Dünyanın ən ekzotik meyvələri - FOTOLAR
Yalnız qorxaq səyahətçi ekzotik ölkələrə səfər edərkən və xarici forması, qoxusu və adı tanış olmayan hər hansı meyvəni dadmaqdan imtina edər. Alma, portağal kimi ənənəvi meyvələrə alışmış turistlər manqostin, durian və salak kimi ekzotik meyvələri yeməkdə tərəddüd edirlər. Amma məhz bu ekzotik kəşflər sizin bütün səyahətinizin ən yaddaqalan səhifələrindən biri olacaq.
NUHÇIXAN tourister.ru saytına istinadla müxtəlif ölkələrdəki ən maraqlı ekzotik meyvələri sizə təqdim edir.
Durian
Durian meyvələri düzgün olmayan dairəvi şəkildədir və çox iti iynələri var. Qabığının altında isə unikal dadı olan ləti var. “Meyvələrin kralı” adlanan bu nemətdən kəskin ammonium qoxusu gəlir. Bu qoxu o qədər kəskindir ki, həmin meyvəni təyyarədə daşımaq və ya otel nömrələrinə aparmaq qadağandır. Bununla bağlı, otellərin girişində müvafiq xəbərdarlıq lövhəsi və plakatlar da asılır. Tailandın bu ən kəskin qoxulu və ekzotik meyvəsi vitaminlərlə və qidalandırıcı maddələrlə zəngindir.
Bu meyvəni sərbəst şəkildə, xüsusən mövsümdən kənar seçməyə cəhd göstərməyin. Bunun üçün satıcıya müraciət edin. O, meyvəni doğrayacaq və onu şəffaf paketə qoyacaq. Yaxud durianı super-marketdə qablaşdırılmış şəkildə də ala bilərsiniz.
Meyvəni yeməzdən əvvəl içərisindəki ləti barmağınızla yüngülcə əzin. O, kərə yağı kimi yumşaq olacaq və xoşagəlməz qoxunu hiss etməyəcəksiniz. Durianın ləti orqanizmə güc verir. Taylar hesab edirlər ki, durian bədəni də isidir. Məşhur Tailand atalar sözündə deyilir ki, onun istisi yalnız manqostinin verdiyi sərinliklə müqayisə edilə bilər. Bu meyvəni Tailand, Filippin, Vyetnam, Malayziya, Kamboca kimi regionun ekzotik ölkələrində dadmaq olar.
Manqostin
Bu meyvəni həmçinin, manqostan da adlandırırlar. Qalın bənövşəyi qabığı və dairəvi iynəli yarpaqları olan manqostin qabığı soyulmuş portağalın dadını verir və turşməzədir. Onun daxilində altı və daha çox dilim var. Dilimlərin sayı çox olduğunda toxumlar da azalır. Manqostini düzgün seçmək üçün ən bənövşəyi rəngli meyvəni götürür və onu yavaşca sıxırlar. Qabığı sərt olmamalıdır. Əgər meyvənin qabığı müxtəlif yerlərdə kələ-kötür olursa, o zaman onu yetişmiş hesab etmək olar. Manqostini soymaq üçün bıçaq və ya barmaqla qabığında deşik açırlar. Dilimləri əlinizlə götürməyə cəhd etməyin. Çünki, onlar o qədər kövrəkdir ki, barmaqlarınız arasında əzilə bilər. Amma bu meyvəni daşımaq çox da çətin deyil.
Manqostinin dadına Myanma, Tailand, Vyetnam, Kamboca, Malayziya, Hindistan, Filippin, Şri-Lanka, Kolumbiya, Panama və Kosta-Rikada baxmaq olar. Onun mövsümü isə aprelin ortalarından oktyabrın ortalarına qədərdir.
Cekfrut
Bu meyvənin digər adı hind çörək ağacı, kanundur. Sarı-yaşıl qabığın altında tikanlı qalın meyvəsi olan cekfrutun şirin dadı və düşes armudunun ətrinə bənzər qəribə qoxusu var. Onun senqmentləri bir-birindən ayrı şəkildə paketlərdə satılır. İçərisindəki yumşaq hissəni təzə olduğunda yeyir, yetişməmiş tərəfini isə bişirlər. Cekfrutu digər meyvələrlə birlikdə dondurmaya və kokos südünə əlavə edirlər. Onun toxumlarını isə bişirilmiş halda yeyirlər.
Bu meyvəni Filippin, Tailand, Vyetnam, Malayziya, Kamboca və Sinqapurda yemək olar. Onun mövsümü isə regionlardan asılı olaraq yanvardan avqusta qədərdir.
Liçi
Bu meyvənin digər adı litçi, yaxud Çin gavalısıdır. Ürəkşəkilli və ya dairəvi meyvənin salxımlı barı var. Onun parlaq qırmızı qabığının altında şəffaf, sulu və şirin lət gizlənir. Mövsümlərarası dövrdə Asiya ölkələrində bu tropik meyvəni konservləşdirilmiş şəkildə və plastik paketlərdə satırlar.
Liçinin dadına Tailand, Kamboca, İndoneziya, Avstraliya və Çində baxmaq olar. Meyvənin mövsümü isə maydan iyula qədərdir.
Manqo
Tropik ölkələrin ən populyar meyvələrindən biri də manqodur. Onun iri, yumurtaya bənzər və ya şarşəkilli formaları var. Meyvənin içərisi sarı və narıncıdır, həmçinin sulu və şirindir. Manqonun qoxusu ərik, qızılgül, qovun, limonun ətrini verir. Onun kal vəziyyətdə yığılan yaşıl meyvələrini qidaya əlavə edir, duz və bibərlə yeyirlər. Meyvəni iti bıçaqla təmizləmək daha rahatdır.
Manqonu Filippin, Hindistan, Tailand, İndoneziya, Myanma, Vyetnam, Çin, Pakistan, Meksika, Braziliya və Kubada yemək olar. Onun mövsümü isə ilboyudur. Tailandda manqonun ən çox bar verdiyi aylar martdan mayadək, Vyetnamda yanvardan mayadək, İndoneziyada isə, sentyabrdan dekabra qədərdir.
Papayya
Sarı-yaşıl qabığı olan bu iri meyvənin silindrik forması var və onun barı 20 santimetr uzunluqdadır. O, dadına görə qovunla balqabağı daha çox xatırladır. Yetişmiş papayya parlaq narıncı rəngə malikdir və içərisində çox yumşaq ləti var. Bu meyvə qida həzminə kömək edir. yetişməmiş papayyanın isə acılı tay salatına əlavə edirlər, qızardırlar və yaxud pörtlədilmiş ətə vururlar.
Bu meyvəni Hindistan, Tailand, Şri-Lanka, Bali, İndoneziya, Filippin, Meksika, Braziliya və Kolumbiyada yemək olar. Onun mövsümü isə ilboyu davam edir.
Lonqan
Bu meyvənin digər adları lam-yay, yaxud “əjdaha gözü”dür. Dairəvi və çəhrayı rəngdə olan lonqan zahirən kiçik kartofa bənzəyir. O, çox dadlı və sulu olmaqla bərabər, həm də çoxlu kaloriyə malikdir. Qabığını soymaq asandır və onun altındakı parlaq ağ və ya çəhrayı lət yumşaq jeleni xatırladır. Meyvənin ortasında böyük qara dənəsi var. Lonqan sağlamlıq üçün çox faydalıdır. Lakin onu həddindən artıq yemək olmaq. Çünki, bu meyvə bədəninin hərarətini artırır.
Lonqanın dadına Tailand, Vyetnam, Kamboca və Çində baxmaq olar. Onun mövsümü isə, iyunun ortalarından sentyabra qədərdir.
Rambutan
Rambutan ən məşhur tropik meyvələrdən biridir və daha “tüklü” olması ilə fərqlənir. Onun qırmızı qabığının altında çox ləzzətli və yarımşəffaf dilimləri var. Meyvəni yemək üçün onun ən mərkəz hissəsindəki ləti çıxarmalısınız. Rambutanı həm təzə dərilmiş, həm də şəkərlə konservləşdirilmiş halda yeyirlər. Onun bişirilməmiş toxumları zəhərlidir. Qızartdıqda isə, onlar zərərsiz olur. Meyvəni seçdikdə rənginə diqqət etmək lazımdır: daha çəhrayı rəngdə olanlar çox yetişmiş sayılır.
Rambutanın dadına Malayziya, Tailand, İndoneziya, Filippin, Hindistan, Kolumbiyanın bir hissəsi, Ekvador və Kubada baxmaq olar. Onun mövsümü isə aprelin ortalarından oktyabrın ortalarına qədərdir.
Pitayya
Bu meyvənin digər adları pitahayya, lun yan, “əjdaha meyvəsi” yaxud draqonfrutdur. Pitayya Hilosereuskimilər növündə kaktuslu meyvədir. Onun görünüşü çox gözəldir: parlaq çəhrayı rəngli bu meyvə iri alma ölçüsündə və bir az uzantılı formadadır. Meyvənin qabığı yaşıl rəngli kənarları olan kələ-kötür örtüyə və iri xallara malikdir. Qabığını eynilə portağalın olduğu kimi soymaq olur, içərisində isə ağ, qırmızı və ya bənövşəyi lət və çoxlu dənələri var. Bu meyvədən kokteyllərdə daha çox istifadə edirlər.
Pitayyanı Filippin, Tailand, Vyetnam, İndoneziya, Şri-Lanka, Malayziya, Çin, Tayvan, ABŞ, Avstraliya, İsrail və Yaponiyanın bir hissəsində yemək olar. Onun mövsümü də ilboyu davam edir.
Karambola
Meyvənin digər adları “tropik ulduzlar”, starfrut və kamrakdır. Onun sarı və yaşıl meyvələri ölçüsünə və formasına görə, şirin bibəri xatırladır. Orta hissəsi isə ulduz formasında olduğu üçün karambolanı çox vaxt ulduz meyvəsi adlandırırlar. Yetişmiş meyvələri sulu, xəfif gül dadlı və şirindir. Yetişməmiş meyvələrdə isə çoxlu miqdarda C vitamini var. Salat və kokteyllərə əlavə edilən bu meyvəni təmizləmək lazım gəlmir.
Karambolanın dadına Borneo adasında, Tailandda və İndoneziyada baxmaq olar. Onun mövsümü isə ilboyu davam edir.
Pomelo
Bu meyvənin çoxlu başqa adları var – pomela, pamela, pompelmus, Çin qreypfrutu, şeddok və s. Sitrus meyvəsi böyük və içərisi ağ, çəhrayı və ya sarı olan qreypfruta bənzəyir. Lakin onun dadı daha şirindir. Bu meyvəni kulinariya və kosmetologiyada geniş tətbiq edirlər. Pomelonu aldığnız zaman qoxusuna diqqət etmək lazımdır: onun ətri nə qədər güclü və zəngin olarsa, meyvənin ləti daha təzədir.
Pomelonun dadına Malayziya, Çin, Yaponiya, Vyetnam, Hindistan, İndoneziya, Taiti adası, İsrail və ABŞ-da baxmaq olar. Onun mövsümü isə ilboyu davam edir.
Quava
Bu meyvənin digər adları quyava, quayvadır. Onun dairəvi, yaxud armudşəkilli formaları 4- 15 sanitmetr arasındadır. İçərisində ağ dilimləri və sarı bərk toxumları var. Bu meyvəni qabığından tutmuş toxumuna qədər yeyirlər. Yetişdiyinə isə, quava daha çox saralır və onu qabığı ilə birlikdə qidaya əlavə edirlər. Çünki, quava həzmi asanlaşdırır və ürəyin ritmini sabitləşdirir. Yetişməmiş meyvəni isə, üzərinə ədva və duz əlavə edərək yaşıl manqo kimi yeyirlər.
Quavanın dadına İndoneziya, Tailand, Vyetnam, Malayziya, Misir, Tunisdə baxmaq olar. Onun mövsümü ilboyu davam edir.
Sapodilla
Bu meyvənin digər adları sapotilla, ağac kartofu, axra, çikudur. Onun forması kivi və ya gavalıya oxşayır. Yetişmiş barı südlü karamel dadır verir. Sapodilla bir az xurmaya da bənzəyir. Ondan daha çox desert və salatların hazırlanmasında istifadə edilir. Onun yetişməmiş meyvələri isə kosmetologiya və xalq təbabətində tətbiq edilir.
Sapodillanın dadına Tailand, Vyetnam, Malayziya, Filippin, İndoneziya, Şri-Lanka, Hindistan və ABŞ-ın Havay adalarında baxmaq olar. Meyvənin mövsümü isə sentyabr-dekabr aylarıdır.
Şəkər alması
Bu, çox faydalı tutqun yaşıl rəngli meyvədir. Onun sərt və kələ-kötür qabığı altında yaşıl rəngli və ətirli dilimləri və lobya böyüklüyündə dənələr var. Şəkər almasının ətri isə azacıq iynəyarpaqlıların qoxusunu verir. Yetişmiş meyvələri bir az yumşaq, kal halda isə sərtidir. Bu meyvənin daha çox yetişmiş dilimləri isə barmaqların arasında əriyir. Bu meyvə tay dondurmasının əsasını təşkil edir.
Şəkər almasının dadına Tailand, Filippin, Vyetnam, İndoneziya, Avstraliya və Çində baxmaq olar. Onun mövsümü isə iyun-sentyabr aylarıdır.
Çompu
Meyvənin digər adları çəhrayı alma və malabar gavalısıdır. Formasına görə şirin bibəri xatırladır. Çompunun həm çəhrayı, həm də açıq yaşıl rəngli meyvələri olur. İçərisi isə ağ rəngli və qatıdır. Onu təmizləmək lazım gəlmir, çünki dənələri yoxdur. Dadı o qədər də fərqlənmir və daha çox şirinləşdirilmiş suyu xatırladır. Lakin soyuq halda bu tropik meyvəsi yaxşı sərinləşdirici xüsusiyyətə malikdir.
Çompulun dadına Hindistan, Malayziya, Tailand, Şri-Lanka və Kolumbiyada baxmaq olar. Mövsümü isə ilboyu davam edir.
Aki
Aki və ya dadlı bligiya armudşəkilli formada və qırmızı-sarı qabıqlı meyvədir. Tam yetişdikdən sonra onun qabığı parçalanır və içərisindəki kremli yumşaq hissə, habelə toxumları üzə çıxır. Bu, dünyanın ən təhlükəli ekzotik meyvəsidir. Yetişməmiş halda onun tərkibində güclü zəhər və yüksək dərəcədə toksinlər var. Akini qidaya əlavə etmək üçün onu xüsusi emal etmək lazımdır. Həmçinin meyvəni uzun müddət qaynatmalısınız. Dadına görə aki yunan qozunu xatırladır. Qərbi Afrikada onun qabığından və yetişməmiş meyvələrindən sabun hazırlayır, lətindən isə balıq tutmaq üçün istifadə edirlər.
Bu meyvənin dadına ABŞ-ın Havay adaları, Yamayka, Braziliya, Venesuela, Kolumbiya, Ekvador və Avstraliyada baxmaq olar. Onun mövsümü isə yanvardan-marta və ya iyundan-avqusta qədərdir.
Ambarella
Digər adı Sitera alması olan bu meyvəni sarı gavalı, Polineziya gavalısı, şirin mombin də adlandırırlar. Onun ovalşəkilli meyvələri qızılı rəngdə və nazik sərt qabığın altındakı dilimlərdən ibarədir. İçərisi sulu və sarıdır, dənələri isə sərt və tikanlıdır. Ambarella dadına görə daha çox ananas və manqonu xatırladır. Yetişmiş meyvələrini bişirilməmiş halda yeyirlər, həmçinin onlardan şirə, mürəbbə və marmelad hazırlayırlar. Yetişməmiş barı isə qarnir kimi supa əlavə edirlər.
Meyvənin dadına İndoneziya, Malayziya, Filippin, Fici, Avstraliya, Yamayka, Venesuela, Braziliya və Surinamda baxmaq olar.
Onun mövsümü isə iyul ayından avqusta qədərdir.
Bam-balan
“Ən doğma dad” nominasiyasının qalibi olan bam-balan meyvəsinin dadı smetanlı və ya mayonezli borşu xatırladır. Onun oval formalı meyvəsi tünd rəngdədir, qoxusu isə bir az kəskindir. İçərisini çıxarmaq üçün sadəcə qabığını soymaq kifayətdir. Bu meyvəni qarnirə də əlavə etmək olar.
Meyvənin dadına Borneo adasının Malayziya hissəsində baxmaq olar.
Salak
Meyvənin digər adı sala, salaka, rakum, “ilan meyvəsi”dir. Onun dairəvi və ovalşəkilli barı salxımlardan ibarətdir. Rəngi qırmızı və ya çəhrayıdır. Qabığı kiçik tikanlarla örtülüdür və bıçaqla asanlıqla soyulur. Meyvənin içərisində üç şirin seqment var. Onun dadı bir az turş və şirin, xurmanın və ya armudun tamına bənzəyir.
Bu meyvədən Tailand, İndoneziya və Malayziyada istifadə etmək olar. Onun mövsümü də ilboyu davam edir.
Bail
Bu meyvənin digər adı taxta alma, daş alma və ya benqal heyvasıdır. İlk olaraq sarı və çəhrayı rəngdə olan meyvə yetişdiyində boz-yaşıl rəngə çalır. Onun qabığı qoz qabığı kimi bərkdir və çəkic olmadan sındırmaq mümkün deyil. Ona görə də bazarlarda bu meyvənin ləpəsi daha çox satılır. Bailin ləpəsi sarı və seqmentlərlə bölünmüş şəkildədir. Onun təzə və yaxud qurudulmuş halda yeyirlər. Bu meyvədən çay dəmləyir və şərbət də hazırlayırlar. Bail boğazı qıcıqlandırır və qaşınma da əmələ gətirir. Bu səbəbdən onu ilk dəfə yedikdə sizə xoş gəlməyə bilər.
Bu meyvənin dadına Hindistan, Şri-Lanka, Banqladeş, Pakistan, İndoneziya, Malayziya, Filippin və Tailandda baxmaq olar. Onun mövsümü isə noyabr-dekabr aylarıdır.
Kivano
Kivanonu buynuzlu qovun, Afrika xiyarı və buynuzlu xiyar da adlandırırlar. Yetişdiyində bu meyvənin qabığı sarı tikanlarla örtülür, içərisi isə tünd yaşıl rəngə boyanır. Onun yetişmiş barını təmizləmirlər və doğrayaraq qovun və qarpız kimi süfrəyə qoyurlar. Kivanonun tamı isə banan, qovun, xiyar, kivi, və avakadonun dadlarının qarışığıdır. Başqa sözlə, onu həm şirin, həm də acı yeməklərə əlavə etmək, həmçinin turşusunu qoymaq olar. Kivanonun kal meyvələrini də yemək mümkündür.
Onun dadına Afrika, Avstraliya, Yeni Zelandiya, Çili, Qvatemala, Kosta-Rika, İsrail və ABŞ-ın Kaliforniya ştatında baxmaq olar. Meyvənin mövsümü isə ilboyu davam edir.