Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi qurumun iqamətgahında Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.
NUHÇIXAN xəbər verir ki, təşkilatın ziyafət salonunda keçirilən qəbuldan əvvəl “Azərbaycanın gənc rəssamları Avropa Şurasında” adlı rəsm sərgisinin açılışı olub.
Ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi səfir Emin Eyyubov dünyanın hər yerində azərbaycanlıların 28 Mayı Respublika Günü kimi qeyd etdiklərini bildirərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, onun 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə həyata keçirilmiş islahatlardan və quruculuq işlərindən danışıb.
E.Eyyubov 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, plüralist parlamentin təsis edildiyini, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq, vətəndaşların bərabər hüquqlara malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, birinci Respublikanın ən mühüm nailiyyətlərindən biri də qadınlara səsvermə hüququnun verilməsidir.
Səfir əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunu vurğulayıb. Müasir müstəqil ölkəmizin iqtisadi inkişafı, sabitliyi və tarazlaşdırılmış xarici siyasəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünə baxmayaraq, Azərbaycan regionun lider dövlətinə çevrilib və qitələri birləşdirən böyük layihələrə imza atıb.
“Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamını xatırladan E.Eyyubov bunun bariz nümunəsi kimi bu bayrağın ölkəmiz hələ müstəqilliyini bərpa etməzdən öncə ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin binasında qaldırıldığını bildirib. Üçrəngli bayrağımızın 2001-ci ilin yanvarın 25-də AŞ-a üzv olarkən Ümummilli Lider tərəfindən təşkilatın mənzil-qərargahının önündə ucaldığının əlamətdar bir hadisə olduğunu vurğulayıb.
Azərbaycanın dünyəvi, müasir və demokratik ölkə olduğunu diqqətə çatdıran səfir ölkəmizin uğurlu multikultural və multietnik cəmiyyət nümunəsi olduğunu, onun Avropa ilə Asiya arasında, habelə Avropa ilə müsəlman dünyası arasında körpü rolu oynadığını qeyd edib.
Səfir Prezident İlham Əliyevin təşəbbüskarı olduğu və bu il 10 illiyi qeyd edilən mədəniyyətlərarası dialoqla bağlı “Bakı Prosesi”nin əsasının 2008-ci ildə Bakıda qoyulduğunu bildirib.
Qeyd edib ki, birinci Respublikanın qurucuları bugünkü Azərbaycan Respublikasını görsəydilər onunla fəxr edərdilər. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən səmərəli idarəçilik, sosial-iqtisadi, insan kapitalının inkişafına yönələn siyasət, eləcə də beynəlxalq münasibətlərdə artan nüfuzu ilə müstəqil, suveren və demokratik Azərbaycan birinci respublikanın dəyər və idealarını reallaşdırıb. Birinci Respublikanın 100 illiyinin qeyd olunduğu tarixi bir məqamda geriyə nəzər saldıqda, əldə olunan nailiyyətlərin çox qürurverici olduğunu bildirib.
Azərbaycanın müstəqilliyinin əbədi olduğunu bildirən E.Eyyubov çıxışını Ulu Öndərin “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” kəlamı ilə bitirib.
“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev rəhbərlik etdiyi təşkilatın xətti ilə belə bir təşkilatda Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil edilən belə bir mötəbər tədbirin və gənc azərbaycanlı rəssamların sərgisinin keçirilməsindən qürur duyduğunu bildirib.
Rəhbərlik etdiyi təşkilat haqqında və onun həyata keçirdiyi layihələrlə bağlı ətraflı məlumat verən İ.Baxşəliyev “Dirçəliş” mərkəzinin 2010-cu ildən Azərbaycan mədəniyyətinin təbliği istiqamətində Avropanın müxtəlif şəhərlərində 15 sərginin təşkil edildiyini, bu sərgilərdə 250-dən çox rəssamın iştirak etdiyini və 1200-ə qədər eksponatın nümayiş olunduğunu qeyd edib. 16-cı sərginin Strasburqda ölkəmiz üçün çox əlamətdar bir gündə keçirildiyini vurğulayıb.
Tədbir çərçivəsində AŞ-ın ziyafət salonunda yerləşdirilmiş ekranda Bakı Media Mərkəzi tərəfindən hazırlanmış və Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş sənədli film, eləcə də ölkəmizin mədəniyyətindən, təbiətindən, iqtisadi uğurlarından, ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən, xüsusilə Bakının “EXPO 2025” Ümumdünya Sərgisinə namizədliyinin təşviqindən bəhs edən videoçarxlar nümayiş olunub.
Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti və ədəbiyyatına dair nəşrləri, “İRS” jurnalının və “Le Journal du Parlement” Fransa Milli Assambleyasının rəsmi jurnalının AXC-nin 100 illiyinə həsr edilmiş xüsusi nömrələri, eləcə də Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filminin video diskləri hədiyyə edilib.
Tədbirdə AŞ-ınn baş katibi Torbyorn Yaqland və müavini xanım Qabriella Battaini Draqoni, qurumun yüksək vəzifəli şəxsləri, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimləri, təşkilat yanında və Strasburqda akkreditasiya olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri, Strasburqda təhsil alan azərbaycanlı və xarici tələbələr, eləcə də diaspor təşkilatlarının təmsilçiləri iştirak edib.