Dövlət Bayrağı Muzeyinin yaradılmasının 5 illiyi qeyd olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Dövlət Bayrağı Muzeyində 5 illik yubileylə bağlı keçirilən tədbirdə muzeyin direktoru Rəmzi Hüseynov bildirib ki, Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” sərəncamı ilə yaradılıb. Dövlət Bayrağı Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Eyni zamanda tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanları muzeyin ekspozisiyasında sərgilənir.
Vurğulanıb ki, muzey muxtar respublikaya gələn qonaqların ən çox üz tutduğu ünvanlardan biridir.
Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İcra Katibliyinin əməkdaşı Elvin Əliyev və Cəmşid Naxçıvanskinin Ev Muzeyinin direktoru Abasət Nuriyev müxtəlif mövzularda çıxış ediblər.
Sonda muzeyin ekspozisiyasına baxış olub.
Mədinə Rəhimli