Su dəyirmanları tarixən xalq arasında xeyir-bərəkət rəmzi kimi dəyərləndirilib. Ulularımız inanıblar ki, üyüdüləcək məhsulda halallıq yoxdursa, o zaman dəyirmanın da bərəkəti qaçacaq, çörək qıta çıxacaq. Dəyirmanın suyunu kəsən, onu çirkləndirən də el arasında tənə sahibi olub. Su dəyirmanlarının ilk dəfə harada, necə və nə vaxt yaranması haqqında konkret bir fikir yoxdur.
LakinNaxçıvanda taxılın su dəyirmanlarında üyüdülməsi ilə bağlı maraqlı adət-ənənələr olub. Qədimdə biçin mövsümü bitdikdən sonra dəyirmanda növbə tutulurdu. Hər bir ailə taxılını üyüdüb, unluğunu doldurub qış tədarükünü görürdü. El ağsaqqallarının söhbətlərindən belə məlum olur ki, dəyirmanlar ya ayrı-ayrı şəxslərə, ya da bir nəslə mənsub olub.
Araşdırmalar zamanı məlum olur ki, su dəyirmanları, adətən, ora gələn suyun səviyyəsindən aşağıda tikilirdi. Dəyirmanın tikilməsinin ilkin şərti məhz dəyirman yerinin müəyyən edilməsi idi. Dəyirmanda dənin üyüdülməsinin sürəti suyun gurluğundan və daşların diametrindən asılıdır. Yadıma gəlir ki bizim kənddə - Şahbuz rayonun Qızıl Qışlaq kəndindəki dəyirman da çay kənarında hündür bir yerdə tikilmişdi. Dəyirmanın qəribə bir qoxusu vardı. Köhnə binanın novuna gələn suyun güclü səsinə durub qulaq asar, hətta vahimələnərdik. Çünki nənəmizin bizə danışdığı nağıllardakı köhnə dəyirmanda qorxulu hadisələr baş verirdi. Bəzən də dəyirmana girib böyük daşın işləməsinə maraqla baxardıq. Dəyirmançı həmişə dəyirmanda olur, onun işləməsinə, növbənin gözlənilməsinə diqqət edir, üyüdülmək üçün gətirilmiş taxılın təmiz və quru olmasına nəzarət edirdi. Daşın ətrafına yığılan ard ununu heç kəs aparmazdı. O bir qayda olaraq dəyirmançıya qalardı.
Sonralar belə dəyirmanları elektriklə işləyən dəyirmanlar əvəz etdi. Bu da su dəyirmanlarının arxa plana keçməsinə çıxmasına səbəb oldu. Amma sevindirici haldır ki, 2011-ci ildə Culfa rayonunun Kırna kəndindəki su dəyirmanının yenidən qurularaq istifadəyə verilməsi ilə tariximizin unudulmuş bərəkət ocaqlarının yenidən qurulmasının əsası qoyuldu. Sonra Camaldın kəndində daha bir qədim su dəyirmanı istifadəyə verildi. Babək rayonunun Payız kəndindəki su dəyirmanının da bu sıraya qoşulması tarixi miraslarımıza göstərilən qayğının davam etdiriləcəyini bir daha təsdiq etdi. Digər tərəfdən su dəyirmanlarının bərpa olunub fəaliyyət göstərməsi insanların sağlam həyat tərzinə hesablanıb. Yəni bu məlumdur ki, heç bir dəyirmanda üyüdülən un su dəyirmanlarında daşların “qoynundan çıxan”, suyun “nəfəsini alan” unun dadını verə bilməz. Başqa tərəfdən, su dəyirmanlarında istehsal olunan un dietik xüsusiyyətlərə malikdir. Burada istehsal olunan undan bişirilən çörək həm də müəyyən xəstəliklərdən əziyyət çəkən sakinlərin ehtiyaclarını ödəyir.
Payız kəndindəki dəyirman hələ ötən əsrin 20-ci illərindən Kalba kişi tərəfindən tikilib və camaatın istifadəsinə verilib. Bu gün də Kalba kişinin nəvəsi Alim Babayev bu dəyirmanı işlədir. Nəsildə-nəslə ötürülən dəyirmanın fəaliyyəti ötən əsrin ortalarında dayanıb. Bu gün dövlətimiz tərəfindən yenidən qurulan dəyirman yenə də öz funksiyasını yerinə yetirir.
Dəyirmançı deyir ki, buğda biçilib zəmidən götürülən kimi dəyirman işə düşür. Ətraf kəndlərdən belə bu dəyirmana böyük maraq var. Çünki bu dəyirmanın ununun çörəyi daha dadlıdır, daha keyfiyyətlidir. Alim Babayev bildirir ki, dəyirmançı olmaq onun uşaqlıq arzusu olub. Onun bu arzusunu dövlətimiz gerçəkləşdirirb. Deyir ki, dəyirmançı peşəsi adi peşə deyil, gərək bunun sirlərinə bələd olasan.
Kəndin sakinləri dəyirmanın yenidən istifadəyə verilməsini nəinki kənd sakinlərinə, ətraf kəndlərin insanlarına verilən dəyər, tarixi mirasımıza göstərilən qayğı kimi dəyərləndirdilər. Çünki su dəyirmanları ulu babalarımızın təfəkküründən süzülüb gələn və gələcək nəsillərə ötürməyə borclu olduğumuz dəyərli yadigardır.
Hafizə Əliyeva