Həmişə yaşar Yaşar Nuri - FOTOLAR

Bu gün Xalq Artisti tanınmış aktyor Yaşar Nurinin doğum günüdür

A- A A+

İncəsənətin ayrı-ayrı sahələri ilə məşğul olan insanlar öz millətinin, xalqının milli-mənəvi sərvətini inkişaf etdirməklə yanaşı, eyni zamanda onu dünyaya tanıdırlar. Vaxtilə böyük ingilis ədibi Vilyam Şekspir bildirirdi ki, həyat bir səhnədir, bizlərsə aktyoruq, hərə öz rolunu bir şəkildə səhnədə canlandırır. Vilyam Şekspirin bu bənzətməsi ilə razılaşsaq, onu da qeyd etmək lazım gəlir ki, bəziləri bu “həyat səhnəsi”ni vaxtından əvvəl tərk edir. Elə insanlar da var ki, həyatda elə aktyor olaraq rol oynayır. Belə görkəmli insanlardan biri də sevimli sənətkarımız, görkəmli aktyor, hər bir azərbaycanlının sevimlisi Yaşar Nuridir...

NUHÇIXAN xəbər verir ki, bu gün böyük sənətkarımızın anadan olmasından 68 il ötür.

Özünəməxsus milli koloriti ilə seçilən, lirik, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, hamımızın sevimlisi Yaşar Nuri aktyor ailəsində dünyaya göz açıb. Aktyorun atası Məmmədsadıq Nuriyev Azərbaycan kino və teatr tarixində çoxsaylı rolların mahir ifaçısı olub. Hər birimizin sevə-sevə izlədiyi “Yeddi oğul istərəm”, “Ulduz”, “Uşaqlığın son gecəsi”, “Sehirli xalat” və s. filmlərdə rol alan Məmmədsadıq Nuriyevin aktyorluq istedadı, sözsüz ki, övladı Yaşar Nuriyə sirayət edib və hər iki sənətkar kino və teatr tarixində unudulmaz rolların mahir ifaçısına çevrilib.

Yaşar Nuri hələ kiçik yaşlarında ikən səhnədə rol alıb. İlk dəfə on bir yaşı olarkən “Toy kimindir?” tamaşasında Tapdıq rolu ilə səhnədə rol alan unudulmaz aktyorumuz Yaşar Nuri televiziyada “Yelkən” verilişinin aparıcısı olub, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişlərində iştirak edib. Onun yaradıcılıq arealı bununla məhdudlaşmır. Dəyərli sənətkarımız müxtəlif dram dərnəklərində iştirak edib, görkəmli kino və teatr xadimlərimizdən dərs alıb.

Aktyor teatr səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olub. Sevilən sənətkarımızın Azərbaycan teatr səhnəsində “Övlad” komediyasında Silva, “Bağlardan gələn səs” dramında Pərviz, “Ölülər” əsərində Məşədi Oruc, “Od gəlini” dramında Altunbay, “Büllur sarayda” pyesində Bayandur, “Bizim qəribə taleyimiz” pyesində Davud, “Bəşərin komediyası və yaxud Don Juan” əsərində Sqanarel, “Dəli yığıncağı” faciəsində Sərsəm Salman, “Fəryad” əsərində Rəhman, “Mesenat” əsərində Ağamusa Nağıyev, “Sevil” əsərində Əbdüləli bəy, “Qanlı Nigar” pyesində Abdi, “Gülüstanda qətl” pyesində Şahməmməd İsmiyeviç, “Afət” əsərində Xandəmir və s. rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb.

Yaşar Nuri eyni zamanda hamı tərəfindən sevilərək izlənilən televiziya tamaşalarında da yadda qalan obrazların görkəmli ifaçısıdır. Çoxlarımız Yaşar Nurinin baş rol ifaçısı olduğu tamaşaları sevə-sevə izləyirik. Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Qonşu qonşu olsa”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Yarımştat”, “Ac həriflər”, “Göz həkimi”, “Yaşıl eynəkli adam”, “Səni axtarıram” trilogiyasında və bir çox teletamaşalarda bənzərsiz rolların mahir ifaçısına çevrilib. Bir çoxunun yaddaşında Yaşar Nuri “tamada Surxayzadə”, “Gülərin Həsənağası”, “Gülnarın Elçini”, “çəkməçi Dadaşov”, “ac həriflərin Həsən dayısı”, “fotoqraf Əli bəy” və digər obrazlarda qalıb. Bu da aktyorun istənilən obrazı yaddaqalan və unudulmaz canlandırmasından irəli gəlir.

Böyük sənətkarın aktyorluq fəaliyyəti bununla məhdudlaşmır. Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sevimli sənətkarımız “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu”, “Hər şey yaxşılığa doğru”, “Lətifə”, “Qətl günü”, “Fransız”, “Yoxlama” və s. filmlərdə rol alıb.

O, həm kino, həm də teatr sahəsində xidmət göstərməklə yanaşı, teatrda “Subaylarınızdan görəsiniz” tamaşasına quruluş verib, kinoda isə “Spasibo” filmini çəkib.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci ildə noyabrın 22-də dünyasını dəyişib.

Yaşar Nuri yaddaqalan obrazları ilə həmişə xalqımızın ürəyində yaşayacaq. Təkrarsız və bənzərsiz istedada malik bu sənətkar özünəməxsus lirik koloritlə tamaşaçıların rəğbətini qazanıb və istənilən azərbaycanlının sevilmli aktyoruna çevrilib. Özünəməxsus səhnə mədəniyyəti və davranışı, improvizə qabiliyyəti, yaradıcılıq istedadı, obrazlara məxsusi yanaşma tərzi onu bir çox aktyor yoldaşlarından, həmkarlarından fərqləndirirdi. Onun film və tamaşalarda səsləndirdiyi bəzi fikirlər az qala hər birimizin dilində gündəlik işlədilən və tez-tez rast gəldiyimiz ifadəyə çevrilib. Yaşar Nurinin səsləndirdiyi “Sənə əjdaha lazımdır?”, “Hə, nolsun”, “Ay moment” və s. ifadələr bugünkü gündə tez-tez dilimizdə işlədilir və hər dəfə “Yaşar Nuri demişkən” söylənilib bu böyük sənətkarımız yad edilir. Bütün bunlar böyük aktyorumuza olan rəğbətdən irəli gəlir.

Belə bir məşhur fikir var: “Dünya bir pəncərədir, hər gələn baxar gedər...” Həqiqətən də, belədir, lakin kimlərsə bu pəncərədən çox baxır, kimlərinsə ömür payına “pəncərədən” az müddət baxmaq nəsib olur... Yaşar Nuri də bu “həyat pəncərəsindən” az müddət baxa bildi. Ancaq bu gün böyük sənətkarımızın əziz xatirəsi yaratdığı obrazlarla yad edilir və hər zaman ürəklərdə yaşayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: