Qədim türk mərasimləri ilə bağlı olan yallılarımız

A- A A+

Yallılar ətrafdakı insanlara gözəl əhval-ruhiyyə aşılayan böyük dəyər daşıyıcılarıdır. Ümumiyyətlə, rəqslər qədimdən müxtəlif məqsədlərlə ifa edilib. Bəzi rəqslərin isə müxtəlif ayin və rituallara məxsus elementlər daşıdığının şahidi oluruq. Alovu qorumaq, yeli çağırmaq və küləyi yatırtmaq məqsədilə oynanılan və inanclarla zəngin olan bəzi yallı növləri bu baxımdan diqqəti çəkməkdədir. Bunlardan bir neçəsinin ifasına diqqət edək: Meydanda çuxur qazılır, üstü örtülür. Çuxurun sağından və solundan, yerin altından bəzi yerlər müəyyən olunur, lağımlar atılır. Çuxurda beş ocaq qalanır. Sağda və solda hər birində 10 nəfər olmaq şərti ilə yallı gedilir. Yallı qrupunun üzvləri əllərində taxtadan düzəldilmiş yelpiklə lağımların yanından keçərkən qalanmış ocaqdan qalxan alovu yelləyirlər – bir dəfə sağdan, bir dəfə soldan. Sağ tərəfdəkilər atəşi yelpiklə yellərkən soldakılar pantomim hərəkətlərlə rəqiblərinə işarə edərək oxuyurlar:

Odu at, odu tut,
Odu tut, odu at.

Sol tərəfdəkilər alovu yelpiklə yelləyərkən sağ tərəfdəkilər yallı gedərək oxuyurlar:

Odu sal, odu al,
Odu al, atəşi sal.

Yağışlı, soyuq, fırtınalı havalarda belə qruplar tez-tez yer dəyişdirir, atəşi alovlandırır, atəşin sönməsinə izin vermir və onu qoruyurlar. Ocağın çevrəsində rəqslər uzun müddət fasiləsiz davam edir. Göründüyü kimi, burada rəqs özəllikləri ilə yanaşı, oyun ünsürləri də özünə yer alıb. Oyun ünsürlərinin vəhdətindən yaranan bu yallıda yerə, göyə, oda, suya, küləyə, günəşə xitabən çağırışlar qədim türk mədəniyyəti ilə bağlı olan yallının daha erkən dönəmlərə söykəndiyini təsdiqləyir.

Naxçıvan ərazisində yayılmış yallılar müxtəlif adlarla bilinir və onların hər birinin adı hər hansı olmuş hadisə, rəvayət və əfsanələrlə əlaqəlidir. Məsələn, “Üçpəncə”, “Turacı” və sair kimi yallıların adları bəzi əfsanə və rəvayətlərdən götürülüb. “Üçpəncə” yallısının meydana gəldiyi rəvayətə diqqət edək: Qədim zamanlarda bir kəndli meşədə odun yığarkən bir ayının pəncəsinin üç barmağı üzərində gəzdiyini görür. Ayının pəncəsinin dördüncü barmağı yaralı olduğu üçün ayağını qaldıraraq hərəkət etməyə başlayır. Bu hərəkət rəqsi xatırladır. Kəndli gördüyü hərəkətlərin təsiri ilə “Üçpəncə” yallısını “kəşf edir”. Şərur rayonunun kəndlərində də “Üçpəncə” yallısı geniş yayılıb. Yaşlı nəslin nümayəndələri tərəfindən oynanılan rəqs ağır və sürətli tərzdə icra olunur.

Onu da qeyd etməliyik ki, Naxçıvanda yallılar el şənlikləri ilə yanaşı, müxtəlif mərasimlərdə də ifa edilir. Novruz bayramı zamanı Ordubad rayonunda “Xanbəzəmə” mərasimi təşkil olunur. Bu mərasimdə yallı rəqsinin icrası mütləqdir. Belə ki, burada müxtəlif yallı növləri ifa olunur, onlardan biri də yaşlı nəslin “İlanvarı” adlandırdığı yallı növüdür. “İlanvarı” yallısında bəzi oyun element­ləri görünməkdədir. Oyundakı bu xüsusiyyətlərə diqqət edək: Yeddi-səkkiz gəncdən ibarət iki sıra düzülür. Hər sıradakı insanlar qollarını bir-birinin çiyinlərinə keçirərək yallıya başlayırlar. Hər qrupun başında yallıbaşı durur. O, əlində çubuq saxlayaraq oyun zamanı sırasını pozanları cəzalandırır. Bu çubuğa “vən” deyilir (Vən – qabığı ağ, sərt meşə ağacıdır). Beləcə oyun başlanır. 1-ci yallı qrupu əyilərək 2-ci yallı qrupunun hər hansı bir üzvü ilə digər üzvü­nün arasından keçməyə çalışır. Keçərkən qrup üzvlərinin cibinə əl ataraq pul və ya cibdə olan hər hansı bir əşyanı götürməyə çalışırlar. Sonda “oğurlanan” əşyalar ortaya qoyulur. Kimin daha bahalı əşya götürdüyü müəyyən olunur. Əşyanı götürən əşya sahibindən “Qənimo” yallısının təkbaşına ifasını tələb edir. Bu tələb yerinə yetirildikdən sonra əşya sahibinə qaytarılır, əks halda əşya ərazidə yaşayan kasıb və ehtiyacı olan kimsəyə bağışlanır. Bunlar ətrafda oyunu seyr edən tamaşaçıların gözü qarşısında icra olunur. Onu da qeyd edək ki, bu yallı kişilər tərəfindən ifa edilir. Qadınlar isə oyunu müşahidə edərək nəticənin necə olacağını izləyir, hansı yallı qrupunun qələbə çalacağını öz aralarında müzakirə edirlər.

Digər yallıya diqqət etsək, görərik ki, bu yallı növü də oyun ünsürləri ilə cilalanıb: Yenə 7-8 nəfərlik 2 qrup təşkil olunur. Qruplar bir-birilə pantomim hərəkətlərlə deyişirlər. Birinci qrupun 1-ci oyunçusu cibindən dəsmal çıxarır. Mütləq o biri qrupdan da qarşılıq olaraq dəsmal göstərilməlidir. 2-ci oyunçu, məsələn, cibindən telefon çıxararsa, o biri qrup da telefon çıxararaq qarşılıq verməlidir. Beləcə oyuna müxtəlif əşyalar əlavə olunur. Nəticədə, cibindən qarşılıq əşya çıxarmayan qrup məğlub sayılır. Bu yallıdakı hərəkətlərə, əyilib əl-ələ tutaraq rəqsetmə növünə Türkiyənin Qars vilayətində ifa olunan “Toyuqbarı” adlı yallıda da rast gəlinir. Həm də yallıda bu hərəkətlər, yəni qrup üzvlərinin əyilərək o biri qrup üzvlərinin arasından keçməsi Şumer gil lövhələr üzərinə də həkk edilib. Belə ki, tarixi eradan əvvəl 3000 ilə dayanan həmin lövhə Nineviyada tapılıb. Buradakı halay rəqsinin eyni hərəkətlərinin müasir dövrümüzdə Qars və Qars ətrafında icra edilən “Timur ağa” halay rəqsinin hərəkətləri ilə eyni olduğunu görürük.

Qədim türklərin yallıları haqqında Türkiyənin tarixçi-etnoqrafı Kazım Mirşam və müasir dövrümüzdə fəaliyyət göstərən etnoqraf Haluk Tarcan geniş bilgilər veriblər. Bu gün Azərbaycanın müxtəlif bölgələrində – Lənkəranda, Biləsuvarda Şahsevənlərin ifa etdikləri yallılar hələ də yaşadılır. Ordubad rayonunun Kələki kəndinin adı ilə bağlı 11 Kələki yallısı kimi Savə aşıqları tərəfindən icra edilir. M.H.Vəliyev söyləyir ki, Şahsevənlər oğuzların ayrım tayfalarıdır. Bəzi mənbələrdə Şahsevənlərin Səfəvilər dövründən olduqları söylənilir. Şahbuz rayonunun Qışlaq, Ordubad rayonunun Ağrı kəndlərində bu tayfanın yaşadığı haqqında məlumat var. 1590-cı ilin məlumatına əsasən “İrəvan əyalətinin icmal dəftəri” kitabında bu tayfanın həmin kənd­lərdə yaşadığı göstərilir.

Yallının etimologiyası haqqında elmi ədəbiyyatda müxtəlif mülahizələr vardır. Mirəli Seyidova görə, yallı “al”, “uca”, “qadir”, “qüdrətli” sözlərindən yaranıb. “Qırmızı”, “al-qırmızı”, “al” sözləri Azərbaycan dilində alov, od-alov tərkibini ifadə edir. Alim bu sözün ilkin variantının “yal” olduğu qənaətinə gəlir. “Yallı” sözünün də əsası yal+od, yal+lı alov+lu, od+lu, günəş+li deməkdir. Ehtimal ki, qədim azərbaycanlılar odun, alovun şərəfinə həmin rəqsdən istifadə ediblər.

Belə ehtimal etmək olar ki, məşəl ətrafında dövrə vuran insanların mərasim prosesinə kökləndiyi məqamlarda yallı meydana gəlib. Başqa bir izaha görə, alov ətrafında dövrə vurub əl-qol hərəkətləri edən insanlar qırıq­-qırıq səsləri də tələffüz edirdilər. Həmin səslər get-gedə hecalara, sonradan da sözlərə çevrildi. “Yallı” sözünün də məhz belə meydana gəldiyini güman edirik. Məsələn, yal, yal-la, yol-lu, yel-li. Bu fikirlər professor Füzuli Bayata məxsusdur.

Füzuli Bayata görə, ilk formasının alay və ya allı (buradan da halay və ya yallı) olduğu bilinən bu oyunun ən qədim qayaüstü təsvirinə Qobustanda rast gəlirik. Altayda, Baykal gölündə mərasim oyunlarını əks etdirən təsvirlər də, çox güman ki, halay və ya yallı oyunu ilə bağlıdır. Çünki bu təsvirlərdəki oynayanların düzülüşü, əl-ələ və ya qol-qola oynamaları, yarımdairə şəklində durmaları onu halayla, yallı ilə əlaqələndirməyə əsas verir. Ancaq qeyd olunmalıdır ki, alay həm də türk ordu strukturunda döyüşçü dəstəsinə verilən addır. Kişilərin oynadığı halay da qədim türklərin savaş sənətini, döyüş taktikasını əks etdirir. Burada oyunun şeir, fəlsəfə, mərasimlər, xalq təbabəti və nəhayət, hərb sənəti ilə bağlılığını da xatırlatmaq yerinə düşər. Qeyd edək ki, bir halay adam, çoxlu insan mənasında işlədilir. O halda halayın – yallının fəlsəfəsində türklərin musiqili, rəqsli döyüş məşqini əks etdirən ayin – oyun olduğu qənaətinə gəlmək olar. Belə ki, yalnız kişilərin oynadığı cəngi rəqsi, əsasən, kişilərin oynadığı çovqan, gökbörü, cirit oyunları da, əslində, bir savaş, savaşa hazırolma oyunudur. Qobustandakı qavaldaş da mahnılı rəqsin oynanılması üçün nəzərdə tutulub. Halayın məzmununun dəyişməsinə baxmayaraq, quruluşunda qədimlik qorunub. Belə ki, halayda xorla mahnı oxumaq, rəqs etmək və ritmi əl çalmaqla və yırğalanmaqla tutmaq hələ də qalmaqdadır.

Bir çox növü müxtəlif inanc və etiqadlarla bağlı olan yallılar müasir dövrümüzdə ritmik rəqs sistemini zənginləşdirən oyun elementləri ilə əhatələnərək rəqs ifaçılığında yaşayır. Yuxarıda da qeyd etdiyimiz kimi, bu kütləvi rəqslər bir tərəfdən də qədim türklərin mərasim oyunları olub. Həmin oyunlar müxtəlif dövrlərdə fərqli adlar daşıyıb və daha çox məlum olanı, təbii ki, kökləri eradan əvvəlki dövrlərə qədər gedib çıxan yallılardır.

Qeyd edək ki, qədim köklərə malik milli musiqi tariximizdə özünəməxsus yeri olan yallı sənətinin doğma diyarımızda yaşadılması və təbliği istiqamətində əhəmiyyətli işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamı muxtar diyarımızda yallı sənətinin tədqiqi, təbliği və qorunmasına göstərilən dövlət qayğısının bariz təzahürüdür.
Həmin sərəncamın icrası ilə əlaqədar, eləcə də Milli Musiqi Günü münasibətilə ötən şənbə günü Saat Meydanı turistik istirahət mərkəzində təşkil olunmuş “Yallı” festivalı özünəməxsusluğu ilə fərqləndi.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yüksək təşkilatçılığı ilə keçirilən festival müxtəlif yallı kollektivlərinin maraqlı və rəngarəng çıxışları ilə yadda qaldı. Festival boyu “Tənzərə”, “Xələfi”, “Köçəri”, “Baharı”, “El yallısı”, “Hoynəri”, “Üç ayaq”, “Tirməşal”, “Qənimo”, “Söylə”, “Tello” kimi yallı və digər rəqslərin mükəmməl ifası bundan sonra da bu çox­əsrlik xalq sənətinin qorunub yaşadılacağına, layiqli təbliğinə zəmanət verir.

Aytən CƏFƏROVA
filologiya üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: