Uçuşdan əvvəl nələri etmək məsləhət deyil

A- A A+

Hər kəs bilir ki, təyyarə ilə səyahət zamanı insan orqanizmi güclü stressə məruz qalır. Yüksəklik, təzyiqin kəskin artması, havanın seyrəkliyi, təyyarə havaya qalxarkən və yerə enərkən gərginliyin artması – bütün bu amillər hətta təyyarədən uçmaqdan əsla qorxmayan insanların da çoxdan gözlədiyi səfərin təəssüratlarını korlaya bilər.

Üstəlik, insanı əsəbiləşdirən çoxlu məqamlar da var: bütün sənədləri götürmək, aeroporta vaxtında gəlmək, gömrük və pasport nəzarətindən problemsiz keçmək, şəxsi əşyaların heç birini unutmamaq...hətta özünü təcrübəli səyahətçilər hesab edən sərnişinlər də bunları fikirləşəndə başları ağrayır.

Uçuşu necə asanlaşdırmalı və səfərdən necə zövq almalı?

NUHÇIXAN “Yandeks Dzen” saytına istinadla geniş yayılmış və istirahətinizi korlayan biləcək səhvləri xatırladır.

Beləliklə, təyyarə ilə uçmazdan əvvəl bunları etmək lazım deyil:

1.Bütün mühüm sənədləri və pulları bir kiçik çantada gizlətmək.

Əlbəttə, pasport nəzarəti üçün lazım olan bütün yol sənədlərini, təyyarəyə minmə talonlarını, uşaqlar üçün etibarnamələri, xarici pasportları və doğum haqqında şəhadətnamələri əl altında saxlamaq rahatdır. Amma təsəvvür edin ki, siz həmin balaca çantanı itirsəniz nələr baş verə bilər. Axı mübaliğəsiz demək olar ki, sizin bütün həyatınız həmin çantada toplanıb. Əgər siz böyük ailə şəkilində, çoxlu baqaj və əl yükü ilə səyahətə çıxırsınızsa, həmin balaca çantanı haradasa unutmaq riski qat-qat artır. Belə risk etməyin, bundansa pasportunuzu döş cibinizə, pullarınızı isə bir neçə yerə qoyun. Beləliklə, siz səyahət üçün topladığınız kapitalınızı oğurlanmaqdan qoruya bilərsiniz.

2.Aeroporta getməyin daha tez və daha ucuz başa gələn yolunu aydınlaşdırmamaq.

Ola bilsin ki, siz taksiyə və ya ictimai nəqliyyata güvənir, ümid edirsiniz ki, lazımi vaxtda aeroportda olacaqsınız. Bəs sizin reysiniz gecə vaxtı uçursa və həmin vaxtda avtobuslar işləmirsə, onda necə? Birdən siz taksi çağıra bilmədiniz, çünki oteldə interneti söndürüblər, siz isə rouminqə qoşulmamısınız? Təsadüfə çox bel bağlamayın, şəhərdən aeroporta getməyin mümkün yollarını qabaqcadan aydınlaşdırın.

3.Aeroporta gəlmək vaxtının düzgün hesablanmaması.

Aeroporta gəlmək vaxtının ən geniş yayılmış variantı uçuşa 2 saat qalmışdır. Lakin sərnişinlərin çoxu, xüsusən tez-tez uçanlar hesab edirlər ki, bu vaxt olduqca çoxdur. Bu, sizin səyahətə çıxarkən yalnız əl yükü götürməyiniz və reysə onlayn rejimdə qeydiyyatdan keçməyiniz halına daha çox aiddir. Bununla bərabər, uçuşa qədər vaxtın daha qısa olması onunla nəticələnə bilər ki, siz sadəcə reysə gecikərsiniz. Aeroportların çoxunda bu qayda ilk növbədə Avropa və ABŞ-ın böyük hava hablarına aiddir. Orada qeydiyyatdan və pasport nəzarətindən keçmək üçün növbələr çox böyük ola bilər. Nahaq yerə risk etməyin. Əgər artıq vaxtınız varsa, həmin vaxtı aeroportun kafesində bir fincan qəhvə içməyə sərf edin.

4.Reysə onlayn qeydiyyata etinasızlıq

Demək olar ki, bütün aviaşirkətlər öz sərnişinlərinə onlayn qeydiyyat xidməti təqdim edir. Üstəlik, loukosterlərin çoxu bu proseduru internet vasitəsilə müstəqil keçmək istəməyən sərnişinləri cərimə edirlər. Bu məsələni əvvəlcədən aydınlaşdırın. Hər halda onlayn qeydiyyat daha rahat və daha təhlükəsizdir.

5.Otel xərcinə qənaət etmək və gecəni aeroportda keçirmək

Bundan daha pis ideyanı fikirləşmək də çətindir. Aeroportlar orada gecələmək üçün nəzərdə tutulmur, buna görə də orada rahat kreslo və ya stullar yoxdur. Gözləmə zalında yerləşə biləcəyiniz ən çoxu plastik materialdan hazırlanmış möhkəm stullardır. Özü də yalnız bu şərtlə ki, aeroport boş olsun və sizin bəxtisiniz gətirib heç olmasa 2-3 boş kreslo tapa biləsiniz. Səs-küy və vurnuxma ucbatından orada heç vaxt normal yuxulaya bilməyəcəksiniz. Buna görə də ertəsi gün səhər yorğunluqdan ayaqlarınızı sürükləyəcəksiniz. Həmin günü səyahətinizin təqvimindən poza bilərsiniz.

Lakin hər halda gecəni aeroportda qalmalı olsanız, biznes-salonlara getməyin dəyərini dəqiqləşdirin. Orada nisbətən kiçik haqq ödəmək müqabilində vaxtınızı müəyyən qədər rahat keçirə bilərsiniz.

6.Baqajınızı evdə çəkməyi unutmayın.

Hər bir aviaşirkətdə qeydiyyata alınan baqajın və əl yükünün çəkisi ilə bağlı ciddi məhdudiyyətlər var. Aeroportda xoşagəlməz vəziyyətə düşməmək üçün çamadanınızı evdə çəkmək məsləhətdir. Çox vaxt görürsünüz bir sərnişin bütün camaatın gözü qabağında əsəbi halda baqajını yenidən qablaşdırır. Bəzi əşyaları əl yükü kimi götürmək imkanınız varsa lap yaxşı, əgər belə imkan yoxdursa onda xeyli əlavə məbləğ ödəməli ya da sözün hərfi mənasında əyninizə üç şalvar və iki gödəkcə geyməli olacaqsınız.

7.Baqajı qoruyucu plyonkaya qablaşdırmaq.

Baqajı qoruyucu plyonkaya qablaşdıranda, sonra isə mühüm bir əşyanın çamadanda qaldığını xatırlayanda daha bir gülməli vəziyyət yaranır (bu söz çamadan sahiblərinin özlərinə aid deyil). Başqa çıxış yolu yoxdur – plyonkanı kəsib açmaq, onun üçün ödədiyiniz pul isə aradan gedəcək. Halbuki bu xidmətin dəyəri orta hesabla 6-7 avrodur. Əlbəttə, pula heyfiniz gələcək, çamadan isə əvvəlki kimi qorunmamış qalacaq. Əgər baqajınızı qanunsuz müdaxilədən qorumaq istəyirsinizsə, asma qıfıl və ya kodla bağlanan çamadan alın. Açılıb yığılan çexollar da pis variant deyil. Onlar çirkləndikdə yumaq olur.

8.Gömrük və pasport nəzarəti üçün ən uzun növbədə gözləmək

Adətən gömrük və pasport nəzarəti üçün ən uzun növbələr ilk iki yoxlama məntəqəsində yaranır. Lazımsız ajiotaj yaratmayın, sadəcə bir qədər aralıda dəhlizdə gəzişin. Çox güman ki, orada adamlar xeyli az olacaq və siz daha az vaxt sərf edəcəksiniz.

9.Əl yükündə maye

Əl yükündə maye aparılması qaydalarını unutmayın. Çox vaxt gömrük nəzarətindən keçmək üçün növbədə dayananların hamısı qəzəblərini gizlətmədən gözləyir ki, hansısa unutqan sərnişin öz çamadanından yarım litr əl kremi və ya üz qırxmaq üçün köpük çıxartsın. Belə vəziyyətə düşməmək üçün hər birinin həcmi 100 millilitrdən çox olmayan bütün mayeləri bir şəffaf paketə yığın və yoxlama zamanı onları ayrıca bir qutuya qoyun.

10.Səfərinizi Duty Free mağazasında qeyd etmək sevinci

İlk baxışda sizə elə gəlir ki, bütün kədərli və mürəkkəb anlar artıq geridə qalıb və irəlidə sizi yalnız çoxdan gözlədiyiniz səyahət gözləyir. Bu sevinci duymağa tələsməyin. Ətriyyat, kosmetika və alkoqol almaq üçün Duty Free mağazasına getməyi bir qədər təxirə salın. Əvvəlcə təyyarəyə minik çıxışını tapın və əmin olun ki, həmin çıxış sizin olduğunuz yerdən çox uzaqda deyil. Yalnız bundan sonra mağazaya gedin, lakin bu halda da tablodakı elanları izləyin. Bəzən lap son anda təyyarəyə minmək çıxışını dəyişirlər, bu halda sizin oraya qaça-qaça çatıb-çatmayacağınız artıq sizin probleminizdir.

11.Uçuşdan əvvəl adət etmədiyiniz yeməklərlə qidalanmayın

Ekzotik ölkələr qeyri-adi zövqlər deməkdir. Əlbəttə, yerli mətbəx nümunələrinin dadına baxmaq istəyəcəksiniz. Lakin geriyə uçuş ərəfəsində sizin orqanizminiz üçün qeyri-adi məhsullara aludə olmayın. Hətta adicə mədə pozğunluğu ciddi narahatlıq üçün əsas verir, bağırsaq infeksiyaları törədiciləri ilə bağlı xəstəliklər barədə isə danışmağa dəyməz!

12.Çətinliyə düşəndə təlaş keçirməyin

Səyahət zamanı hər işin qaydasında olacağına heç kəs əmin ola bilməz. Sizin üçün də sənədlərin itirilməsindən başlamış aeroportda uşağınızı itirməyə qədər müxtəlif xarakterli problemlər yarana bilər. Belə halda, təşvişə düşməyiniz sizə kömək etməyəcək, əksinə, vəziyyət daha da gərginləşəcək. Siz dərhal aeroportun əməkdaşlarından birinə müraciət edin, ya da sizin aviaşirkətin ofisinə yaxınlaşın. Onlar sizi darda qoymazlar!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: