Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasından 30 il ötür - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə teatrın fəaliyyətini əks etdirən foto sərgiyə baxış olub. Sonra tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, 14 sentyabr 1989-cu ildə fəaliyyətə başlayan bu mədəniyyət ocağına Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 2004-cü ildə Məhəmməd Tağı Sidqinin adı verilib.

Qeyd olunub ki, muxtar respublikada uşaqların asudə vaxtının səmərəli təşkilində, onların vətənpərvərlik ruhunda tərbiyəsində Kukla Teatrı mühüm rol oynayır.

Bu günədək Kukla Teatrında 60-a yaxın tamaşa hazırlanıb. Teatrın səhnəsindən təqdim edilən əsərləri  balaca teatrsevərlər maraqla izləyiblər.  

Nazir qeyd edib ki, Kukla Teatrı ötən əsrin 90-cı illərindən etibarən həm ölkənin müxtəlif bölgələrində, həm də xarici ölkələrdə qastrol səfərlərində olub. Kukla Teatrının Türkiyə və İran İslam Respublikalarında  qastrol səfərlərində olması, Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən “Kuklaların fantaziyası” adlı Beynəlxalq Kukla Teatrları festivallarında Naxçıvanı, eləcə də ölkəmizi yüksək səviyyədə təmsil etməsi muxtar respublikanın mədəni əlaqələrinin inkişafına dəyərli töhfə verib.

Qeyd olunub ki, digər mədəniyyət müəssisələri kimi, Naxçıvan Dövlət Kukla Teatrı da dövlətimizin qayğısı ilə əhatə olunub, kollektiv 2004-cü ildən yeni bina ilə təmin edilib.

Natəvan Qədimova Kukla Teatrının yaradılmasının 30 illik yubileyi münasibəti ilə teatrın kollektivini təbrik edib, bundan sonrakı fəaliyyətlərində yaradıcılıq uğurları arzulayıb.

Sonda Aleksey Tolstoyun “Buratino”nun macəraları əsəri əsasında xalq artisti Şirzad Abutalıbov tərəfindən səhnələşdirilən “Buratino” tamaşası nümayiş olunub.

Sadiq Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: