Ordubad – qədim diyar - FOTOLAR

A- A A+

Azərbaycanın dilbər guşələrindən biri olan Ordubad Naxçıvan Muxtar Respublikasının qədim yaşayış məskənlərindən biridir. Cənubdan İran İslam Respublikası, şimaldan və qərbdən Ermənistanla həmsərhəd olmaqla, şərqdən Culfa rayonu ilə qonşu olan Ordubad rayonunun sahəsi 972 kvadrat kilometr, əhalisi 50 min nəfərdən artıqdır.

Rayonun inzibati mərkəzi – Ordubad şəhəri öz əhəmiyyətinə görə Naxçıvan Muxtar Respublikasının mühüm şəhərlərindəndir. Ordubad rayonu həm də dünyada ən qədim insan məskənlərindən və bəşəriyyətin yaranma ocaqlarından biri sayılır.

Gəmiqaya Ordubad rayonu ərazisində-Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə yerləşir. Yalçın, şiş qayalı zirvəsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ Naxçıvanın bir çox yerindən aydın görünür. Təbiətin möcüzəli biçimində yaranmış Gəmiqaya, uzaqdan mavi səma fonunda bir növ dərin ümmanlara baş vurub üzən nəhəng gəmiyə bənzəyir. Kim bilir, bəlkə də ulu nəsillər belə zahiri oxşarlığa əsasən Qapıcıq dağının zirvəsinə (ən yüksək nöqtəsi – 3904 metrdir) Gəmiqaya adı veriblər.

Ordubad bağlar diyarı, güllər, bülbüllər şəhəridir. “Dübəndi” və “Gənzə” çaylarının sahilində dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən Ordubad şəhəri orta əsrlərdən məşhurdur.

Ordubad sözünün mənşəyi barədə mülahizələr müxtəlifdir. Bəziləri bunu "ordu" və "bat", "pat"( və ya aba) hissələrindən ibarət sayır. Mənası "ordu yeri" deməkdir. Mənbələrin məlumatına görə, bu toponim müxtəlif vaxtlarda “Orbad”, “Urdubad”, “Orduvad” və s. adlandırılıb. Tədqiqatçı Ə. Hüseyni isə bu toponimin əvvəl "Ordubad" adlanıb, "Bəyin qalası" mənasını verdiyini bildirir. "Bəy qalası" böyüyüb şəhərə çevrilib. Hələ VII əsrdə tarixçi Sebeosun Naxçıvan ərazisində "Ordobad" adlı şəhərin olduğunu qeyd etməsi onun daha qədimliyini göstərir. Ordubadın salındığı dəqiq tarix müəyyən olunmayıb. Lakin bu ərazi dünyada ən qədim insan məskənlərindən biri, bəşəriyyətin yaranma ocağı sayılır. Ordubad adına ilk dəfə VII əsr yazılı mənbələrində təsadüf olunur. Qeyd etdiyimiz kimi, Qədim dünyanın ən müqəddəs panteonlarından biri sayılan Gəmiqaya dağı da Ordubad rayonundadır. Dağın üzərindəki təsvirlər və buradakı yurd yerləri Ordubad ərazisində e.ə. VII-I minilliklərdə yaşamış qədim əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləməyə imkan verir. Ordubadın yaşayış məntəqələrindən olan Sabirkənd, Plovdağ və Xarabagilan ərazisində eramızdan əvvəl II-I minilliklərə aid mədəniyyət qalıqları ilə zəngin olan yaşayış yerləri və nekropollar mövcuddur.

Ordubadın möcüzəli təbiəti, sirli aləmi və təbii gözəlliyi XIX-XX əsrlərdə buraya səyahət etmiş bir sıra səyyahları təəcübləndirmişdir. Rus alimi İ.Şopen, polyak tədqiqatçısı A.Petzold, fransız yazıçısı Ä.Düma və başqaları öz yazılarında bu gözəlliyi vəsf etmiş, Ordubada heyran qaldıqlarmı bildirmişlər.

Kiçik Qafqaz sıra dağlarının ən uca zirvəsi sayılan Qapıcıq dağından, başları qarlı Soyuq, Əjnövür, Bəlkə dağlarından, "Şıxı yurdu", "Qurban yurdu" və "Salabun"dan keçərək "Zəvvar" arxı ilə gəlib kiçicik şəlalə kimi çaylarımıza tökülən qar sularından mayalanan buz kimi sərin çeşmələr, kəhrizlər, təmiz dağ havası, bol məhsullu meyvə bağları, göz oxşadıqca uzanan əkin sahələri, qədim Şərq üslubunda tikilmiş memarlıq abidələri, zəhmətkeş insanları, istedadlı ziyalıları, ismətli, gözəl qızları, igid oğlanları, qonaqpərvər, saf ürəkli, təmiz məhəbbətli əhalisi olan Ordubad tarixən bura gəlib-gedən səyyahları, qonaqları valeh edib. Şairanə aşırımlı qayalar, qoca çinarlar, cəviz ağacları, həzin səsli bulaqlar, qədim məscidlər  ordubadlılar üçün dünyanın ən gözəl yeridir. 

Ordubad əriyinin, şaftalısının dünyada misli-bərabəri yoxdur. Abutalıbi, badamı, şalağı, limonnu ərik, ağ ərik, növrəstə, balyarım ərik, şaftalı, nazlı, güştü, hulu, salamı, şərəlli, tərəlli, Şəkəri armud, kağızı cəviz öz şöhrəti ilə rayonumuzun sərhədlrini çoxdan aşıb.

Ordubad təbii sərvətləri, gur kəhrizləri, çeşmələri, gözəl təbiəti ilə yanaşı keyfiyyətli ipəyi ilə də tanınıb. Ordubadlı mərhum yazıçı və alim Əliqulu Fərəcov Ordubadı Azərbaycanın ipəkçilik beşiyi adlandırıb.

Mühüm ticarət yolu ayrıcında yerləşən Ordubad Yaxın və Orta Şərq ölkələri ilə ticarət əlaqələri saxlayıb. Ordubad öz uzunömürlü çinar ağacları ilə də məşhurdur. Ordubad həm də ipək qurdu yetişdirməsi üzrə ən qədim mərkəzdir. Hələ XVI əsrin ikinci yarısından başlayaraq Ordubaddan Venesiyaya, Marsel, Amsterdam və s. Avropa şəhərlərinə ipək ixrac olunurdu. XX əsrin əvvəllərində keçirilmiş beynəlxalq sərgi və baxışlarda Ordubad ipəyi 13 dəfə qızıl medalla təltif edilib. Bundan başqa vaxtilə rayonda 40 növdə üzüm yetişdirilirdi.

Ötən əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvani "Bustanüs-səyahət" kitabında yazır: "Ordubad ürəkaçan gözəl bir qəsəbədir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağları vardır. Meyvəsi bol və dadlıdır. Havası insana sağlıq verir. Adamları surətcə gözəldir."

Hazırda Şərq aləminin canlı muzeyi hesab olunan Ordubad öz tarixini və dünya mədəniyyətinə bəxş etdiyi töhfələri ləyaqətlə qoruyaraq nəsillərdən-nəsillərə ötürür.

Orta əsr şəhər quruluşunu tamamilə qoruyub saxlayan Ordubad ulu öndər Heydər Əliyevin göstərişi ilə 1977-ci ildə qoruq şəhəri elan edilib. Ulu öndərin “Azərbaycanın incisi” adlandırdığı Ordubad bu gün özünün qədim məhəllələri, müasir görkəmi, keçmiş ənənələri yaşatmaqla  bu adı doğruldur.

 “El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: