Şərur rayonunda da bəşər sivilizasiyasına dəyərli töhfələr verən və qiymətli incilər kimi bu gün də öz dəyərini saxlayan maddi mədəniyyət nümunələri çoxdur. Onlardan birinin - eramızdan əvvəl II-I minilliyə aid «Oğlanqala» yaşayış yerinin tədqiqi ilə məşğul olan alimlər və tarixçilər çoxlu elmi araşdırmalar aparıb, bu barədə kitablar, monoqrafiyalar, məqalələr dərc edilib. Ali Məclis Sədrinin məlum sərəncamından sonra isə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları AMEA-nın müxbir üzvü, Akademiyanın Naxçıvan Bölməsindəki Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyevin rəhbərliyi ilə abidənin daha dəqiq tarixini araşdırmaq məqsədilə «Oğlanqala»da geniş şəkildə tədqiqat işlərinə başlanıb. Vəli Baxşəliyevlə birlikdə, həmyerlimiz, Azərbaycan MEA-nın əməkdaşı Səfər Aşurov və Amerika Birləşmiş Ştatlarının Pensilvaniya Universitetinin tarixçi alimi, məşhur Corciya Universitetinin tədqiqatçı-alimi Lauren Rissvelt Arpaçayın sahilində yerləşən Qaratəpə dağındakı bu abidədə yenidən araşdırmalar aparmağa başlayıblar.
Öz möhtəşəmliyinə və tikinti əzəmətinə görə daha çox diqqəti cəlb edən bu arxeoloji abidə eyni adlı kəndin ərazisindəki Qaratəpə dağının üzərində yerləşir. Tarixi mənbələrdə Oğlanqala abidəsinin e.ə. II-I minilliyə aid olduğu, eyni zamanda, tikili baxımdan Assuriya qala tikililərinə bənzərliyi bildirilir.
Bu il ABŞ-Azərbaycan müştərək Beynəlxalq Arxeoloji Ekspedisiyası qədim şəhər-dövlətin mərkəzi olan Oğlanqala yaşayış yerində yenidən tədqiqat işləri aparıb. 400 kvadratmetr ərazidə aparılan qazıntı işlərinin əsas məqsədi Naxçıvanın antik dövrə aid tarixi və mədəniyyətinin öyrənilməsidir.
Qeyd edək ki, Oğlanqala eramızdan əvvəl IV əsrdə Azərbaycanda formalaşan Atropatena dövlətinin əsas inzibati-siyasi mərkəzlərindən biri olub. Ötən illərdə qədim yaşayış yerində aparılan tədqiqatlar zamanı Atropatena dövrü ilə bağlı müəyyən tapıntılar əldə edilsə də, həmin dövrə aid yaşayış binalarının, qala divarlarının planları tamamilə aşkara çıxarılmayıb. Ancaq bu aparılan növbəti tədqiqatlar zamanı ərazidə antik dövrə aid yaşayış binalarının qalıqları, qəbir abidələri və müxtəlif formalı keramika nümunələri aşkar edilib.
Tarixçi alim, arxeoloq Lauren Rissvelt bu yaşayış yerinin böyük sahəyə malik olduğunu və Oğlanqala mərkəz olmaqla, ərazidə bir çox qala-şəhərlər yerləşdiyini bildirib, buranın bütün Qafqaz regionunun mərkəzlərindən biri olduğunu və mühüm ictimai-siyasi əhəmiyyət daşıdığını qeyd edib. Aparılan arxeoloji qazıntılar Oğlanqala abidəsinin açılmamış sirləri haqqında çox şeyləri deyəcəkdir.
Arpaçayın sol sahilindəki Ovçular təpəsindəki eyni adlı yaşayış yerinin tarixi isə eramızdan əvvəl IV-III minilliklərə aid edilir. 2006-cı ildə aparılmış qazıntılar nəticəsində burada Eneolit və Tunc dövrlərinə aid mədəni təbəqələr aşkar edilib, eyni zamanda badya tipli gil qab qırıqları, dairəvi-diskvari gil qapaq, küplər, həvəngdəstə, dən daşları, daş yonmaq üçün alətlər tapılıb götürülüb.
Ovçular təpəsində beynəlxalq ekspedisiya qazıntı işlərini yenə də davam etdirir. Ekspedisiyanın tərkibinə Azərbaycan MEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçiləri ilə bərabər, Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Katerina Maro da daxildir.
Tədqiqatlar nəticəsində ərazidən Eneolit dövrünə aid olan çoxlu sayda keramika məmulatları, yaşayış və təsərrüfat tikililərinin qalıqları, metal əşyalar, ocaqlar və sair aşkar edilib.
Qədim abidələr xalqın tarixinin, mədəniyyətinin, kimliyinin təsdiqidir. Bu mənada rayonumuzda minilliklərlə yaşı olan onlarla tarix və mədəniyyət abidələri mövcuddur. Abidələri öyrəndikcə Şərur tarixinin çox qədim olduğunun, bu torpaqda zəngin mədəniyyətin və mənəvi irsin toplandığının şahidi olursan. Dünən yaradılan hər bir abidə zamının izidir. Beləcə, babaların yaratdıqlarını qorumalı, gələcək nəsillərə isə öz yaratdıqlarımızı yadigar qoymalıyıq.
“Şərurun səsi” qəzeti