Azərbaycan realist ədəbi düşüncəsinin əsas nümayəndələrindən biri, özünəməxsus satirik üsluba malik olan Qasım bəy Zakir rəvan dildə əxlaqi-didaktik əsərlər qələmə alıb. XIX əsrin birinci yarısında maarifçilik hərəkatının formalaşması və inkişafına öz qələmi ilə töhfələr verən şair cəmiyyətdəki eybəcərlikləri tənqid edib, xalqın maariflənməsi naminə mübarizə aparıb.
NUHÇIXAN xəbər verir ki, bu gün görkəmli satirik şairin anadan olmasından 235 il ötür. O, müasirləri Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı və Mirzə Fətəli Axundzadə kimi xalqı maarif yoluna istiqamətləndirməkdə satiranı ədəbi janrların ən münasibi hesab edib. Xalqı cəhalətdə, zillətdə saxlayanları satira atəşinə tutub. Qələmə aldığı əsərlərdə Azərbaycan həyatının bir çox tipik xüsusiyyətlərini ümumiləşdirən şair, eyni zamanda, satirik şeirin yeni nümunələrini - mənzum məktub, mənzum hekayə və təmsil janrlarını yaradıb.
Xalqı zülmətdə saxlayan mürtəce qüvvələrə qarşı mübarizə aparan şair təzyiqlərə məruz qalır, düşmənlərinin sayı gündən-günə çoxalır. Var-yoxu talan edilir, mülkü zorla əlindən alınır. Oğlu və qardaşı oğlu şərlənərək tutdurulur... Bütün bunlara baxmayaraq, heç bir təhdid onu tutduğu yoldan döndərə bilmir. Şair bu barədə yazır:
Rahi-müsibətdə keçmişəm candan,
Müxənnətdir qorxan bir qaşıq qandan.
Ehtiyatım yoxdur paşadan, xandan,
Analar doğubdur şiri-nər məni!
“Aslan, qurd və çaqqal”, “Tülkü və qurd” təmsilləri ilə cəmiyyətin sağlam yollarla inkişafı naminə çağırışlar edir, məmur özbaşınalığının qarşısını almaq üçün kəskin mübarizə aparır.
Araşdırmalarda göstərilir ki, Zakir təmsillərini yazarkən şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi “Kəlilə və Dimnə” əsərindən bəhrələnib. Onun müxtəlif mövzularda yazdığı “Məlikzadə və Şahsənəm”, “Əmirzadə, məşuq və cavan aşiq”, “Aşiqin təam bişirməyi”, “Aşiq və məşuq haqqında” mənzum hekayələri diqqət çəkir. Bu əsərlərdə məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur. Məhəbbətdə sədaqət, mətanət və dözümlülük, vəfada möhkəmlik bu hekayələrin əsas qayəsini təşkil edir.
Görkəmli satirikin xalq qarşısında xidmətlərindən biri də Molla Pənah Vaqifdən sonra Azərbaycan dilini yad ünsürlərdən qoruması olub. O, ədəbi dilimizin daha da zənginləşməsinə töhfələr verib. Danışıq dilində sözün məna çalarlarından çox bacarıqla istifadə edib, əsərlərini geniş xalq kütləsinin başa düşəcəyi bir dildə yazıb. Məhz bu məziyyətləri nəzərə alan Mirzə Fətəli, Firidun bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq və başqaları Azərbaycan dilinin bənzərsizliyindən, gözəlliyindən danışarkən Qasım bəy Zakiri dönə-dönə yad ediblər.
Tədqiqatçı Adilə Qocayeva öz araşdırmasında yazır: “Qasım bəy Zakirin şeirlərində canlı danışıq dilinin bir sıra başqa xüsusiyyətləri də nəzərə çarpır. Məsələn, şair danışıq dilində olan eniş-yoxuş, gecə-gündüz, gəl-get, əl-ayaq, alıb-satmaq kimi qoşa mənalı sözlərdən yerli-yerində istifadə etmişdir. Şair öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını mövzu, fikir, ideya cəhətdən zənginləşdirdiyi kimi, janr etibarilə də inkişaf etdirmişdir. O, Azərbaycan dilinin bir çox gözəlliklərini şeirə, sənətə gətirmişdir. M.F.Axundzadədən sonra realist-demokrat ədəbiyyatımızın görkəmli nümayəndələri də yeri gəldikcə Qasım bəy Zakir sənətinə müraciət etmişlər...”
Zakir öz yaradıcılığı ilə gələcək realist şeirin inkişafına mühüm təsir göstərib. Böyük şairin maarifçilik uğrunda mübarizəsi, əsərlərinin ideya-estetik hədəfləri bu gün də onun ədəbi-mədəni yaddaşımızın unudulmaz siması olduğunu sübut edir.