Əbədiyyət üfüqündə doğan günəş-İmadəddin Nəsimi

A- A A+

Adı dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsimi zəngin irs qoyub. O, doğma dilimizdə sanballı əsərlər yaradan ilk sənətkarlardandır.

İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində ən uca zirvələrdən biridir. Nəsimi elmlilik, əxlaq, əqidə, inam, mərdlik və dözüm nümunəsi olub. Şairin həyatı və yaradıcılığı haqqında nəinki doğma Vətənində, hətta uzaq-uzaq diyarlarda da geniş məlumatlar əldə etmək olar.

Nəsimi kimi dahinin yetişməsi üçün elmi - ədəbi ictimai mühitin olması vacib şərt idi. Belə bir mühitdə boy atan Nəsimi gənc yaşlarından dövrünün böyük filosofu, hürufi təriqətinin banisi Fəzlullah Nəimi ilə görüşür, ona mürid olur və sonralar hürufi təlimini zirvəyə qaldıranlardan birinə çevrilir. Nəsiminin həyata yeni baxışlarının, fəlsəfi təfəkkürünün və dünyagörüşünün formalaşmasında, təsəvvüf fəlsəfəsinin mahiyyətinə varmasında, eləcə də  həyat tərzinin yeni meyarlarla zənginləşməsində Nəiminin rolu danılmazdır. Şair müəlliminə böyük hörmət bəsləyib və özünü qürurla “Fəzl övladı” adlandırıb,  bu qismətin Allahdan olduğunu bildirərək deyirdi:

        Çün Nəsiminin Əbülfəzl oldu həqdən künyatı,

Cümla əsmanın hürufi eyn-əlqabindədir.

Nəsimi fəlsəfəsini, onun əqidə və xarakterini dərk etmək üçün onun həyat və yaradıcılığını öyrənmək, anlamaq olduqca vacibdir.

Vücudin zati mütləqdir, məgər kim,

Nəyə kim baxar isəm anda sənsən- deyərək, Allahın varlığının mütləq bir başlanğıc olduğunu, hər baxdığında onu gördüyünü bildirir. Poeziyasında təsəvvüf mahiyyətindən, eləcə də hürufi rəmzlərilə bağlı ortaya çıxan bəzi məqamlar o dövrün  adi dindarları tərəfindən anlaşılmaz olduğuna görə, şair təqiblərə məruz qalmış, hətta ruhanilər tərəfindən dinsiz adlandırılaraq edam olunmuşdur. Onun bu səpkidən olan bəzi beytlərinə nəzər salaq:

                  Gəl “ənəlhəq” sirrini meyxanəvü meydən eşit,

                    Ey düşən inkarə, neyçün münkiri meyxanəsən.

İlk baxışda, “ənəlhəq”, “mey” və ”meyxanə” islam nöqteyi-nəzərindən küfr kimi qəbul oluna bilər. Şair yaratdığı dərviş ordenində, yəni dərvişlərin cəm olduğu məclisdə meyxanə söyləyərkən bədahətən “ənəlhəq” haqq məndədir, yəni, İlahi, nurla nurlanmışam, söyləyib. “Meyxanə” sözünün bir mənası isə şərab paylanan yer, digər mənası isə bədahətən deyilən, Allahı, dini və Peyğəmbəri vəsf edən şeir növüdür. Mey, şərab, məst olmaq isə sufilər üçün uyğun olaraq elm və kamillik anlamındadır. Bunları nəzərə alsaq, beytin şərhi belə olar:

Gəl ilahi nurlanmanın sirrini bizim elm ocağında təbliğ olunan elmdən öyrən.       Ey bizi qəbul etməyən, nə üçün elm ocağımızı, elmimizi inkar edirsən”.

       Necə gizlədəyim, məndən səniyçün,

    Nəyə kim baxıram, anda əyansan.

Səni özümdən necə gizlədə bilərəm ki, nəyə baxıramsa, onda səni görürəm,- deyən şair varlıqların birliyi fəlsəfəsinə əsaslanaraq Allahdan qopmuş hər zərrəciyə qiymət verməyi bacarırdı. Təəssüf ki, çoxları dərk etməyərək  onu yanlış olaraq panteist adlandırırlar.

Ancaq Nəsimiyə bir mənalı olaraq panteist deyil, yaradanı göydə, təbiətdə, hətta hər yerdə görən bir övliyadır desək, bəlkə də az demiş olarıq. Nəsimi təkcə Azərbaycan ədəbiyyatına deyil, bütün dünya ədəbiyyatına ərəb, fars və türk dillərində biri-birindən gözəl poeziya nümunələri gətirib. Şair-filosof dəyərini şairin özü belə qiymətləndirirdi:

    Əlfazi-Nəsimi bu gün ol möcüzədir kim,

      Bənzər ona bir lölövü şəhvar ələ girməz.

Onun yaradıcılığının ana xəttini təşkil edən poeziyası, şeirləri  ilə tanış olduqca hər bir oxucuya aydın olur ki, şairin zəngin irsi bütün türk xalqları ədəbiyyatına və bütövlükdə klassik Şərq poeziyasına ciddi təsir göstərib. Nəsimi ana dilində ilk dəfə müstəzad, mürəbbe, tərcibənd nümunələri yazmış, rübai və tuyuqlarında sadə xalq dilindən istifadə edib. Onun şeirlərində istifadə etdiyi dərin təsəvvüfi düşüncəsi sonralar bir çox böyük mütəfəkkirə təsir göstərib.  Nəsimi dilin zənginliklərindən qəzəllərində özünəməxsus bir ustalıqla istifadə edir. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində  eyni dərəcədə gözəl şeirlər yaza bilirdi. Onun azərbaycanca şeirlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şeiri nümunələri olan bayatılara çox yaxındır. Bəzən şair şeirlərini yalnız xitab və ifadəli təkrarlar üzərində qurur.

Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanır. Və öz poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adlarını tez-tez xatırlayır. Bunlardan İbn Sinanı, Xəqanini,  Nizamini, Fələkini, Mənsur Həllacı, Fəzlullah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Övhədi Marağayini və başqalarını misal göstərmək olar. Filosof-şairin adı tez bir zamanda bu xalqlar içərisində öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq göstərən insan  rəmzinə çevrilir. Onun əsərləri bir çox dillərə tərcümə edilib və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid edirlər.

Nəsimi poeziyası bu gün elə bir ucalığa yüksəlib  ki, ona bənzər layiqli inci tapmaq mümkün deyildir. Hələ şairin sağlığında əsərləri Azərbaycan, Yaxın Şərq, İraq, Suriya, Orta Asiyada geniş yayılmışdı. Nəsimi, sadəcə, Azərbaycan ədəbiyyatına deyil, XV əsrdən etibarən bütün türk ədəbiyyatına güclü təsir göstərmişdir. Ölümündən sonra şairin əsərləri dönə-dönə çap edilmiş, barəsində tədqiqat əsərləri yazılmışdır. Bir çox  əsərləri əlyazmalar şəklində dünyanın bir sıra kitabxanalarında qorunaraq saxlanılır.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması, ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratması ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz Ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılıb, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır. 2017-ci ilin may ayında Parisdə UNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər.

Bildiyimiz kimi, bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan edib.

 

                             Tərifə Məmmədova

 “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: