Naxçıvan Dövlət Filarmoniyasına qədim musiqi alətləri hədiyyə edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilmiş qədim musiqi alətlərinin təqdimatı olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə musiqi kollektivlərinə, folklor ansambllarına hədiyyə edilmiş geyim dəstlərinin, musiqi alətlərinin və musiqi texnikasının təqdimat mərasimlərinin keçirilməsi ənənəyə çevrilib. Naxçıvan Dövlət Filarmoniyasına son illər ərzində xarici ölkə istehsalı olan müxtəlif Avropa və milli musiqi alətləri verilib, musiqi kollektivləri və solistləri geyim dəstləri ilə təmin edilib. Bu tədbirlərin davamı olaraq bu gün də 18 adda 20 ədəd qədim musiqi aləti kollektivə təqdim olunur. Qədim musiqi alətləri içərisində bərbəd, kamanlı rübab, şirud tənbur, çoğur, bəm rübab, çəng, qabaq kaman, musiqar, ağız qopuzu, ovuc neyi kimi alətlər filarmoniyada ilk dəfə istifadə ediləcək. Natəvan Qədimova muxtar respublikada milli musiqi sənətimizin, ümumilikdə, milli dəyərlərimizin yaşadılması və təbliğinə göstərdiyi yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bütün mədəniyyət işçiləri adından minnətdarlığını bildirib.
Naxçıvan Dövlət Filarmoniyasının direktoru Səməd Əsgərov və Naxçıvan Musiqi Kollecinin müəllimi İxtiyar Seyidov çıxış etdikdən sonra qədim musiqi alətləri Naxçıvan Dövlət Filarmoniyasına təqdim olunub.
Turab Hacızadə