Muxtar respublikada qədim kəhrizlər bərpa edilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Kəhrizlər İdarəsi muxtar respublika ərazisindəki qədim kəhrizlərin bərpası işlərini davam etdirir.
Bu il Ordubad, Şahbuz və Kəngərli rayonlarında 10 kəhriz təmir olunub, 5 kəhrizdə isə işlər davam edir. Hazırda Ordubad şəhərində “Hacı Fəttah”, rayonun Aşağı Əylis kəndində “Çiçək”, Kəngərli rayonunun Çalxanqala kəndində “Şam bulaq 2”, Təzəkənddə “Qasım bəy”, Qarabağlar kəndindəki “Bostanlar 1” kəhrizlərində təmir-bərpa işləri həyata keçirilir.
Təmir-bərpa işləri zamanı kəhriz kürələrində saybəndləmə, quyularda isə çalagərdən hörgü işləri görülür ki, bu da kəhrizlərin istismar müddətinin uzadılması, uçqunların qarşısının alınması, su debitinin artırılmasına imkan verir.
Qeyd edək ki, muxtar respublikada 385 kəhriz var. Həmin kəhrizlərin təxminən 80 faizi işlək vəziyyətdədir.
Cahangir Mehdiyev