“Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 15 aprel tarixli Sərəncamı Azərbaycan ədəbiyyatşünaslığı elminə verilən yüksək dəyərin bariz nümunəsidir. Sərəncamda da qeyd olunduğu kimi, akademik Məmməd Cəfər Cəfərov ömrünün 60 ilə yaxın bir dövrünü ədəbi-nəzəri fikrin inkişafına həsr etmiş, ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbi əlaqələr və estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirmişdir.
Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında Naxçıvan ədəbi və elmi mühitinin yetirdiyi və formalaşdırdığı filologiya elmləri doktoru, professor Əziz Şərif, akademik Məmməd Cəfər Cəfərov, AMEA-nın müxbir üzvü Abbas Zamanov, akademik İsa Həbibbəyli kimi alimlərin müstəsna xidmətləri vardır. Bu alimlər arasında elmin ən yüksək zirvəsini fəth edən akademik Məmməd Cəfər Cəfərov həm də ədəbiyyat nəzəriyyəçisi kimi sanballı tədqiqatlar ortaya qoyub, xüsusən Azərbaycan romantizminin nəzəri əsaslarını, ideya xüsusiyyətlərini, dünya romantizmi ilə oxşar və fərqli cəhətlərini, romantik lirikanın hansı imkanlara malik olduğunu müəyyənləşdirib.
Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərov Naxçıvan Pedaqoji Texnikumunu və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirib. O, Azərbaycan Dövlət Universitetində müəllim, dekan, kafedra müdiri, “Ədəbiyyat qəzeti”nin redaktoru, Azərbaycan Yazıçılar İttifaqının Tənqid və ədəbiyyatşünaslıq bölməsinin müdiri olub. O, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun Müasir ədəbiyyat və Ədəbiyyat nəzəriyyəsi şöbələrinin müdiri, institutun direktoru, akademik katibi vəzifələrində çalışıb, 1987-ci ildən Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda elmi fəaliyyətini davam etdirib.
Azərbaycan-rus ədəbi əlaqələrinin, Azərbaycan və Avropa klassik ədəbi irsinin, romantizmin tədqiqinə və s. mövzulara həsr olunmuş 30-dan çox monoqrafiya, kitab, dərslik, 300-dən çox məqalə Məmməd Cəfəri tənqidçi, ədəbiyyatşünas-alim kimi səciyyələndirir.
Onun “Rus ədəbiyyatı tarixi oçerkləri” (1939), “Rus klassikləri” (1969) və üç cildlik “XIX əsr rus ədəbiyyatı tarixi” (1970, 1974) dərslikləri, “Klassiklərimiz haqqında” (1948), “M. F. Axundovun ədəbi tənqidi görüşləri” (1950), “Ədəbi düşüncələr” (1958), “Füzuli düşünür” (1959), “Hüseyn Cavid” (1960), “Azərbaycan ədəbiyyatında romantizm” (1963), “Cəlil Məmmədquluzadə” (1966), “Estetik zövq haqqında” (1965), “Mütəfəkkirin şəxsiyyəti” (1966), “Estetik tərbiyə, ailə və məktəb” (1967), “Həyatın romantikası” (1968), “Sənət yollarında” (1975), “Nizaminin fikir dünyası” (1982) və s. kitab və monoqrafiyaları Azərbaycan ədəbiyyatşünaslığı tarixində öz elmi sanbalını, aktuallığını bu gün də saxlayan əvəzsiz mənbələrdir. Akademik Məmməd Cəfər zəngin və çoxşaxəli elmi fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olmuş, “Zurnaçı”, “M.N.”, “Dəmdəməki”, “Zorən təbib”, “M. Zeynaloğlu” imzaları ilə hekayələr çap etdirib, miniatür, novella, povest janrlarında qələmini sınayıb. Onun ilk bədii əsəri 1942-ci ildə nəşr olunmuş oçerklərdən ibarət “Snayper İlyas” adlı kitabıdır. Son dövrlərdə akademik İsa Həbibbəyli onun “Get dolangilən, xainsən hələ” adlı 1965-ci ildə qələmə alınmış 4 pərdə, 7 şəkildən ibarət olan pyesini çapa hazırlayıb və 2017-ci ildə nəşr etdirib. Tragikomediyada elmi-tədqiqat institutlarından birində baş verən hadisələr fonunda keçmiş sovet cəmiyyətindəki ziddiyyətlər göstərilib. Əsər ideya-bədii xüsusiyyətlərinə görə Azərbaycan dramaturgiyasının mühüm yaradıcılıq nailiyyətlərindən biri hesab olunur. Akademik İsa Həbibbəylinin sözləri ilə desək, Azərbaycan elmində milli romantizmşünasların, romantizm tədqiqatçılarının əsas rəhbəri və müəllimi olan Məmməd Cəfər Cəfərov həm də realizmə dair-böyük mütəfəkkir Mirzə Fətəli Axundovun şəxsiyyəti, ədəbi-tənqidi görüşləri, Azərbaycan tənqidi realizminin yaradıcısı Cəlil Məmmədquluzadə, məşhur mollanəsrəddinçi şair Mirzə Ələkbər Sabir, satirik şeirlər, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadi haqqındakı tədqiqatları ilə də diqqəti cəlb edir. Onun Cəlil Məmmədquluzadənin yazıçı, jurnalist və ictimai xadim kimi fəaliyyətindən bəhs edən əsərinin 1966-cı ildə tamamlanması, əlbəttə ki, təsadüfi deyildi. Çünki 1960-cı illərdə həm böyük Azərbaycançı ədib, istedadlı dramaturq, nasir, kiçik hekayənin böyük ustadı Cəlil Məmmədquluzadənin 100 illik yubileyinə hazırlıq işləri aparılırdı, həm də 1966-cı ildə bütün türk-müsəlman dünyasını aydınladan bir satirik məcmuənin, Cəlil Məmmədquluzadənin şah əsəri olan “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 60 ili tamam olurdu. Məmməd Cəfər 1966-cı ildə dahi ədibin 100 illik yubileyi münasibətilə SSRİ Yazıçılar İttifaqının Birləşmiş Plenumunda məruzə də edib. Bu məruzənin mətni “Cəlil Məmmədquluzadə haqqında söz” adı ilə “Sənət yollarında” kitabında yer alıb.
Həmin il qələmə alınan “Həmişə bizimlə” məqaləsində o, Cəlil Məmmədquluzadənin bədii yaradıcılığının və onun təşkilatçısı, naşiri və redaktoru olduğu “Molla Nəsrəddin” jurnalının təsir dairəsinin bir ölkə ilə, bir xalqla məhdudlaşmadığını, islamın intibahında, müsəlman cəmiyyətinin islah edilməsində həlledici rol oynadığını qeyd edib. 1966-cı ildə, dini ateizmin təbliğ olunduğu bir zamanda islam dininin intibahından danışmağın özü böyük cəsarət tələb edirdi. Dəyərli alim məqalədə jurnalın əsas müəlliflərinin tarixi xidmətlərini xatırlatmaqla yanaşı, bu əvəzsiz mənbənin müasiri olduğu dövr və gələcək üçün əhəmiyyətini, aktuallığını da xüsusi vurğulayır.
Məqalədə Cəlil Məmmədquluzadə zəngin ictimai məzmunlu əsərləri ilə, xalq üçün döyünən nəcib qəlbi ilə “bizim canlı, müdrik müasirimiz” adlandırılır. Məmməd Cəfər hər cür cismani və ruhani əsarətə qarşı mübarizə aparan xalqlar üçün çox mühüm əhəmiyyətə malik olduğunu vurğulayaraq Mirzə Cəlilin əsərlərinin və satirik jurnalın Qərb dillərinə tərcüməsi, nəşri və tədqiqi məsələsini də diqqət mərkəzinə çəkirdi. Öz xalqının ədəbiyyatına dərindən bağlı olan alim ədəbi əlaqələrin inkişafında qarşılıqlı tərcümələrin rolundan bəhs edərkən Azərbaycanın dünya ədəbiyyatının inkişafına xeyir verəcək dahi söz ustalarını dünya dillərinə sistemli və ardıcıl tərcümə etməyin artıq zamanı yetişdiyini qeyd edir: “Məlumdur ki, mədəni xalqların çoxu bədii söz ustalarını dünyaya tanıtdırmışlar və biz onların əsərlərini tərcümə edir, öyrənir, onlardan faydalanıb ədəbiyyatımızı inkişaf etdiririk. Biz özümüz də yaradıcılığı bəşəri əhəmiyyət kəsb edən yazıçılarımızı xalqlara yaxşı tanıtdırmalıyıq ki, onlar da bizim söz ustalarımızın yaradıcılığından, mütərəqqi fikirlərindən faydalana bilsinlər”.
“Cəlil Məmmədquluzadə haqqında söz” adlı məruzəsində dəyərli alim Cəlil Məmmədquluzadəni aydın məqsədi, yüksək amalı ilə ədəbiyyata gələn, xalqının azadlığı naminə əlinə qələm alan, xalq, vətən haqqında hərtərəfli düşünən, varlığı çox əhatəli bir baxışla dərk edən yazıçılardan hesab edərək onun yaradıcılığını millilik, beynəlmiləlçilik, insanpərvərlik baxımından yüksək dəyərləndirir. Akademik Məmməd Cəfər ötən əsrin 60-cı illərində ədəbi mübahisəyə səbəb olan çox mühüm bir məsələyə də bu məruzəsində aydınlıq gətirib. Bu gün olduğu kimi, o zamanlar da tənqidi realizmin mahiyyətinin nədən ibarət olduğunu bilməyənlər Mirzə Cəlili cəmiyyətin müsbət cəhətlərindən yox, nöqsanlarından yazdığı üçün təqsirləndiriblər. Alim bu iradlara cavab olaraq Mirzə Cəlilin yüz illərlə yatmış millətin qulağına dirilik şeypuru çalmaqla onların bəsirət gözünü açmağı, dostu ilə düşmənini tanıtdırmağı, xalqda mübarizlik əhval-ruhiyyəsi yaratmağı əsas məqsəd olaraq qarşıya qoyduğunu və azadlıq uğrunda böyük məqsədlərə çatmaq üçün cəmiyyəti tamamilə yenidən qurmağın zamanı gəldiyini yazdığını qeyd edir: “Cəlil Məmmədquluzadənin cəmiyyətin nöqsanlarına qarşı amansız olması belə bir yüksək və müsbət estetik ideal ilə əlaqədar idi!”. Həqiqətən də, tənqidi realizmin əsasını ayrı-ayrı şəxslərin tənqidi, islah olunması deyil, bu şəxsləri meydana gətirən ictimai quruluşun tənqidi və onun məhvə məhkumluğunun ortaya qoyulması təşkil edir.
Məruzənin sonunda Cəlil Məmmədquluzadə nəsri, dramaturgiyası qəhrəmanın ümumxalq taleyi haqqında düşünmək və böyük ictimai ideal uğrunda mübarizə aparmaq baxımından nümunəvi bir yaradıcılıq nümunəsi, dahi ədibin özü isə cəsarəti, möhkəm əqidəsi, sarsılmaz iradəsi ilə müasir dövr və gələcək nəsillər üçün ideal insan nümunəsi adlandırılıb.
Dəyərli alimin tarixi romanlar ustası, mollanəsrəddinçi Məmməd Səid Ordubadinin anadan olmasının 100 illik yubileyi münasibətilə 1972-ci ildə qələmə aldığı “Ordubadi haqqında söz” adlı məqaləsində bir şair, dramaturq, jurnalist, memuarist, siyasi publisist, tərcüməçi, qüdrətli nasir-romançı, həm də bir Şərqşünas alim kimi zəngin bir irs qoyub getmiş Azərbaycan ədibinin yaradıcılığı, tarixi xidmətləri sadalanır, Ordubadi sözün yüksək mənasında “xalq yazıçısı”, “xalq adamı” adlandırılır.
Böyük satirik şair, mollanəsrəddinçi Mirzə Ələkbər Sabir haqqında yazdığı oçerkini isə Cəlil Məmmədquluzadənin sözləri ilə “Hünərvər şair” adlandıran akademik Məmməd Cəfər Cəfərov Sabir yaradıcılığındakı müasirlik ruhunu xüsusi bir məhəbbətlə araşdırıb. Dəyərli alim digər mollanəsrəddinçilər kimi, Sabirin də geridə qalmış vətən övladlarını müasir ruhda tərbiyə etmək kimi böyük bir vəzifəni öz üzərinə götürdüyünü, cəhalətlə mübarizədə hansı üsul və vasitələrdən istifadə edəcəyini çox yaxşı bildiyini qeyd edib.
Yuxarıda qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan ədəbiyyatına, rus və Avropa ədəbiyyatına dair tədqiqatları ilə Azərbaycan ədəbiyyatşünaslığında, Azərbaycan romantizmşünaslığı və füzulişünaslığında əhəmiyyətli mövqeyə malik olan akademik Məmməd Cəfər Cəfərov həm də mollanəsrəddinşünas alim kimi öz sözünü deyib. Onun görkəmli mollanəsrəddinçilərdən bəhs edən tədqiqatları həm elmi qənaətlərinin dəqiqliyi, düzgünlüyü, həm də emosionallığı, güclü məntiqi ilə diqqəti cəlb edir.
Aygün Orucova,
filologiya üzrə fəlsəfə doktoru
“Nuh yurdu” qəzeti