Cənubi Qafqazın ən qədim Eneolit abidəsi - FOTOLAR
Tariximizin öyrənilməsində, indiyə qədər açılmayan, qaranlıq məqamlara aydınlıq gətirilməsində tarixi abidələrin tədqiqi mühüm əhəmiyyət kəsb edir. Son illər muxtar respublikada yeni aşkar olunan və tədqiqata cəlb olunan belə abidələrdən biri də “Naxçıvantəpə” yaşayış yeridir. Artıq 2017-ci ildən ardıcıl olaraq həmin yaşayış yerində arxeoloqlar tərəfindən qazıntı işləri aparılır, keçmişimizə güzgü tutulur. 2019-cu ildə də yaşayış yerində yeni tədqiqat işləri aparılıb. Məlumat üçün deyək ki, tədqiqatların nəticəsini özündə əks etdirən yeni monoqrafiyanın da çap olunması gözlənilir.
Naxçıvançayın sol sahilində, yeni salınan körpünün yaxınlığında yerləşən abidə 2016-cı ildə tərəfimizdən aşkarlanıb. Təsərrüfat işləri görülən zaman abidə dağıdılmış, maddi-mədəniyyət qalıqları səthə çıxmışdır. 2017-ci ilin iyul ayının 10-dan AMEA-nın müxbir üzvü, AMEA Naxçıvan Bölməsi Arxeologiya şöbəsinin müdiri Vəli Baxşəliyevin rəhbərliyi ilə abidədə arxeoloji qazıntılara başlanıb. Yaşayış yerində uzunluğu 3, eni 1,5 metr ölçüdə iki şurf qoyulub, eni və uzunluğu on metr olan iki sahədə qazıntı işlərinə başlanılıb. Həmin il aparılan araşdırmalar nəticəsində məlum olub ki, Naxçıvantəpə yaşayış yeri Cənubi Qafqazın ən qədim Eneolit abidəsidir. Bu yaşayış yerində aparılan arxeoloji qazıntı işləri Eneolit dövrünün ardıcıl mərhələlərini dövrləşdirməyə imkan verir. Araşdırmalar qədim Naxçıvantəpə sakinlərinin əkinçilik və maldarlıqla məşğul olduğunu, köçmə maldarlığın mənimsənildiyini təsdiq edir. Naxçıvantəpədən aşkar olunan arxeoloji materiallar Eneolit mədəniyyətinin xüsusiyyətlərini, insanların həyat tərzini izləməyə imkan verir.
Yaşayış yerinin müxtəlif təbəqələrindən mis filizinin minerallarının tapılması qədim Naxçıvantəpə sakinlərinin ətraf aləmlə, o cümlədən, misin mineralları ilə tanış olduğunu göstərir. I Kültəpə, Uçan Ağıl, Zirincli (Sirab kəndi), Ovçular təpəsi kimi yaşayış yerlərindən mis filizinin və minerallarının tapılması Naxçıvanın Cənubi Qafqazda ən qədim metallurgiya mərkəzlərindən biri olduğunu deməyə imkan verir. Aparılan araşdırmalar göstərir ki, Naxçıvanda yerləşən mis mədənləri və mis-arsen ərintisindən hazırlanmış əmək alətləri Neolit və Eneolit dövründən başlayaraq istifadə olunub. Naxçıvanın Neolit və Eneolit yaşayış yerlərində əldə edilən metal məmulatı və əmək alətləri yerli metallurgiyanın mövcud olduğunu təsdiq edən əsas faktlardan biridir.
Qeyd edək ki, indiyədək Cənubi Qafqazda məlum olmayan Erkən Eneolit mədəniyyəti məhz Kültəpə ətrafında yerləşən Naxçıvantəpə, Uzunoba və Uçan Ağıl yaşayış yerlərinin tədqiqi nəticəsində geniş tədqiq olunub. 2017-ci ildə aparılan tədqiqatların nəticəsi olaraq “Naxçıvantəpə yaşayış yerində arxeoloji tədqiqatlar” kitabı çapdan çıxıb.
Abidədə 2018-ci ildə də arxeoloji tədqiqatlar davam etdirilib. Qazıntılar nəticəsində müəyyən olunub ki, Dalmatəpə mədəniyyətinin yayılma arealı Naxçıvanı da əhatə edib, daha doğrusu, Naxçıvan bu mədəniyyətin formalaşdığı areala daxil olub. Dalmatəpə keramikasının kimyəvi analizi onun yerli istehsalın məhsulu olduğunu göstərir. 2018-ci il tədqiqatları nəticəsində Naxçıvantəpə yaşayış yerində Eneolit dövrünün erkən mərhələsinə, e.ə. V minilliyin əvvəllərinə aid tikinti qalıqları, əmək alətləri, keramika nümunələri və başlıca olaraq, Göycə və Zəngəzurdan gətirilən obsidian aşkarlanıb. Müəyyən olunub ki, həmin obsidian növləri ticarətin və iqtisadi-mədəni əlaqələrin inkişafını stimullaşdırıb, gələcəkdə şəhər mədəniyyətinin formalaşması üçün baza yaradıb. Karbon nümunələrinin analizi isə göstərir ki, Naxçıvantəpə Dalmatəpə mədəniyyətinin ən qədim abidələrindən biridir. Məlumat üçün deyək ki, aparılan arxeoloji tədqiqatların nəticəsini özündə əks etdirən “Naxçıvantəpədə 2018-ci ilin arxeoloji tədqiqatları” adlı yeni monoqrafiya da çapdan çıxıb.
Son olaraq 2019-cu il iyulun 1-dən avqust ayının 5-nə kimi Naxçıvantəpə abidəsində növbəti dəfə arxeoloji qazıntılar aparılıb. İşlər qabaqkı illərdə qazıntısına başlanmış, eni və uzunluğu 10 metr olan üç sahədə davam etdirilib. Şimal tərəfdə yerləşən birinci sahədən möhrədən hörülmüş 0.7 metr enində binanın divarları aşkarlanıb. Həmin sahədə 1.5 metrdən sonra mədəni təbəqə qurtarıb və ana süxura rast gəlinib.
Orta sahədə birinci təbəqənin üzərində bina divarları qoyulub. Altdakı təbəqədə dairəvi və yarımdairəvi qazma evlər aşkarlanıb. Otaqların içərisində ocaq yerləri vardır. Bir otağın içərisində dörd ocaq yeri aşkarlanıb. Ocaqlardan birinin kənarı bad kimi bişirilib. Ocaqlardan biri dördkünc, digərləri isə dairəvidir.
Üçüncü sahədə isə təbəqə daha qalındır və sona çatmayıb. Divarları maili formada qazılmış binaların da içərisində ocaqlar aşkarlanıb. Builki qazıntı zamanı dən daşları, obsidian nümunələri və sümük alətlər, eləcə də keramika nümunələri aşkarlanaraq götürülüb. Müəyyən olunub ki, keramikanın bəzilərini, o cümlədən, aşkar olunan bir ədəd çölmək əvvəlki formasında bərpa oluna bilər. Keramikalar Erkən və Orta Eneolit dövrünə aid hesab edilir.
Zaleh Novruzov
“Şərqin səhəri” qəzeti