Cavidi xatırlayarkən… - FOTOLAR
Muzey — tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi məkandır. Bu baxımdan muzeylərin öyrənilməsi son dərəcə əhəmiyyətli mövzudur. Mən öz adıma deyim ki, hansı ölkəyə səfər edəcəyəmsə, getməzdən öncə həmin ölkənin tarixi, ədəbiyyatı, incəsənəti ilə maraqlanıram, ələlxüsus da muzeyləri ilə. Qeyd edim ki, gəzdiyim məşhur Luvr muzeyində rastlaşdığım insan izdihamı hələ xatirimdən çıxmır. Muzeylərə insanlar zorla getmirlər, sevərək, könüllü olaraq, səyahət etdikləri ölkənin tarixinə, incəsənətinə, ədəbiyyatına hətta idarə etmə sisteminə bələd olmaq üçün ziyarət edirlər muzeyləri.
Bu gün Naxçıvan Muxtar Respublikasında da muzeyçilik sahəsində əhəmiyyətli işlər görülüb və davam edir. Naxçıvanlı mütəfəkkirlərin istedadının, əməyinin qiymətləndirilməsi həm də gələcək istedadlara stimul verir. Dövlətin qayğısı sövq edir ki, hər bir vətəndaş yadda qalmaq üçün əhəmiyyətli işlərlə məşğul olsun. Bu isə həqiqətən də qələbədir.
Bu yazımızda sizə haqqında danışacağımız muzey Naxçıvan şəhərində, 1981-ci ildə “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qərar ilə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin doğulduğu məhəllədə yaradılan Hüseyn Cavidin ev muzeyidir.
Mütəfəkkir şair, görkəmli dramaturq Hüsеyn Cavid Azərbaycan ədəbiyyatı tarixində orijinal ədəbi simalardan biridir. Minillik Azərbaycan ədəbiyyatının növbəti inkişaf mərhələsi sayılan XX əsr Azərbaycan romantizmi hamıdan çox Hüsеyn Cavidin adı ilə bağlıdır. Onun qələmə aldığı “Şеyx Sənan” və “İblis”, “Xəyyam” və “Səyavuş” bizim dramaturgiyamızda romantizmin bütün problеmatikliyi, idеya və məzmun xüsusiyyətləri ilə təzahür еtdiyi əsərlərdir. Öz yaradıcılığı ilə H.Cavid Azərbaycan dramaturgiyasının mövzu sərhəddini gеnişləndirir, tragik xaraktеrin, romantik qəhrəmanın, dramatik konflikt və kolliziyaların yеni tiplərini yaradır, qəhrəmanı qadın olan ilk Azərbaycan faciəsini qələmə alır, onu humanist, nəcib və bəşəri idеyalarla daha da zənginləşdirir. H.Cavid bizim dramatik poеziyada qüvvətli bir faciənəvis, mənzum və romantik dramın yaradıcısı kimi unikal və şərəfli bir yеr tutur.
Ümummilli liderimiz Heydər Əliyevin yüksək dəyər verdiyi sənətkarlardan olan Hüseyn Cavid Naxçıvanda doğulub, burada təhsil alıb, sonralar təhsilini Türkiyədə davam etdirib. Ümumtürk bəşəri fəlsəfi fikrini qədim Naxçıvan torpağından bütün dünyaya yayaraq Avropa demonist fəlsəfəsindən önə keçən bu dahi sənətkar 1937-ci illərin repressiyasının güdazına getdi. 1941-ci ildə repressiya qurbanı olan Cavidin nəşi də Sibirdə torpağa verilmişdi. Amma ona isti münasibət bəsləyən Ümumilli liderimizin təşəbbüsü ilə Azərbaycan fəlsəfi fikrinin inkişafında böyük xidmətləri olan sənətkarın cənazəsi Sibirdən ölkəmizə gətirildi və Naxçıvanda torpağa tapşırıldı.
...Zaman keçdi və ümummilli lider Heydər Əliyevin səyi nəticəsində Naxçıvanda Hüseyn Cavidin məqbərəsi tikildi, məqbərənin açılışında iştirak etmək üçün Naxçıvana gələn Ümummilli lider məqbərənin açılışında iştirak etdi, geniş nitq söylədi, açılışı bildirən lenti kəsdi və Hüseyn Cavidin məqbərəsini ehtiramla ziyarət etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov öz nitqində Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edərək dedi: “Bu gün açılışına toplaşdığımız Hüseyn Cavidin məqbərəsi Azərbaycan Prezidentinin milli mədəniyyətimizə göstərdiyi yüksək atalıq qayğısının yeni və bənzərsiz təzahürüdür. Möhtərəm Heydər Əliyevin adı ilə bağlı olan Hüseyn Cavid məqbərəsi zəngin və çoxəsrlik Naxçıvan memarlıq məktəbi tarixində yeni hadisədir”.
“Hüseyn Cavidin 130 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilməsi diqqətləri bir daha dahi dramaturqa yönəltdi.
Bütün bu sadaladıqlarımızın işığına bürünüb Nuh yurdu Naxçıvanın fəxrlərindən olan Cavidi ziyarət etmək üçün yola çıxdıq. Qeyri-iradi olaraq ruhumuza hopan“Rəqs” şeiri səsləndi dilimizdə:
Ruhum yеnə ləbrizi-səadət...
Ya Rəb, bu nə tufani-lətafət!?
Göydən yеrə еnmiş kibi cənnət,
Yеr-yеr saçılır nuri-məsərrət.
Həp qol-qola pürşеvqü şətarət
Rəqs еtmədə-azadеyi-sənət –
Ərvahi-lətifi-mələkiyyət.
Cavidin məqbərəsinə salamlarımızı çatdırıb, izin istədik ocağına daxil olmaq üçün. Muzeydə Hüseyn Cavidin “Ömür yolu” tamaşası sərgilənirdi elə bil. Burada Cavid böyüklüyünün hiss edildiyi hər dəyərlə tanış olduq. Muzeyin fondunda 9 minə yaxın eksponat toplanıb. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilmiş “İblis” və 1934-cü ildə çapdan çıxmış “Səyavuş” əsərlərinin nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları var. Hüseyn Cavidin İstanbuldan Qurbanəli Şərifzadəyə göndərdiyi və ədibin yaxın dostu Əziz Şərifin şəxsən üzünü köçürüb muzeyə bağışladığı məktublardan ibarət dəftər, şairin qızı Turan Cavidin hədiyyə etdiyi “Knyaz” əsərinin əlyazması da bu muzeydə nümayiş olunur. Hüseyn Cavidin həyatının Naxçıvan dövrü ilə bağlı sənədlər, muzeyin ekspozisiyasında nümayiş etdirilən qiymətli əşyaların əksəriyyəti də Turan Cavidin hədiyyələridir. Turan Cavid eyni zamanda muzeyin yaradılmasında da yaxından iştirak edib.
Ekspozisiyada cavidşünasların- Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Mehdi Məmmədov, Yaşar Qarayev, Rafael Hüseynov, Yavuz Axundlu, İsa Həbibbəyli, Zahid Əkbərov, Əjdər İsmayılov, Hüseyn Həşimli və başqalarının muzeyə bağışladığı kitablar yer alıb.
Muzeyin direktoru Bəhruz Axundovun verdiyi məlumatlarla müasir zamanədən qopub, “Keçmiş günlərə” döndük. Cavid nəfəsinin duyulduğu bu muzeydə səmimilik, hər əsərə duyulan dərin məhəbbət var idi. Xatirə dəftərinə diləklərimizi yazdıq. Turan Cavidin muzey haqqındakı fikirləriylə tanış olduq. Azər Turanın Cavid haqqında yazdığı səmimi etirafları ilə Cavid əfəndinin fərqli tərəflərini kəşf etdik. Bura həqiqətən də bizim üçün çox doğmadır.
Dilimizin əzbəri olan:
- Başqa sevdiklərin nasıl, yoxmu?
-Var...
- Kimdir onlar? Anam, babam, müəlliməm, bir də bütün insanlar...-misralarını xatırlayaraq vida etdik Cavid ocağına.
Nərgiz İsmayılova
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
Filologiya üzrə fəlsəfə doktoru