“Naxçıvanı tanıyaq” devizi altında Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançılarının “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə ekskursiyası təşkil olunub.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi tədbirdə 70 idmançı iştirak edib.
Muzeyin bələdçisi Fatma Dünyamalıyeva idmançılara muzey haqqında geniş məlumat verib. Bildirilib ki, “Əlincəqala” tarixi abidəsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa edilib. Diqqətə çatdırılıb ki, “Əlincəqala” tarixi abidəsinin bərpa olunması xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və bütün dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının üzvləri və idmançıları isə muxtar respublikanın cəlbedici məkanlarından biri olan Nəbatat bağına ekskursiya ediblər.