında əyləşdim. Hüseyn müəllim yarımçıq qalmış söhbətini – dərsini tamamlayıb üzünü mənə tutdu:

– Sən oxu, görüm!...

Bu əmr cümləsi çox qəfil gəldi. Həyəcandan dilim tutuldu. Birtəhər özümü ələ alıb bir il sonra – 1992-ci ildə “Zaman” qəzetinin Naxçıvan postunda keçirilən şeir müsabiqəsində ikinci yerə və böyük mükafata layiq görüləcək “Şəhidlər” şeirimi oxudum. Bəzi iradlar olsa da, şeir “müəllimlər” tərəfindən “Yaxşı” qiymətləndirildi. Və sözsüz ki, tövsiyələrsiz də ötüşmədi.

Düzdür, mənim şeirim müsabiqənin şərtlərinə cavab vermədiyindən (yazılan şeirlər ünvanlı olmalı imiş…) ümumiyyətlə, müsabiqəyə buraxılmadı. Və beləcə, mən nəinki qalib, heç müsabiqənin iştirakçısı belə ola bilmədim.

Müsabiqədə hər hansı bir yer tuta bilməsəm də, bu görüşün digər tərəfdən qazancı böyük oldu. Xoş xatirələrlə yanaşı, bu görüş nəticəsində mən üç gözəl qələm dostu qazandım. Bir müddət sonra Əliyar müəllim dünyasını dəyişdi. Ancaq Hüseyn İbrahimov və Zaur Vedili ilə dostluğumuz davam etdi.

Məndən 57 yaş böyük olmasına baxmayaraq, Hüseyn İbrahimovla dostluğumuz, münasibətimiz daha səmimi oldu. Daha doğrusu, bu münasibətlər ən əvvəl müəllim-tələbə münasibətlərindən heç nə ilə fərqlənmirdi. Mən demək olar ki, bu qocaman el ağsaqqalından, sənət müəllimimdən hər gün nə isə öyrənirdim. Öyrəndiklərimin ən başında isə sənətkar qüruru, sənətkar əyilməzliyinin sirləri dururdu. Bu mənada, mənim bir şair kimi formalaşmağımda, yetişməyimdə Hüseyn İbrahimovun böyük rolu oldu. O, mənim sənətdə ilk müəllimim olmasa da, demək olar ki, ən böyük müəllimim, yolgöstərənim oldu.

Uzun illər Hüseyn İbrahimovun “fikri” mənimçün bir “çəki”, “ölçü” vahidi oldu. Mən yazdıqlarımı onun fikri ilə “çəkir”, şeirlərimin hansı dəyərdə olduğunu onun fikri ilə “ölçürdüm”. Əgər o, bir şeirimi bəyənmirdisə, mən o şeirin üstündə təkrar-təkrar işləyir, bəzən isə həmin şeiri “gözdən çıxarırdım”. Onun xoşuna gələn bir şeir isə mənə çox böyük görünürdü. Axı, həmin şeirə böyük bir yazıçı qiymət verirdi…

Mən Hüseyn müəllimin xoşuna gələn şeirlər yaza-yaza, zaman-zaman ədəbiyyatda ona oxşadığımı, ona bənzədiyimi də hiss edirdim. Daha sonra bunun bir ədəbi təsir olduğunu başa düşdüm və düzü bundan qaçmağa da çalışdım. Ancaq öz yolumu tapanadək, kiminsə yolu ilə getməyin heç də qəbahət olmadığı qənaətinə gəldim. Çünki Hüseyn İbrahimov nasir olsa da, nəzm sahəsində də mənə faydalı məsləhətlər verirdi.

Düzdür, bu gün mən sənətdə, demək olar ki, öz yolumu tapmışam. Hətta bir zamanlar mənim Nüsrət Kəsəmənlinin yolu ilə getdiyimi deyən Hüseyn İbrahimov da ömrünün son illərində onunla olan görüşlərimizdə mənim barəmdə bu qənaətə gəlmişdi. Ancaq mənə elə gəlir ki, mən bu gün də Hüseyn İbrahimov kimi düşünmək, onun kimi yazmaq, bir sözlə, onun kimi olmaq istəyirəm. Qəribə burasıdır ki, mən bu gün də həmin təsirdən çıxa bilməmişəm. Mən bu gün də yazdığım hər şeirin, hər poemanın, artıq hər hekayənin, yaşasaydı, Hüseyn İbrahimov tərəfindən necə qiymətləndiriləcəyini düşünmədən yaza bilmirəm.

Şəxsiyyət və sənət anlayışları məni hər zaman düşündürüb. Apardığım uzun araşdırmaların nəticəsində mən bu qənaətə gəlmişəm ki, sənətkarın əməli, onun ideyaları ilə, yazdığı əsərlərin ideyası ilə üst-üstə düşmürsə, o, həqiqi sənətkar deyil. Mən sonralar  yəqinləşdirdim ki, əsl sənətkarlarda axtardığım bu keyfiyyətlər Hüseyn İbrahimovda vəhdət təşkil edirmiş. Yaradıcılığı ilə yaxından tanış olduğum Xalq yazıçısı Hüseyn İbrahimov bütün ömrü və yaradıcılığı boyu bu vəhdəti pozmamış, daima ona sadiq qalmışdır. Məsələn: Hüseyn İbrahimovun yaradıcılığında Vətən sevgisi üstündür və bu sevginin təsdiqi kimi, o meydan hərəkatı zamanı özünü düşmən tankının, düşmən gülləsinin önünə atıb. Onun yaradıcılığında namus, qeyrət, nəciblik, təmizlik, saflıq, məhəbbət və bu kimi digər insani keyfiyyətlər təbliğ olunub, əyrilik, pislik, namussuzluq pislənib. Bütün bunlar Hüseyn İbrahimov şəxsiyyəti ilə səsləşən, üst-üstə düşən cəhətlərdir. Bu mənada, Hüseyn İbrahimov yaradıcılığında məhz onun özünü görmək, onun öz obrazını müəyyənləşdirmək heç də çətin deyil.

O, bütün yaradıcılığı boyu, sanki öz portretini çəkməyə çalışmış və buna ustalıqla nail olmuşdur. Onun sənəti şəxsiyyətini tamamlayırdı. Elə onu bütün oxucularına sevdirən də məhz bu “tam”lıq, bu “bütöv”lükdür. Elə ona görə də Xalq yazıçısının tarixi keçmişimizdən, sadə xalq həyatından bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır. Onunçün də yazıçının “Sabahın sorağında”, “Günəş doğan yerdə”, “Bahar yağışı”, “Əsrin onda biri”, “Böhtan” adlı irihəcmli əsərləri geniş oxucu kütləsinin sevə-sevə oxuduğu əsərlərə çevrilib. Yazıçının “Ölməz mahnılar” kino-povesti, “İtirilən sağlıq”, “Torpağın övladları” pyesləri, “Baharın hekayəsi”, “Qu quşları öləndə oxuyurlar” povestləri insanları mənəvi kamilliyə çağırır. Xalq yazıçısının müxtəlif illərdə nəşr olunmuş “Zərifənin çiçəkləri”, “Şirin xatirə”, “Nəciblik”, “Göyərçinin məhəbbəti”, “Səhv edəndə” və başqa kitabları oxucular tərəfindən bu gün də maraqla qarşılanır. Onun bir sıra əsərlərinin rus, fransız, tatar və başqa dillərə tərcümə edilməsi isə yazıçının əsərlərinə ölkə xaricində də böyük maraq olduğunu göstərir .        

Xalq yazıçısı Hüseyn İbrahimov XX əsr Naxçıvan ədəbi mühitinin yetişdirdiyi böyük söz adamlarından biridir. Yarım əsrdən artıq dövrü əhatə edən çoxşaxəli fəaliyyətində 100-ə yaxın hekayə, 20-dən çox novella, 3 pyes, 8 povest, 5 roman və dünya ədəbiyyatının dəyərli nümunələrini tərcümə edən Hüseyn İbrahimovun ədəbi fikrin inkişafındakı xidmətləri çox böyükdür. Bütün bunlar nəzərə alınaraq yazıçının ədəbiyyat sahəsindəki fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, “Şöhrət” ordeni ilə təltif edilmiş, “Xalq yazıçısı” adına layiq görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında” 13 may 2019-cu il tarixli Sərəncamı da, bu mənada, Hüseyn İbrahimov irsinə dövlət səviyyəsində verilən ən böyük qiymətdir.

Qafar Qərib

“Nuh yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: