NUHÇIXAN xəbər verir ki, Amerikanın energetika paytaxtı hesab olunan və 1976-cı ildən Bakı ilə qardaşlaşmış, çoxsaylı həmvətənlərimizin yaşadığı Hyuston şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı şəhərin meri Silvestr Törner tərəfindən 28 may Azərbaycan Günü elan edilib. Bununla əlaqədar olaraq S.Törner bəyannamə imzalayıb.
Bəyannamədə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı bildirilir.
Qeyd olunur ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnun verilməsini təmin edib.
Sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etdiyi vurğulanır.
Eyni zamanda Hyustonun və Bakı arasında qardaşlıq münasibətinin və vətəndaşlar arasında bir sıra mədəni və təhsil sahələrində mübadilənin mövcud olduğu qeyd olunur.
Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə azərbaycanlı tərəfindən 28 may tarixinin Milli Gün olaraq qeyd olunduğu bildirilir.
Sənəddə mer Törner Hyustonda Azərbaycan Demokratik Respublikası Günü elan edildiyi bildirilir.
Qeyd edək ki, bəyannamə mayın 31-də Hyuston şəhərində Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş tədbirdə ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanova meriya nümayəndəsi tərəfindən rəsmən təqdim olunub.