Qədim el sənətimiz - xalçaçılıq - FOTOLAR

A- A A+

Xalqımız zəngin və çoxşaxəli mədəniyyətə, milli dəyərlər sisteminə malik bir xalqdır. Bir neçə sözdən qurulmuş və bir neçə saniyəyə tələffüz olunan bu cümlə minillərin zəhmətinin, əziyyətinin, göz nurunun dolğunlaşmış məhsuludur. Xalqın yaşayış tərzindən, mənəvi və mədəni ehtiyacından, damarlarında axan coşqun qanından, dünyanı və özünü dərketməsindən və başqa milli xüsusiyyətlərindən ərsəyə gəlmiş mədəniyyətimiz daim inkişaf edib, dünya mədəniyyətinə misilsiz töhfələr verib.

Xalqımızın yaratdığı, orada öz məişətini, düşüncələrini, adət-ənənə­lərini, mənəvi və maddi dünya haqqındakı təsəvvürlərini əks etdirdiyi xalçalar milli mədəniyyətimizin ən dəyərli qollarından biridir. El sənəti olan xalçaçılıq çox qədim zamanlardan yaranıb. Naxçıvan şəhərinin yaxınlığında yerləşən Kültəpə qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı tapılan Neolit və Eneolit dövrlərinə aid cəhrə, Tunc dövrünə aid sadə toxuculuq dəzgahı bu sənətin qədimliyindən xəbər verir.

Tarixi mənbələrdən də göründüyü kimi, Naxçıvanın Şərur, Şahbuz və Ordubad rayonları kimi Culfa rayonunda da bu sənətlə məşğul olan qadınlarımız çox olub. Boyəhməd, Teyvaz, Xanəgah, Qazançı, Yaycı və başqa kəndlərdə hanalar qurulub, xalçalar toxunub, evlərin yaraşığı, qız-gəlinlərin cehizlikləri olub. Rayonumuzun kəndlərində toxunan xalçalarda insanların məişəti, adətləri, həyat ağacı, heyvanlar və təbiət təsvirləri öz canlı əksini tapıb. Xüsusən də yaradılış və dəvə karvanları ilə ifadə olunan əbədi həyat və həyat ağacı məfhumları o dövrdəki mifoloji dünyagörüşün nə qədər inkişaf etdiyini göstərir.

Hər ilməsində ayrı bir sənət gizlənən xalçaçılıq sənətinin yaşadılması, onun xüsusiyyətlərinin gənclərə aşılanması məqsədilə Qazançı kənd mədəniyyət evində “Xalçaçılıq” dərnəyi açılıb. Hal-hazırda orada mədəniyyət evinin işçiləri tərəfindən xalça toxunur. Qazançı kənd Mədəniyyət Evində yaradılan dərnək gələcəkdə rayonun digər kəndlərindəki klub və mədəniyyət evlərində yaradılacaq dərnəklər üçün stimul rolunu oynayır. Xüsusən də Yaycı, Boyəhməd və Teyvaz kənd­lərində bu dərnəklərin açılması nəzərdə tutulub.

Qızıl əllərin zəhmətilə sehrlənib dilə gələn ilmələr tariximiz və mədəniyyətimiz haqqında sehrli nağıllar deyir. Elə buna görə də  xalça sənəti bizim milli sərvətimizdir.  “Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür”- deyən ulu öndər Heydər Əliyev keçən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda milli dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirib. Bu siyasi xətti uğurla davam etdirən ölkə rəhbərliyi tərəfindən görülən işlərin məntiqi nəticəsi kimi Azərbaycan xalçaları UNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Azərbaycan Respublikasının Prezidenti cənab       İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrast­ruk­turunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı və Naxçıvan xalçaçılıq məktəbinin daha dərindən öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu el sənətinə göstərilən qayğının bariz nümunəsidir.

 

                                                     Nuriyə MUSAYEVA,

                                         Qazançı kənd Mədəniyyət Evinin direktoru

                                                                            “Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: